Taleh Bağırzadə: İşimə İlham Əliyev baxsın, sağ-solunda da…

”Mənim işim hüquqi işdir ki, ona məhkəmələr baxsın?”

Source:



Mənim işim hüquqi işdir ki, ona məhkəmələr baxsın?”

Aprelin 16-da Bakı Apelyasiya Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının sədri, ilhaiyyatçı Taleh Bağırzadənin şikayəti ilə bağlı məhkəmə prosesi başlayıb. Apelyasiya şikayəti ilahiyyatçının 20 illik cəzasının həbsxanada üzərindən yaddaş kartları tapılması ittihamıyla daha üç ay artırılması barədə Qaradağ Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli hökmündən verilib.

Məhkəmədə T.Bağırzadə özü də iştirak edib. İlahiyyatçının yaxınlarının Meydan TV-yə bildirdiyinə görə, onu istintaq təcridxanasına köçürməyiblər, məhkəməyə Qobustan həbsxanasından gətirib-aparırlar.

T.Bağırzadənin şikayətinə hakim Həsən Əhmədovun sədrliyilə baxılır. Məhkəmənin ilkin baxış iclasında hakim təqsirləndirilən ilahiyyatçıdan məhkəmə tərkibinə etirazı olub-olmadığını soruşub. T.Bağırzadə cavabında deyib ki, o, işinə, ümumiyyətlə, məhkəmədə baxılmasına etiraz edir: “Tale bağırzadə: «Mən şəxsən (prezident) İlham Əliyevin sifarişi ilə həbs olunmuşam. Ona görə də mənim işimə birbaşa Prezident Administrasiyası baxmalıdır. Başda İlham Əliyev, sağ-solunda da (prezidentin köməkçisi) Əli Həsənovla (PA-da şöbə müdiri) Fuad Ələsgərov. İclas katibi (PA rəhbəri) Ramiz Mehdiyev, prokuror da Zakir Qaralov olmalıdır…».

T.Bağırzadənin vəkili Fariz Namazlı apelyasiya şikayətinə qismən məhkəmə istintaqı keçirilməklə baxılması, ekspertin dindirilməsi və Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi barədə vəsatətlər qaldırıb. Bildirib ki, T.Bağırzadənin işində rəy verən ekspert heç bir əsas olmadan mini yaddaş kartlarını radioelektron cihazların elementlərinə daxil edib. Həmin ekspertiza rəyinə görə də T.Bağırzadəyə CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsində saxlanılan şəxsin qadağan olunmuş əşya əldə etməsi, daşınması, istifadəsi) maddəsi ilə ittiham hökmü çıxarılıb. Vəkil “radioelekron cihazlar və onların elementləri”nin əhatə dairəsinə hansı cihazların daxil olduğunu müəyyənləşdirmək üçün Konstitusiya Məhkəməsinə sorğu göndərilməsini xahiş edib.

Müdafiəçinin vəsatətlərinin heç biri təmin olunmayıb.

İlahiyyatçının məhkəməsi aprelin 23-də davam edəcək.

T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyatda həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il azadlıqdan məhrum edilib. İlahiyyatçı bu cəzanı çəkmək üçün Qobustan həbsxanasına köçürüləndən sonra haqqında yenidən cinayət işi başlanıb. O, gisli şəkildə yaddaş kartları saxlamaqda ittiham olunub.

T.Bağırzadə ona verilən ittihamları rədd edir və sifarişlə həbs olunduğunu bildirir.

Ana səhifəXəbərlərTaleh Bağırzadə: İşimə İlham Əliyev baxsın, sağ-solunda da…