Taleh Bağırzadə vəkili ilə görüşməkdən imtina edib?

Ailəsi ilahiyyatçının vəziyyətindən narahatdır

Tale Bağırzadə. Foto: Meydan TV
Taleh Bağırzadə
Taleh Bağırzadə


Ailəsi ilahiyyatçının vəziyyətindən narahatdır

“Müsəlman Birliyi”Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə yanvarın 4-də ailə üzvlərilə telefonla danışarkən israrla vəkilinin onunla görüşə gəlməsini istəyib. Yanvarın 5-də vəkili Qobustandakı qapalı həbsxanaya getsə də, ilahiyyatçı ilə görüşə bilməyib. Vəkilə deyilib ki, T.Bağırzadə müdafiəçisilə görüşməkdən imtina edir.

Bu haqda Meydan TV-yə ilahiyyatçının yaxınları bildirib.

İlahiyyatçının ailəsi onun vəkillə görüşdən imtina etməsi barədə deyilənlərə inanmır. Deyirlər ki, bir gün əvvəl T.Bağırzadənin telefon söhbətində həbsxanada ona qarşı təzyiqlər haqqında söylədiklərindən sonra vəkilin onunla görüşə bilməməsi narahatlıqlarını daha da artırıb:

“Bu adam özü bir gün əvvəl dönə-dönə dedi ki, vəkilimə xəbər verin, təcili gəlsin. Dərhal vəkilə dedik, ertəsi gün getdi. Vəkilə deyiblər ki, guya, Taleh Bağırzadə onunla görüşməkdən imtina edir. Niyə imtina etməlidir? Bu, qətiyyən inandırıcı deyil”.

Yaxınlarının sözlərinə görə, T.Bağırzadə bir gün öncə ailəsilə telefon danışığı zamanı üzərində xəsarət olduğunu, həbsxananın əməkdaşları tərəfindən təxribata çəkildiyini bildirmişdi. Bunu nəzərə alaraq, ailəsi ehtiyatlanır ki, ilahiyyatçıyla bağlı xoşagəlməz hadisələr yaşanır, ona görə də gizlədilir.

Penitensiar Xidmət T.Bağırzadəyə qarşı təzyiqlər barədə deyilənləri təkzib edib. Bildirilib ki, ona qarşı təxribat törədilməsi, xəsarət alması haqda məlumatlar əsassızdır.

T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub.

T.Bağırzadə və digərlərinə qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. İlahiyyatçı 20 il azadlıqdan məhrum edilib. Onunla birlikdə həbs olunan digər şəxslərə də 10 ildən 20 ilə qədər həbs cəzası verilib.

T.Bağırzadə özünü təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirir.

Ana səhifəXəbərlərTaleh Bağırzadə vəkili ilə görüşməkdən imtina edib?