Taleh Yüzbəyovun filmində cəsarətli etiraf

Bu deməkdir “get, büdcəni tala”, “bacarana baş qurbandır”, “sənə qalıb bu ölkəni düzəltmək?!”, “başını sal aşağı, işini gör”, “özü yaxşıdır, ətrafı pis”…

Source: Meydan TV


Film sosial bərabərsizliyin qabardılması üzərində çəkilib

Taleh Yüzbəyov yenə təsirli bir film çəkib. Söhbət kasıb adamın uşağına hədiyyə almağa pul tapmamasından gedir. Ölkədəki sosial vəziyyətin pis olmasından danışırsansa, təbii ki, sən bir az da olsa, müxalifətçilik eləməlisən. Bu filmdə də Taleh onu eləyib – təxminən rəhmətlik ANS-in “İç xəbər”-i səviyyəsində bir müxalifətçilik. Filmin əvvəlində bəzi cavabsız suallar verilir.

Bu suallar əsasən “niyə” əvəzliyi ilə başlayır. Müəllif soruşur ki, niyə bizdə pul və infrastruktur ola-ola yaxşı kinolar çəkilmir. Niyə bu qədər pulumuz ola-ola bir əməlli futbolçu çıxmır ortaya? Niyə o qədər universitet ola-ola güclü alim yetişmir? Bir dənə də sual verir ki, niyə səhər saat 9-da parkda adamlar otururlar. Filmin sonunda bəlli olur ki, kasıblıqdan yaxınlarının üzünə baxmağa utanan dərdli adamlar səhər parklarda otururlarmış.

Amma onlar niyə kasıbdır, niyə bu ölkədə ata oğulun üzünə baxa bilmir – bu suallar yenə cavablandırılmır. Yox, filmin bir yerində bu “JEK müxalifətçiliyi” səviyyəsinə uyğun gəlməyən çox cəsarətli cavab verilir suallara. Amma o qədər ötəri və gizlədilmiş ki, ezop dili təsiri bağışlayır. Qəhrəmanın üstünə qışqıran adam ona deyir ki, kasıb yaşama, “get, büdcəni tala”. WOW – bu, başqa məsələ. Burada yuxarıdakı sualların da cavabları gizlənib.

Bəli, ona görə pul və infrastruktur ola-ola yaxşı kino çəkə bilmirik ki, büdcəni, ümumiyyətlə, dövləti idarə edənlər onu talayırlar, korrupsionerdirlər, demokrat deyillər, ölkəni dəmir əllə idarə edirlər, uğursuzdurlar. Ona görə bu qədər pul axmasına baxmayaraq, bir normal futbolçu çıxara bilmirik ki, hələ üstəlik ona görə AFFA-nın Baş katibi televiziyada uğursuzluğunda, luzerliyində utanmaz-utanmaz onu seçənləri, futbol ictimaiyyətini qınayır ki, futbola ayrılan pullar yeyilir, hər sahədə dövlətin nəhəng müdaxiləsi var, hər sahədə korrupsiya var. Ona görə bu qədər universitet alim yetişdirə bilmir ki, universitetlərdə korrupsiya, siyasi təbliğat, yaltaqlıq var, Elmlər Akademiyası kompüterə nifrət edən 1216 yaşlı adamlarla doludur, 200 manata şəxsiyyətini satmağa hazır olan “alim”lərimiz xirtdəyə qədərdir.

“Get, büdcəni tala” – əslində filmin qəhrəmanı kimi orta-statistik adam büdcə talaya bilməz, sadəcə büdcə talayanlara yaltaqlana bilər, yaltaqlıq yarışında rəqabətqabiliyyətli üsullar tapa və daha çox gözə girə bilər. Bu deməkdir “get, büdcəni tala”, “bacarana baş qurbandır”, “sənə qalıb bu ölkəni düzəltmək?!”, “başını sal aşağı, işini gör”, “özü yaxşıdır, ətrafı pis”…

Bəli, Taleh bəy göstərməkdən qorxsa da, əslində göstərir ki, bütün problemlərin kulminasiyası, piramidanın başı prezidentdir, sonra onun ətrafı şəklində piramida aşağıya doğru gedir. Piramidaya da bilirsiniz də, quruluş verən ən başda duran daşdır. Məsələn, o daşın oturacağı kvadrat olsa, piramidanın da oturacağı kvadrat şəklində olur, çünki ondan aşağıdakı daşlar başdakına uyğun formada düzülür. Başdakı daşın oturacağı üçbucaqlı olsa, piramida özü də üçbucaqlı şəklində olur. Təbii, deyə bilərsiniz ki, ən aşağıdakı daşlar üçbucaq şəklində düzülsə, ən yuxarıdakı da məcburi üçbucaq şəklində oturacağa malik olacaq. Amma nəzərə alın ki, ən aşağıda 10 milyon daş var, ən yuxarıda isə 1 dənə. Hansını dəyişmək daha asandır? Həm də tarix göstərib ki, aşağıdakılar özlərindən asılı olmayaraq, ən yuxarıdakının formasını almağa meyllidirlər. Fərqi yoxdur, bu, ABŞ-dır, Azərbaycandır, Britaniyadır, yoxsa Türkmənistan. Bu, bir qaydadır. Sadəcə Qərb ölkələrində maraqlı bir situasiya yaranıb – piramida quruluşundan imtina ediblər. Daha doğrusu, piramidanın daşını-daş üstə qoymayıblar.

Nə isə. Talehin filmində xoşuma gələn məsələlərdən biri də sağçı yanaşma idi. Film sosial bərabərsizliyin qabardılması üzərində çəkilib. Amma müəllif adamların kasıblığının səbəbini idarəedicilərdə, korrupsiyada, uğursuz hakimiyyətdə görür. Adi bir çayxananı işlətməyə imkan verməyən vergi işçilərində görür. Əsas siyasi sistemdir, iqtisadiyyatı da o, müəyyən edir. Bu məsələdə müəllif haqlıdır. Mətbuat azad rəqabət şəraitində olsa idi, bir səhvə görə o boyda “APA” bağlanmazdı, Rasim Babayev də işsiz qalmazdı.

Ana səhifəXəbərlərTaleh Yüzbəyovun filmində cəsarətli etiraf