İyunun 17-də Ədliyyə Nazirliyinin qarşısında Müsəlman Birliyi Hərəkatının həbsdə aclıq aksiyasını keçirən sədri Taleh Bağırzadəyə təkadamlıq dəstək aksiyası keçirilib.
Hərəkatının keçmiş üzvü Fariz Əliyev əlində plakat tutaraq “Fikrət Məmmədov (Ədliyyə naziri) çıx, cavab ver. İnsanın həyatı ilə oynamayın” şuarları səsləndirib.
O, bildirib ki, Taleh Bağırzadə artıq 14 gündür aclıq edir. “Ədliyyə Nazirliyi ədalətin bərqarar yer olacağına baxmayaraq susqundur. Mən Fikrət Məmmədova etiraz edirəm. Bu mənim konstitusion hüququmdur”, – deyə o, bildirdi.
F.Əliyev həmçinin özü də artıq iki gündür aclıq aksiyasını keçirdiyini qeyd edib.
Ədliyyə Nazirliyinin əməkdaşları onu qəbul şöbəsinə dəvət etsələr də, o bundan imtina edib.
O, aksiya yerindən uzaqlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Fariz Əliyev axlanılıb və araşdırma aparılır. Nəticəsindən aslı olaraq müvafiq qərar qəbul ediləcək.