Taleh Bağırzadənin daha bir tərəfdarı həbs olundu

“Günorta bizim yaşadığımız bir otaqlı evə 4 maşında təxminən 15 nəfər polis gəlib”.

Source: Foto: Facebook


“Beyin xərçəngindən əməliyyat olunub, həyatı təhlükə altındadı…”

“Müsəlman Birliyi” Hərəkatının üzvü, təşkilatın sədri Taleh Bağırzadənin tərəfdarlarından olan Şamil Həsənov haqqında həbs qərarı çıxarılıb. İyunun 24-də Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün üç aylıq həbs-qətimkan tədbiri seçilib. Ş.Həsənova qarşı Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) ittihamı irəli sürülüb.

Ş.Həsənovun həyat yoldaşı Vüsalə Həsənova isə onun günahsız olduğunu bildirir. Bu barədə Meydan TV-yə danışan V.Həsənovanın sözlərinə görə, həyat yoldaşının səhhətində ciddi problemlər var. Ş.Həsənov bir müddət öncə beyin xərçənginə görə başından əməliyyat olunub:

“Gündə dörd dənə dərman qəbul edir. Dərman içməyəndə sudurqa keçirir. Mənim yoldaşım bütün pis vərdişlərdən, qanunsuz əməllərdən uzaq adamdır, siqaret belə çəkmir. O adama silah versələr, heç əlində saxlaya bilməz. Səhhətinə görə hərbi xidmətdə də olmayıb. Dərman hesabına birtəhər ayaqda durub, işləyib üç azyaşlı övladını saxlayırdı”.

V.Həsənovanın sözlərinə görə, həyat yoldaşı iyunun 22-də axşamüstü evdən çıxıb, həmin gün saat 18.00 radələrindən sonra ondan heç bir xəbər almaq mümkün

olmayıb

. İyunun 23-də öyrəniblər ki, o, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir:

“Günorta bizim yaşadığımız bir otaqlı evə 4 maşında təxminən 15 nəfər polis gəlib. Yoldaşımı da gətiriblər, guya evdə axtarış aparmağa. Heç kimi də buraxmayıblar. İnanclı adamlarıq, oxuduğumuz dini kitabları götürüb aparıblar”.

V.Həsənova deyir ki, qapalı məkanda dərmansız saxlamaq Şamili ölümə sürükləməkdir:

“Bu adam günahsız olduğu halda, niyə həbs olunmalıdır, ölüm təhlükəsilə üz-üzə qalmalıdır? Silah almaq üçün pul lazımdır. Yoldaşım üç uşağını çətinliklə dolandırırdı. Xahiş edirəm, onun səhhətini, üç azyaşlı uşağını nəzərə alsınlar”.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın onlarla üzvü həbsdədir. Onlar dövlət çevrilişinə cəhd, terrorçuluq, qanunsuz silah saxlama kimi ittihamlarla uzunmüddətli həbs cəzasına məhkum edilib. Lakin T.Bağırzadə ittihamların saxta olduğunu, hökumətin siyasətini tənqid etdiklərinə görə cəzalandırıldıqlarını bəyan edib.

Ana səhifəSiyasətTaleh Bağırzadənin daha bir tərəfdarı həbs olundu