“Müsəlman Birliyi” Hərəkatının sədri, 9 gündür ki, aclıq etdiyi bildirilən Taleh Bağırzadənin vəkili onunla görüşmək üçün Qobustan həbsxanasına getsə də, görüşə bilməyib. Bu barədə Meydan TV-yə ilahiyyatçının ailə üzvləri məlumat verib.
Yaxınlarının bildirdiyinə görə, T.Bağırzadə 10 gündür ki, evə zəng eləmir, onun durumu barədə heç bir xəbər ala bilmirlər:
“Vəkil fevralın 8-də həbsxanaya gedib, onu rəis Aftandil Ağayevin özü qəbul edib. İddia edib ki, Talehə heç bir işgəncə verilmir. Sözündən belə çıxıb ki, guya Taleh Bağırzadə özü şişirdir. Halbuki, Talehi tanıyanlar yaxşı bilir, o ətrafdakıları narahat etməmək üçün problemlər olanda da bunları demirdi. Vəkil aclıq məsələsini soruşub, rəis konkret cavab verməyib. Deyib ki, özü aclıq elədiyini bildirir, amma bir neçə gün əvvəl onu şəxsən qəbul eləyib söhbətləşəndə aclıq elədiyini hiss etməyib”.
Görüşün hansı səbəbdən baş tutmamasına gəlincə, yaxınları deyir ki, həbsxana əməkdaşları gəlib deyib ki, T.Bağırzadə özü imtina edib, vəkillə görüşmək istəmədiyini deyib: “Vəkilin başqa çarəsi qalmayıb, bir məktub yazıb. Göstərib ki, ailə üzvləri, dostları durumundan çox narahatdır. Ona görə də xahiş edirlər ki, aclığı dayandırsın. Həbsxananın əməkdaşı məktubu aparıb, geri qayıdıb deyib ki, Talehə verib, o da oxuyub, bildirib ki, “anladım”. Düzü, bu vəziyyət narahatlığımızı daha da artırıb. Çünki Taleh Bağırzadə ətrafdakılara hörmətlə yanaşan adamdır. Bu adam niyə vəkillə görüşməkdən imtina etməlidir? Niyə evə zəng eləməyib, yaxınlarını narahat saxlamalıdır? Deməli, bilmədiyimiz məsələlər var. Dünəndən narahatlığımız daha da artıb”.
Penitensiar Xidmət isə T.Bağırzadənin təzyiqlərə məruz qalması, onun və digər Nardaran məhbusu Abbas Hüseynovun aclıq etməsi barədə məlumatları təkzib edir.
T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Ona və həmin vaxt həbs olunan digərlərinə qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. İlahiyyatçı 20 il azadlıqdan məhrum edilib. Onunla birlikdə həbs olunan digər şəxslərə də 10 ildən 20 ilə qədər həbs cəzası verilib.
T.Bağırzadə özünü təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirir.