Taleh Bağırzadə: Polisi özləri öldürüblər

”Vəsatət verəcəyik, İsmayılın cəsədi ekskumasiya olunsun və ekpertizadan keçirilib ölümün səbəbi dəqiqləşdirilsin”

Source:

”Vəsatət verəcəyik, İsmayılın cəsədi ekskumasiya olunsun və ekpertizadan keçirilib ölümün səbəbi dəqiqləşdirilsin”

Oktyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin növbəti məhkəmə prosesi keçirilib.

Birqəlpəli qumbara yoxdur

Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Firuz Mehdiyev təqsirləndirilənlərin və vəkillərin suallarını cavablandırıb. O, Əbülfəz Bünyatovu saxladığını deyib.

Taleh Bağırzadə şahiddən hadisə baş verən evdə qadın və uşaq görüb-görməməsini soruşub. O, görmədiyini deyib. Taleh Bağırzadə deyib ki, ölən polislərdən birinin ayağından bir ədəd qumbara qəlpəsi çıxıb: “Birqəlpəli qumbara yoxdur. Orada neçə adam olub. Amma heç kimə qəlpə dəyməyib. Mənə maraqlıdır ki, niyə polis öz yoldaşını öldürüb? Bu, gün kimi aydındır. Ramil Usubov çıxıb cavab verməlidir. O, polisin də ailəsi, uşaqları var. Niyə onun övladları elə fikirləşməlidirlər ki, onların atalarını Nardaranda öldürüblər? Əbülfəz Bünyatov “Bandotdel”ə gətiriləndə güllə yarası almışdı, beli sınmışdı. Amma o vəziyyətdə belə ona işgəncə verilirdi”.

Ssenari başdansovdu yazılıb

Abbas Hüseynov isə deyib ki, onların həbsinin ssenarisi Prezident Adminstrasiyası tərəfindən başdansovdu yazılıb.

Təqsirləndirilən İbrahim Xudaverdiyev isə deyib ki, məhkəmə siyasətin qurbanıdır: “Bunlar hamısı oyun oynanırlar. Məhkəmə də siyasətin, hakimiyyətin qurbanıdır. Bu gün də nardaranlılardan əl çəkmirlər. Mənim üzümə duranları, haqsızlıq edənləri bağışlayacam. Müstəntiq özü deyirdi ki, “Nə edək, göstəriş belə verilib”.

Нардаранские узники
Nardaran məhbusları

Bu adam Nardaranda olmayıb

Təqsirləndirilən Aqil İsmayılov isə müstəntiq tərəfindən dindirilən zaman F. Mehdiyevin də orada olduğunu söyləyib. Bildirib ki, ona təzyiq edənlərdən biri də F. Mehdiyev olub: “Mənim boynuma silah qoymaq istəyirdilər. Mən də razı olmurdum. Bir də öz adım kimi əminəm ki, bu adam Nardaranda olmayıb”.

Hakim Əlövsət Abbasov isə deyib ki, ola bilsin ki, Aqil İsmayılov onu görməyib.

F. Mehdiyev isə Aqil İsmayılovun onu başqa adamla səhv saldığını, dindirmədə iştirak etmədiyini deyib.

Vəkil Yalçın İmanov isə şahiddən ona oxşayan başqa əməkdaşlarının olub-olmamasını soruşub. Şahid bir neçə belə əməkdaşın olduğunu deyib. Vəkil isə həmin şəxslərin ad və soyadlarını deməsini şahiddən xahiş edib. Lakin o, suala cavab verməkdən imtina edib. Hakim isə buna görə şahidin barəsində tədbir görüləcəyini deyib: “Nə edək indi dubinka götürüb düşək üstünə? Barəsində tədbir görüləcək”. Təqsirləndirilən şəxslər isə hakim Əlövsət Abbasovun sözünü alqışla qarşılayıblar.

 Vəsatət təmin edilmədi


Vəkil Yalçın İmanov ötən proses zamanı ifadə verən BMCMİ-nin əməkdaşı Ramil Salmanovla bağlı verilən vəsatətin də müzakirə edilməsini istəyib. Ötən iclas zamanı R. Salmanov ifadə verərək suallara “bilmirəm”, “xatırlamıram” cavabını verdiyinə görə vəkillər onun ekspertizadan keçirilməsini, hadisələri xatırlamasını, qavramasını yoxlamağı istəmişdilər. Hakim vəsatəti təmin etməyib.

Daha sonra hakim bildirib ki, onlara təqsirləndirilən Cahad Babakişizadənin müraciəti daxil olub. Cahad Babakişizadə ötən iclas zamanı şahidi təhqir etdiyi üçün zaldan çıxarılmışdı. C. Babakişizadə müraciətində deyib ki, aldığı işgəncələr nəticəsində psixoloji durumu pisləşib və özünü idarə edə bilmədiyi üçün belə hərəkətə yol verib. Hakim onun iclasda iştirakına icazə verib.

Daha sonra iclasda BMCMİ-nin əməkdaşı Mehman Teymurov ifadə verib. O, hadisə zamanı Aqil Tağızadəni saxladığını, ondan qumbara və beşbarmaq götürülüdüyünü deyib.

Polis də bizim vətəndaşımızdır

Yalçın İmanov ondan soruşub ki, Taleh Bağırzaədinin necə dövlət çevirilşi etmək istəməsi barədə nə bilir: “Deyirsiniz ki, Taleh Bağırzadə sövlət çevrilişi etmək istəyirdi. Bunu deyəndə nə başa düşürsünüz? Necə çevriliş etmək istəyirdi?” Şahid isə ona bunun maraqlı olmadığını, dövlətin əsgəri olduğunu, verilən tapşırığı yerinə yetirdiyini deyib.

Taleh Bağırzadə isə ondan birqəlpəli qumbara olub-olmamasını soruşub. Şahid belə qumbara olmadığını deyib. T. Bağırzadə isə deyib ki, ölən polislərdən İsmayılın ayağından bir qəlpə çıxıb: “Orada bu qədər adam olub. Ancaq qumbaranın qəlpələri yoxdur. Cəmi bir qəlpə İsmayıl adlı polisin ayağından çıxıb. Biz bu işin üstünü açacağıq. Vəsatət verəcəyik, İsmayılın cəsədi ekskumasiya olunsun və ekpertizadan keçirilib ölümün səbəbi dəqiqləşdirilsin. Polis də bizim vətəndaşımızdır. Onu orada özləri öldürüblər”.

Proses oktyabrın 5-də davam edəcək.

Ana səhifəXəbərlərTaleh Bağırzadə: Polisi özləri öldürüblər