O, xuliqanlıqda ittiham olunur
Göyçayda yaşayan və insan hüquqları fəalı kimi tanınan Taleh Xasməmmədov həbs olunub.
Onun xuliqanlıqda ittiham olunduğu bildirilir.
Bu barədə onun anası Gülbuta Xasməmmədova məlumat verib.
İki gün əvvəl saxlanılan Taleh Xasməmmədova qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb və barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.
Bu maddədə 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
45 yaşlı fəalın iki nəfərin şikayəti əsasında həbs olunduğu bildirilir.
İddia olunur ki, Taleh Xasməmmədov həmin şəxslərə xəsarət yetirib. Lakin anası bu ittihamın əsassız olduğunu deyir.
Gülbuta Xasməmmədova hesab edir ki, oğlu insan haqlarının müdafiəsilə məşğul olduğuna, polislərin ünvanına səsləndirdiyi tənqidi fikirlərinə görə cəzalandırılıb.
Onun sözlərinə görə, oğluna qarşı ittiham şər-böhtandır.
Əvvəllər Siyasi Məhbusları Müdafiə Mərkəzinin üzvü olan Taleh Xasməmmədov bir neçə il öncə xuliqanlıq ittihamıyla həbs olunmuşdu.
O zaman onun özü də “siyasi məhbus” siyahısına salınmış, sonradan əfv sərəncamıyla azadlığa buraxılmışdı.
Bir müddət sonra o, hədə-qorxu ilə tələb etmə ittihamıyla yenidən həbs olunsa da, bir müddət sonra azadlığa çıxmışdı.