Kabildə komendant saatı elan olundu, Əfqanıstanın prezidenti ölkəni tərk etdi
Avqustun 15-də Əfqanıstanın prezidenti Əşrəf Qani ölkəni tərk edib. Onun video-görüntüləri yayılıb. Bu, Əfqanıstanın paytaxtı Kabilin Taliban silahlıları tərəfindən ələ keçirildiyi vaxta təsadüf edir.
TASS-ın yazdığına görə, Taliban Kabili döyüşsüz ələ keçirib və Əfqanıstanda bütün ölkəyə nəzarəti ələ alıb. Onlar hökumət qüvvələri tərəfindən tərk edilən dövlət binalarını ələ keçirib və şəhərdən çıxmaq istəyənlərə toxunmayacaqlarını bildiriblər.
Əşrəf Qaninin administrasiya rəhbəri və milli təhlükəsizlik üzrə müşaviri ilə birlikdə qonşu Tacikistana uçduğu bildirilir. Lakin onun təyyarəsinin Tacikistana enməyə icazə verilmədiyi haqda da məlumatlar
var
.
Azadlıq Radiosu Əfqan xidmətinə istinadən
yazır
ki, müdafiə naziri vəzifəsini icra edən Bismillah Məhəmmədi deyib ki, Qani avqustun 15-də yerli siyasətçilərlə görüşüb və Əfqanıstanda yaranmış vəziyyətlə bağlı Talibanla razılaşmaq üçün 16 avqustda Dohaya gedəcək bir heyət qurma məsuliyyətini onlara tapşırıb.
Keçid hökumətinə keçmiş xarici işlər naziri Əli Əhməd Calalinin rəhbərlik edəcəyi bildirilir.
Əfqanıstanın daxili işlər naziri Əbdül Səttar Mirzəkval yazılı çıxışında "Əfqanıstan xalqı narahat olmamalıdır … şəhərə heç bir hücum olmayacaq və hakimiyyətin keçid hökumətinə sülh yolu ilə verilməsi olacaq" deyib.
Lakin Azadlıq Radiosu yazır ki, Talibanın paytaxtı ələ keçirəcəyinin qaçılmaz olması adamlar arasında təşviş və çaxnaşmaya səbəb olub.
Kabildə komendant saatı elan edilib. "Ria Novosti"nin
məlumatında
deyilir ki, yerli vaxtla saat 21:00-da Əfqanıstan paytaxtında komendant saatı elan edilib.
Əfqanıstan daxili işlər naziri vəzifəsini icra edən Əbdül Səttar Mirzəkval deyib ki, komendant saatının elan edilməsinə səbəb hər hansı təxribatın qarşısının alınması və şəhər əhalisinin təhlükəsizliyidir.
BBC-nin məlumatına görə, Taliban nümayəndəsi bəyan edib ki, xəstəxanaların və xarici hərbçilər tərəfindən qorunan beynəlxalq hava limanının normal fəaliyyətinə müdaxilə etməyəcəklər. Həmçinin Əfqanıstan hərbçilərinin evlərinə dönmələrinə mane olmayacaq, yaraqlıların Kabilə lazımlı gündəlik təlabat malların gətirilməsini əngəlləməyəcəklər.
Əfqanıstan rəsmisi, əsgərlərin Baqram hava bazasını Talibana təslim etdiyini bildirib. Sözügedən bazada 5 min məhkumun olduğu həbsxana var.
Qətərin paytaxtı Dohada fəaliyyət göstərən Taliban ofisinin rəsmi açıqlamasında deyilir:
"Paytaxt Kabil böyük və əhalisi sıx bir şəhər olduğundan, İslam Əmirliyinin mücahidləri şəhəri zorla və ya müharibə yolu ilə işğal etmək niyyətində deyillər, əksinə Kabili sülh yolu ilə ələ keçirirlər. Keçid prosesinin heç kimin həyatına, mülkünə və şərəfinə və kabillilərin həyatına zərər vermədən təhlükəsiz bir şəkildə keçməsini təmin etməkdir".
“Reuters” ABŞ rəsmilərindən birinə istinadlə xəbər verir ki, hazırda ən birinci məsələ Kabildəki ABŞ və Avropa ölkələri missiyasını təxliyə etməkdir. Belə ki, Amerikanın əməliyyat mərkəzi Kabil hava limanında yerləşir. Artıq ABŞ-ın Kabildəki səfirliyinin əməkdaşlarının təxliyəsinə başlanılıb. Bu məqsədlə hava limanına bir neçə təyyarənin endiyi bildirilir.
NATO rəhbərliyi isə bildirir ki, Avropa Birliyi ölkələrinin Kabildəki əməkdaşları paytaxtın özündə təhlükəsiz sığınacağa yerləşdiriliblər.
Məlumata görə, 600-ə yaxın Britaniya hərbçisi Kabildə britaniyalıları və digər xarici ölkə vətəndaşalarını təxliyə etməyə cəlb edilib.