”Görünür, biz hələ də bütün baş verənlərə rəğmən, kiminlə üz-üzə olduğumuzu tam olaraq dərk edə bilməmişik”
“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə təşkilatın İdarə Heyətinin üzvü
Əbülfəz Bünyadov
un 15 il azadlıqdan məhrum edilməsi barədə iyulun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə münasibət bildirib. Qobustanda qapalı həbsxanada saxlanılan ilahiyyatçı deyib ki, bu hakimiyyətdən hər cür qanunsuzluq, ədalətsizlik gözləyirdi, ancaq Ə.Bünyadovun vəziyyətində olan birinə qarşı elə münasibət sərgilənəcəyinə inanmırdı:
“Görünür, biz hələ də bütün baş verənlərə – edilən zülmlərə, ədalətsizliklərə, qanunsuzluqlara rəğmən, kiminlə üz-üzə olduğumuzu tam olaraq dərk edə bilməmişik. Ya da insan dediyimiz varlığın nələrə qadir olacağını lazımınca dəyərləndirmirik ki, yataq xəstəsi olan birini həbsxanaya göndərmək kimi bir zalımlığa şahidlik edirik.
Ötən gün Əbüləz Bünyadovun 15 il azadlıqdan məhrum edilməsi, bu cəzanın üç ilinin çəkilməsi üçün 3 il Qobustan həbsxanasına göndərilməsi barədə hökm xəbərini bu gün aldım. Açığı, qarşılaşdığım qanunsuzluq və haqsızlıqlara, zülmə rəğmən, bunu edəcəklərini ehtimal etmirdim. Düzdür, Azərbaycan hakimiyyətindən hər şey gözləyirəm, amma bu “hər şey”in içində əlil etdikləri, qətiyyən hərəkət edə bilməyən, təbii ehtiyaclarını belə ödəyə bilməyən bir insanı həbsə, özü də qapalı həsbxanaya göndərmək kimi münasibət yoxdu…”, – Taleh Bağırzadə bildirib.
İlahiyyatçı deyir ki, Ə.Bünyadovla bağlı hökmün insanlıqdan kənar hərəkət olmasını hakimiyyətdəkilərə sübut etmək istəmir. Bununla belə, onlara bir çağırışı da var:
“İqtidarda olduğunuz müddətdə çox ağır əməllərin yükünü öz vicdanınıza yükləmisiniz. Heç olmasa, bu dəfə özünüzə acıyın, bu yükü də vicdanınıza yükləyib ruhunuzu tam, xilas edilməyəcək şəkildə qaraltmayın. Nə qədər gec deyil, özünüzü xilas edin, Əbülfəz qardaşımız haqqındakı qərarı dəyişin…”
Taleh Bağırzadə, Əbülfəz Bünyadov və daha 16 nəfər 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Həmin əməliyyat Bünyadovun evində keçirilib və özü də güllələnərək iflic olub.
Ə.Bünyadov, T.Bağırzadə və digərlərinə qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. Ə.Bünyadov 1 il 1 ay həbsdə saxlandıqdan sonra polis nəzarətinə vermə qətimkan tədbiri ilə evə buraxılıb. Çünki o, hərəkət qabiliyyətini tam itirib, hətta yataqda belə, başqasının yardımı olmadan çevrilə bilmir.
T.Bağırzadə 20 il azadlıqdan məhrum edilib. Onunla birlikdə həbs olunan digər şəxslərə də 10 ildən 20 ilə qədər həbs cəzası verilib.