“Taliban” Əfqanıstandakı zəlzələyə görə dünyadan yardım istəyir

Zəlzələ, foto: Reuters

Əfqanıstanda avqustun 31-də baş verən 6 ballıq zələzələ nəticəsində həyatını itirənlərin  sayı 1400-ü keçib.

Əfqanıstan Qırmızı Aypara Cəmiyyətinin məlumatına görə, təbii fəlakət nəticəsində ən azı minlərlə adam xəsarət alıb, 8000-dən çox ev dağılıb. Ölənlərin əksəriyyəti zəlzələnin episentrinə ən yaxın olan dağlıq Kunar vilayətinin sakinləridir. Xilasetmə komandaları sağ qalanları axtarmağa davam edir.

Rəsmilər xəbərdarlıq edir ki, ölənlərin sayı daha da arta bilər, çünki tamamilə dağıdılmış kəndlər var.

Zəlzələdən sonra xilasetmə və yardım işləri 42 milyon əhalisi olan, müharibədən zəifləmiş və kasıb bir ölkədə resurs çatışmazlığı ilə üzləşib. Beynəlxalq dəstəyin məhdud olması da vəziyyəti çətinləşdirir.

Ölkəni idarə edən “Taliban” hakimiyyəti isə xaricdən kömək istəyib.

Qərb ölkələri zəlzələnin təsirlərinin aradan qaldırılması üçün yardım etməyə hazır olduqlarını bildiriblər.

Böyük Britaniya 1 milyon funt sterlinq ayırıb, lakin Xarici İşlər Nazirliyi vəsaitlərin “Taliban”ın əlinə keçməməsi üçün yardımların partnyorlar vasitəsilə çatdırılacağını vurğulayıb.

Çin, Hindistan və İsveçrə də humanitar yardım göstərməyi vəd edib.

BMT Fövqəladə Hallara Reaksiya Fondu (CERF) xətti ilə 5 milyon dollar ayırıb.

Talibanın 2021-ci ildə hakimiyyətə qayıtmasından sonra Əfqanıstana xarici yardım kəskin azalıb. Bu da dünyanın ən kasıb ölkələrindən biri olan Əfqanıstanın təbii fəlakətlərə, o cümlədən mütəmadi olaraq baş verən zəlzələlərə cavab vermək imkanlarını daha da zəiflədib.

ABŞ 2025-ci ilin əvvəlinə qədər Əfqanıstanın ən böyük donoru idi, lakin Donald Tramp prezident seçiləndən sonra demək olar ki, bütün yardım proqramları ləğv olunub.

BMT İnkişaf Proqramının məlumatına görə, Əfqanıstan əhalisinin təxminən 85%-i gündə bir dollardan az gəlirlə yaşayır.

Ana səhifəXəbərlər“Taliban” Əfqanıstandakı zəlzələyə görə dünyadan yardım istəyir