Cinayət işinin istintaqını aparan Göyçay rayon Polis Şöbəsinə edilən müraciətləri də cavabsız qalıb
Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun müalicəsi yarımçıq saxlanılaraq, o, keçən həftə Bakıdan Gəncə İstintaq Təcridxanasına aparılıb. Hüquq müdafiəçisinin müalicəsinin qəflətən yarımçıq saxlanmasının səbəbi onun ailə üzvlərinə də məlum deyil.
Bu barədə Meydan TV-yə məlumatı hüquq müdafiəçisi Oqtay Gülalıyev verib.
Onun sözlərinə görə, məhbusa ailə üzvləri ilə telefon əlaqəsi saxlamasına da imkan verilmir. Bununla bağlı yaxınlarının hüquq müdafiəçisi ilə bağlı açılmış cinayət işinin istintaqını aparan Göyçay rayon Polis Şöbəsinə edilən müraciətləri də cavabsız qalıb.
Taleh Xasməmmədovun müalicəsinin yarımçıq saxlanması, ondan məlumat almağın mümkünsüzlüyü və hüquq müdafiəçisinin ətrafında yenidən bəzi müəmmaların yaranması onun yaxınları və aiə üzvləri tərəfindən narahatlıqla qarşılanır.
Bir müddət öncə Gəncə İstintaq Təcridxanasında aclıq aksiyası keçirərkən işgəncələrə məruz qalan və səhhəti pisləşən T. Xasməmmədov Bakıda yerləşən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdü.
Hüquq- müdafiə fəaliyyəti və tənqidi yazıları ilə diqqəti cəlb edən Taleh Xasməmmədov fevral ayının 23- də həbs olunub. Yeri fəalların verdiyi məlumata görə hüquq müdafiəçisi Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin göstərişi ilə şərlənərək həbs olunub.