Taleh Xasməmmədovun anası polis tərəfindən döyüldüyünü deyir

“Serjant Vahid Həşimov üzərimə hücum çəkərək, məni bir anaya yaraşmayan ağır küçə söyüşlərilə dayanmadan təhqir etdi”

Source:


“Serjant Vahid Həşimov üzərimə hücum çəkərək, məni bir anaya yaraşmayan ağır küçə söyüşlərilə dayanmadan təhqir etdi”

Göyçayda və ətraf bölgədə fəaliyyət göstərən hüquq müdafiəçisi Taleh Xasməmmədovun məhkəməsi yekunlaşıb. İyulun 22-də Göyçay rayon Məhkəməsində hüquq müdafiəçisinə hökm oxunduğu gün məhkəmədə incident yaşanıb.

Bu barədə Meydan TV-yə hüquq müdafiəçisinin anası Gülbuta Xasməmmədova məlumat verib. Onun sözlərinə görə, məhkəmə fasilə elan etdikdən sonra zərərçəkmiş kimi tanınan şəxslərə yalandan ifadə verdikləri barədə irad tutduqda təzyiqlərə məruz qalıb: “İllərdir əsl həqiqəti mən öz ifadəmdə vermişəm. Mənim ədalət tələb etməyim, məhkəmə zamanı təzyiqlərə məruz qalmağım Göyçay Rayon Polis şöbəsinin rəis müavini, Talehdən şikayətçi olan Faiq İlyasova xoş gəlmirdi. Faiq İlyasovun gözləri önündə serjant Vahid Həşimov üzərimə hücum çəkərək, məni bir anaya yaraşmayan ağır küçə söyüşlərilə dayanmadan təhqir etdi. Hətta məni vurdu, başqa polislər isə mənim qolumdan tutmuşdular. Elə bu zaman polis kapitanı İslam İslamov hardansa peyda olaraq mənim üzərimə şığıdı və qolumdan tutaraq məhkəmə salonundan çölə atmaq istədi. Mən çölə çıxmaq istəməyərək, “anayam” deyib, etiraz etdim. O, isə mənim əlimi sıxaraq dırnağı ilə barmağımı zədələdi və barmağım qanadı. Daha sonra o, iki barmağının arasından baş barmağını çıxararaq “ala”, “oğlunu əvəzinə bunu dişləyərsən”  deyərək, hər kəsin yanında məni alçaltdı. Bütün bunları gözü ilə görən rəis müavini Faiq İlyasov polis işçilərinə heç bir irad bildirmədi. Əksinə olaraq “Xasməmmədovlardan bir raport hazırlayın, hamısını basın içəri” – deyə əmr etdi”. Gülbuta Xasməmmədova deyir ki, hakim oğluna 3 il iş oxuyanda şoka düşüb və məhkəmə zalında ürəyi gedib. Ayıldıqda isə Təcili Tibbi Yardım çağırıldığını görüb: “Mən indi soruşmaq istəyirəm, Xasməmmədovlar kimə nə ediblər ki, onların şərlənərək yox olmasını istəyirlər? Mən bir ana kimi bu sualın cavabını harada axtaracağımı bilmirəm. Həmin hadisə gözümün önündə baş verib. Amma mənim ifadəmə baxılmadı. Əksinə, 14 nəfərdən ibarət bir ailənin ağbirçəyini məhkəmə zalında hüququ və qanunu müdafiə etməli olan şəxslərin gözü qarşısında, onların iştirakı ilə təhqir edib, fiziki zorakılığa məruz qoydular. Mən bu dövləti idarə edənlərdən soruşmaq istəyirəm; Siz bu ölkəni hara aparmaq istəyirsiniz?”

Meydan TV Göyçay rayon Polis Şöbəsi ilə əlaqə saxlayıb. Özünü “növbətçi Cavadov” kimi təqdim edən şəxs qadının ittihamlarını əsassız sayır: “Ağrısı olan adam nə gəldi danışır. Faiq İlyasov neçə illərdir bu sistedə çalışır. Kifayət qədər mədəni, işini bilən adamdır. Heç vaxt elə şey ola bilməz ki, onun yanında hansısa qadına əl qaldırsınlar. Deyilənlər cəfəngiyyatdır”.

Taleh Xasməmmədov bu il, fevralın 24-də Göyçayda həbs olunub. Cinayət Məcəlləsinin 221. 2- ci maddəsi ilə ittiham olunan hüquq müdafiəçisi Göyçay rayon məhkəməsinin 22 iyul 2015-ci il tarixli hökmü ilə 3 il müddətinə cəzasını ciddi rejimli CÇM- də çəkmək şərti ilə azadlıqdan mərhum edilib. Yerli ictimai fəallar və bir sıra hüquq müdafiə təşkilatları Taleh Xasməmmədovun həbsini Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin sifarişi ilə həyat keçirildiyini bildirirlər. Siyasi Məhbusların işi ilə bağlı yaradılmış İşçi Qrup Taleh Xasməmmədovu siyasi məhbus elan edib.

Ana səhifəXəbərlərTaleh Xasməmmədovun anası polis tərəfindən döyüldüyünü deyir