”Nardaran işi” üzrə təqsirləndirilənlər televiziyalarda terrorçu adlandırılmalarına etiraz ediblər
Avqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının(AXCP) sədr müavini Fuad Qəhrəmanlının, eləcə də “Nardaran işi” üzrə həbs olunan digər şəxslərin məhkəmə prosesi keçirilib.
Meydan Tv-nin məlumatına görə, prosesdə çıxış edən Taleh Bağırzadə televiziyaların Nardaran hadisələrinə görə saxlanılan şəxsləri terrorçu adlandırmasına etiraz edib. O, deyib ki, bu sifariş televiziyalara prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tərəfindən verilib: “Bizi terrorçu, kəşfiyyatçı kimi qələmə verirlər. Mən İranda və İraqda təhsil almışam və bu səhifələr elə ağdır ki, heç nə tapa bilməzsiniz. Televiziyalar Əli Həsənovun sifarişi ilə bunu edir. Əgər belədirsə, siz yerinizi verin Əli Həsənova, gəlib otursun burda. Bizim ifadəni fərqli formada göstərirlər. Əli Həsənovun barmaq izi bu cinayətdə özünü göstərir. Hamı görür ki, bizim günahımız yoxdur. Hakimiyyət başını itirib”.
Hakim Əlövsət Abbasov isə bildirib ki, mətbuata nəzarət etmək onların işi deyil. Hakim məhkəmə iclasının açıq keçirildiyini deyib.
T.Bağırzadə isə bildirib ki, əgər Ə.Həsənov özünə güvənirsə, gəlib iclasda sözünü deyə bilər: “Nə Əli Həsənovdan, nə də İlham Əliyevdən qorxuruq. Biz onların topundan silahından çəkinmirik. İllərdir bu insanlara zülm edirlər. Bu zülmün sonu olacaq. Biz demokratik quruluş üçün mübarizə aparırıq. Bilirik ki, sonda sizə nə desələr, o hökmü də oxuyacaqsınız”.
Daha sonra iclasda təqsirləndirilən Etibar İsmayılov ifadə verib. O, deyib ki, o zaman Kərbəla, indi isə Nardaran müsibəti baş verib: “Haram ayda qan tökdülər, 4 şəhidimiz oldu. Bizdə silah olmayıb. Hadisə vaxtı qapıdan çıxanda məni tutub döyüb maşına mindirdilər. Maşında işgəncə verəndən sonra “bandotdel”ə apardılar. Orda da işgəncə davam elədi. Qardaşlardan birini avtomatla döyə-döyə maşında öldürmüşdülər. Birinin dodağı partlamamışdı. Dedilər bunun dodağı niyə partlamayıb. Təpiklə vurub partlatdılar”.
O, hadisə yerinə gələnlərin özlərini təqdim etmədiklərini, T.Bağırovu isə “Hicaba azadlıq” aksiyasından tanıdığını bildirib: “Talehin ayağını qoyduğu yerə mən başımı qoyaram. O, Kərbəladan, İmam Hüseyndən, milli kimliyimizdən, vəhdətdən danışıb hər zaman. Dövlətə qarşı çıxışı olmayıb”.
İclasda vəkil Yalçın İmanov bildirib ki, təqsirləndirilən şəxslər bu qədər işgəncə faktından danışsalar da, hakimlər o barədə sual vermirlər. Hakim Ə. Abbasov isə cavab olaraq bildirib ki, məhkəmə hələ bitməyib: “Sizin bizə göstəriş vermək, irad tutmaq kimi ixtiyarınız yoxdur. Məhkəmə özü bilir”.
