Vəkillərin vəsatətlərinin heç biri təmin edilməyib
İyulun 7-də Bakı Apelyasiya Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin barəsində olan hökmdən verilən apelyasiya şikayətinə baxılıb.
Meydan TV-nin məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında vəkillər vəsatətlə çıxış ediblər. Onlar təqsirləndirilən şəxslərin müdafiəçilərin yanında əyləşməsini, məhkəmə prosesinin foto və video çəkilişlə aparılmasını, təqsirləndirilən şəxslər barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini, iclasın qismən məhkəmə istintaqı ilə aparılmasını xahiş ediblər.
İclasda çıxış edən Taleh Bağırzadə deyib ki, terrorçuluq, dövlət çevrilişi, polis əməkdaşının öldürülməsi kimi cinayətlərdə ittiham olunan şəxslərə aşağı cəza verilmir: “Bu cür cinayət törədən şəxslərə mütləq ömürlük həbs cəzası verilir. İttihama görə, mən iki polis əməkdaşının öldürülməsini sifariş etmişəm. Cinayətkar dəstənin başçısıyam. O zaman mənə niyə ömürlük həbs cəzası verilməyib? İlham Əliyev gəlib bunu izah etsin. Hakimiyyət bir bütdür. Bu bütü qırmaq lazımdır”.
Hakim onun çıxışını yarımçıq saxlayıb və vəkillərin vəsatətlərinin təmin edilmədiyini deyib.
Məhkəmənin baxış iclası iyulun 13-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırzadə 20, Abbas Hüseynov 20, Fuad Qəhrəmanlı 10, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyev isə 10 müddətinə azadlıqdan məhrum ediliblər. Taleh Bağırzadə və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər. Həmin şəxslərin barələrində olan hökmdən verilən apelyasiya şikayətlərində onların barələrində bəraət hökmünün çıxarılması istənilib.
2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı adları qeyd edilən şəxslər həbs edilib. Onlar Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunurlar. Əməliyyat zamanı 2 polis, 4 kənd sakini həlak olub.
T. Bağırzadə və digərləri ittihamı qəbul etmirlər. Onlar işgəncəyə məruz qaldıqlarını, ittiham saxta olduğunu bildirirlər. T. Bağırzadə bundan əvvəl bir neçə dəfə həbs edilib. O, hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb. T. Bağırzadə çıxışlarına görə, həbs edildiyini deyir.