”Taleh Bağırzadənin üzərində xəsarət izləri var”

Ailəsi: “Ona yatmağa imkan vermirlər, gecə yarısı gəlib oyadırlar, təxribata çəkirlər”

Source:
Tale Bağırzadə
Tale Bağırzadə


Ailəsi: “Ona yatmağa imkan vermirlər, gecə yarısı gəlib oyadırlar, təxribata çəkirlər”

“Müsəlman Birliyi Hərəkatı”nın sədri Taleh Bağırzadə yanvarın 4-də ailə üzvlərilə telefonla danışıb. O, həbsxanada ona qarşı təzyiqlər olduğunu xəbər verib. Bu barədə Meydan TV-yə ilahiyyatçının ailəsindən bildirilib:

“Əslində, telefon günü dünən idi. Zəng etməmişdi, nigaran idik. Bu gün zəng etdi. Məlum oldu ki, onu yenə rahat buraxmırlar. Müxtəlif üsullarla onu təxribata çəkirlər. Yatmağa imkan vermirlər, gecə yarısı gəlib oyadırlar. Yanında Mehman Hüseynov haqqında təhqiramiz ifadələr işlədirlər ki, cavab versin, onu cəzalandırsınlar”.

Ailə üzvlərinin sözlərinə görə, T.Bağırzadənin ayağında xəsarət izi var. Lakin bu xəsarətin ona həbsxana əməkdaşları tərəfindən yetirildiyini və ya ehtiyatsızlıqdan yarandığını dəqiqləşdirə bilməyiblər. Yaxınları narahatdır ki, bundan sonra ilahiyyatçıya qəsd edib, onun özünün özünə xəsarət yetirməsi kimi təqdim edə bilərlər:

“Nardaran hadisələrilə bağlı məhkəmələr də göstərdi ki, Taleh Bağırzadənin güclü iradəsi var. Bu adam o qədər işgəncəyə dözübsə, niyə özünə qəsd etməli, xəsarət yetirməlidir?”

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov “Azadlıq Radiosu”na açıqlamasında T.Bağırzadəyə qarşı təzyiqlər barədə deyilənləri təkzib edib. Bildirib ki, ona qarşı təxribat törədilməsi, xəsarət alması haqda məlumatlar əsassızdır.

T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub.

T.Bağırzadə və digərlərinə qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. İlahiyyatçı 20 il azadlıqdan məhrum edilib. Onunla birlikdə həbs olunan digər şəxslərə də 10 ildən 20 ilə qədər həbs cəzası verilib.

T.Bağırzadə özünü təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirir.

Ana səhifəXəbərlər”Taleh Bağırzadənin üzərində xəsarət izləri var”