Təqsirləndirilən Bəhruz Əsgərov isə ifadəsində qeyd edib ki, namaz vaxtı atışma baş verib. Həmin vaxt pəncərədən özünü bayıra atıb: “Getmək istəyəndə polislər dedilər dayan, mən də dayandım. Lakin atəş açdılar. Güllə ayağıma dəydi. Həyətə girən maskalılar da, hasar üstündə olanlar da güllə atırdılar. Mən özüm eşitdim ki, həyətdə olanlar arxadan gülə atanlara deyirdilər ki, gülləni səpələməyin, bizə dəyir. Qadınlar, uşaqlar evdən ağlaya-ağlaya çıxmışdılar. Sərvan da orada idi. O, gördü ki, qadınları da vururlar. Sərvan dedi ki, qeyrətsizlər qadınları vurmayın. Bu zaman onu güllələyib öldürdülər. Xəstəxanada da bizi polislər söyüb təhqir edirdilər. Lakin bir polis deyirdi ki, sizin günahınız yoxdur. Digər polislərə deyirdi ki, belə hərəkət etməyin. Sonra bizi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Orda dedilər ki, mən ifadə vermişəm ki, əlimdə silah olub. Dedim vallah mən özümdə olmamışam, silahım da olmayıb. Sonra bizi Kürdəxanıdakı təcridxanaya apardılar. Orda da elə bil erməni əsiri idik. Bizi elə qarşıladılar. İki aydan sonra ayağımın gipsini özüm açdım. Heç kim baxmırdı. Kənan adlı polisi mənim üzümə qoymuşdular. O da əsə-əsə ifadə verdi. Ayağımda güllə hələ də qalıb və mənə ağrı verir. Hadisə vaxtı polisin polisə güllə atmasını görmüşəm”.
Təqsirləndirilən Fərhad Babayev isə bildirib ki, hadisə vaxtı evə hücum edənlər hara gəldi güllə atıblar və o, güllə yarası alıb. O, istintaqda ifadə verərkən təzyiqə məruz qaldığını da deyib: “Bandotdel”də rəis müavini Hacı Teyyub var idi. O, bizə işgəncə verirdi. Elə şeylər edirdilər ki, demək istəmirəm. Hərəkatın üzvü olmamışam, amma olmaq istəyərdim. Mənim Nardarana birinci səfərim idi. Ora ziyarətə getmişdim. Orda olanda dedilər məclis var mən də getdim”.
Bu zaman T.Bağırov qısa çıxış edərək bildirib ki, Azərbaycanda islam dövləti qurmaq üçün perspektiv yoxdur: “Mən bunu mətbuata müsahibələrimdə də demişəm. Gətirib göstərsinlər görək o dövləti biz nə ilə quracaqdıq. Yalandan bir kağız düzəldiblər ki, guya bizim konsepsiyadır”.
Təqsirləndirilən Şamil Abduləliyev isə ifadəsində bildirib ki, ittihamlar saxtadır: “Nardaran hadisələrindən əvvəl mən Dövlət Gömrük Komitəsində çalışırdım. Həmin hadisədən 15 gün əvvəl Nardaranda məclisdə olduğum üçün məni işdən çıxartdılar. Bunu özümə qarşı haqsızlıq hesab edirəm. Burada oturanların heç birini tanımırdım və mütəşəkkil dəstə ittihamı gülüncdür. İstintaq zamanı verdiyim ifadələrin heç birini təsdiq etmirəm. Həmin ifadələr təzyiq altında alınıb. Namaz qılanda atışma səsi eşidib bayıra çıxdıq. Bu zaman bizi güllələməyə başladılar. Mənə 3 güllə dəydi. Onlardan ikisi hələ də bədənimdədir. Bu dəqiqə biz zərərçəkənlərik. Lakin bizi ittiham edirlər. Sanksiya olanda məni məhkəməyə xərəkdə aparırdılar. Vəziyyətimi nəzərə almırdılar. Güllələrin bədənimdə qalması məni çox incidir. Heç kim maraqlanmır. Başqa adam olmasa mən təbii tələbatlarımı ödəyə bilmirdim. Lakin məni iki ay “karser” otağında tək saxladılar. Sabunçu xəstəxanasında yatanda “Bandotdel”dən gəlib məni ölümlə hədələyirdilər. Əgər həmin evə polislər öz vəzifələrini yerinə yetirmək, nəyisə yoxlamaq üçün gəlirdilərsə niyə zibil, mebel maşınında gəlirdilər. Üç güllədən sonra dubinka ilə də məni döydülər”.
Məhkəmə prosesi avqustun 11-də davam edəcək.
T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.
2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırzadə da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb.
2015-ci il dekabrın 8-də AXCP sədrinin müavini F. Qəhrəmanlı da həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.