Rövşən Əhmədli ilə Eldəniz Quliyev Qobustan həbsxanasında olub
“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə 16 gün aclıqdan sonra aksiyanı dayandırıb. Bu barədə Qarabağın Azadlığı uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli məlumat verib.
R.Əhmədli Meydan TV-yə bildirib ki, özünün də üzv olduğu İnanclı Məhbusların Hüquqlarını Müdafiə Komitəsi Qobustan həbsxanasında məhbuslara işgəncə verilməsi, orada saxlanılan ilahiyyatçı Taleh Bağırzadənin etiraz olaraq, aclıq aksiyası keçirməsi barədə xəbərlər və bundan yaranan narahatlıqlarla əlaqədar Penitensiar Xidmətə məktubla müraciət edib. Onun sözlərinə görə, müraciətə dərhal reaksiya verilib və fevralın 15-də onlara Qobustan həbsxanasına baş çəkməyə şərait yaradılıb. Həbsxanaya komitənin üzvlərindən R.Əhmədli ilə yanaşı, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev də gedib.
Onlar həbsxanada ilahiyyatçı Taleh Bağırzadə, Nardaran hadisələrinə görə onunla birlikdə həbs edilərək, 19 il cəza almış Cabbar Cabbarov və Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovla görüşüblər. R.Əhmədli deyir ki, görüş onların hər biri ilə vəkillər üçün ayrılmış otaqda ayrı-ayrılqda baş tutub.
“Qobustan həbsxanasında baş verən hadisələrlə bağlı müzakirələr müsbət nəticələrlə yekunlaşdı. Taleh Bağırzadə bizim, Milli Şura rəhbərliyinin, çoxminli tərəfdarlarının xahişlərini, Penitensiar Xidmətin bu görüş üçün xoşməramlı jestlərini nəzərə alaraq, aclıq aksiyasını dayandırmağa razılaşdı”, – deyə R.Əhmədli bildirib.
O, əlavə edib ki, görüşdükləri inanclı məhbusların hər biri nikbin və mübariz əhval-ruhiyyədə idilər. Onların xahişi isə azadlıqdakı əqidə və mübarizə dostlarına təşəkkürlərini və salamlarını çatdırmaq olub.
Fevral ayının əvvəllərində T.Bağırzadənin ailə üzvləri onun həbsxanada aclıq etdiyini bildirsə də, Penitensiar Xidmət bu haqda məlumatları təkzib edirdi.
T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Ona və həmin vaxt həbs olunan digərlərinə qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. İlahiyyatçı 20 il azadlıqdan məhrum edilib. Onunla birlikdə həbs olunan digər şəxslərə də 10 ildən 20 ilə qədər həbs cəzası verilib.
T.Bağırzadə özünü təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirir.