Vəkillər etiraz etdi: “Prokuror hakimlərlə müşavirə otağına gedə bilməz”
Oktyabrın 5-də “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin növbəti məhkəmə iclası keçirilib.
Zülmə qarşı mübarizə haqq işidir
Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə proses başlamazdan əvvəl Taleh Bağırzadə çıxış edərək bildirib ki, zülmə qarşı mübarizə aparmaq haqq işidir:”Bu gün cəmiyyətdə hər hansı ruhani, alim önəm daşımır. Artıq yezid hakimiyyəti məlumdur. Onların bizə etdikləri zülmdür. Düşmənlər məqsədli şəkildə müsəlmanları firqələrə bölmək istəyirlər. Yəni parçala, hökm et. Biz düzgün mövqe tutmuşuq. Hamımız müsəlmanıq. Bizə bu qədər zülm olunur. Lakin köməyi başqa yerdə axtarırıq. Artıq bıçaq sümüyə dirənib. Bəziləri məqsədli, bəziləri məqsəd olmadan ixtilaf salmaq istəyirlər. Onların hamısı hökümətə xidmət edirlər. Bizim Allahşükürlə, hacı Şahinlə problemimiz yoxdur. Kiminləsə işimiz yoxdur. Daşı atanların kim olduğunu bilirik. Əsas düşmən başda oturub. Biz bu gün xalq olaraq bütün dünyaya səs salmalıyıq. Təhlükələrin qarşısında duruş gətirmək lazımdır. Bu hakimiyyət bundan o tərəfə bizə heç nə edə bilməzdi.Gəlib danışırlar. Deyirəm, elə bir maddə yoxdur ki, mənə verməyəsiniz. Qalıb ölmək o da bizim üçün ən şərəfli işdir. Bunlar xalqın qarşısından qaçmalıdırlar. Lakin yenə də gəlib həyasızcasına danışırlar. Keçən il Nardaranda elə bil Qarabağı almışdılar. “Bandotdel”də bayram edirdilər. Deyirdim ki, burada polis ölüb. Bir il keçdi, bizim mənəvi qələbə çaldığımız məlum oldu. Keçən dəfə də dedim ki, bunlar istəyir Kəbə evinin içinə girsinlər, üstünə çıxsınlar paklanan deyillər”.
Bu qərar Prezident Aparatından verilib
Daha sonra proses başlayıb. İclasda çıxış edən Taleh Bağırzadə deyib ki, onu beş gündür cərimə kamerasında saxlayırlar: “Aşura məclisləri barədə etdiyim müraciətdən sonra bir bəhanə gətirib məni karsa salıblar. Lakin açıq- aydın deyirlər ki, səni çıxışlarına görə incidirik və bu qərar Prezident Aparatından verilib. Prezident Aparatı öz mahiyyətini bir daha göstərdi. Mən bunları qorxumdan demirəm. İstəyirəm ki, siz də biləsiniz. Bizə təzyiq olunur ki, fikirlərimiz cəmiyyətə çatdırılmasın. Beş gündür karsdayam. Adın qoyublar ki, guya səs-küy salmışam. Lakin nəyə görə olduğunu özləri də etiraf edirlər”.
Hakim Əlövsət Abbasov isə həmin məsələinin məhkəməyə aidiyyatı olmadığını deyib.
Prokurora etiraz
Təqsirləndirilən Abbas Hüseynov isə prokuror Nəsib Bayramova etirazla bağlı vəsatət verib. Bildirib ki, N. Bayramov zərərçəkmiş qismində dindirilən polis əməkdaşlarının tərəfin saxlayır, istiqamətverici suallar verir və qərəz göstərir. A. Hüseynovun ikinci vəsatəti isə “Xəzər” telekanalının direktoru Hüseyn Dinlemezle bağlı olub. A. Hüseynov deyib ki, onlar həbs olunmamışdan 20 gün əvvəl “Xəzər” televiziyasında onların terrorçu olmaları barədə süjet efirə verilib: “Gəlib Hüseyn Dinlemez ifadə versin görək, o məlumatı hardan alıb”.
Hakim isə yalnız etirazla bağlı vəsatəti müzakirə edəcəklərini deyib. Vəkillər və təqsirləndirilən şəxslər isə prokurorunun dəyişdirilməsi barədə olan vəsatəti müdafiə ediblər. Prokuror isə deyib ki, Abbas Hüseynovun hüquq təhsili yoxdur və həmin vəsatət əsassızdır. Prokuror Nəsib Bayramov etirazın hansı halda verilməsinin Cinayət Prosessual Məcəllədə açıq qeyd edildiyini deyib. O, vəsatətin təmin edilməməsini istəyib. Bundan sonr hakimlər müşavirəyə gediblər. Bu zaman prokurorlar da onların arxasınca gediblər. Hakim müşavirədən sonra vəsatətin baxılmamış saxlanıldığını deyib.
Vəkil Yalçın İmanov isə deyib ki, hakimlər müşavirədə tək olmalıdırlar. Prokurorların da onlarla birlikdə getməsi qanun pozuntusudur: “Nəyə görə prokurorlar hakimlərlə birlikdə gedirlər? Biz də tərəfik. Onda biz də gələk oturaq müşavirə otağında. Mənə aydın oldu ki, məhkəmə obyektiv deyil və tərəf tutur. Ən azından prokurorlar başqa qapıdan çıxıb gedə bilərdilər. Lakin onlar sizinlə birlikdə gedib-gəlirlər”.
Hakim isə müşavirə otağında yalnız hakimlərin olduğunu deyib: “Sizi inandırıram ki, otaqda üçümüzdən başqa kimsə olmayıb. Bizim arxamızca kimsə gəlirsə, biz onu görmürük. Orada otaqdan başqa dəhliz də var. Prokurorlar dəhlizdə olublar. Məhkəmə belə qurulub”.
Prokuror Nəsib Bayramov isə deyib ki, təqsirləndirilən şəxslər onlara qarşı nalayiq ifadələr işlətdikləri üçün məhkəmə zalını tərk ediblər.
Taleh Bağırzadə isə prokurorun özünün Abbas Hüseynovu təhqir etdiyini deyib: “Prokuror dedi ki, Abbasın savadı yoxdur. Onun xasiyyətini bilə-bilə damarından basır. O zaman peyğəmbər də yəhudi alimlərini ulağa bənzədib demişdi ki, savadları var, lakin istifadə etmirlər. İndi həmin məsəl yerinə düşür”.
Məhkəmə tərkibinə də etiraz edildi
Vəkil Nemət Kərimli isə məhkəmə tərkibinə etiraz vəsatəti hazırlamaq üçün hakimlərdən vaxt istəyib: “Qanunvericiliyə görə hakimlər müstəqildirlər. Bütün şübhəli hallar isə təqsirləndirilən şəxslərin xeyirinə həll edilməlidir. Müşavirə gizli olmalıdır. Lakin prokuror hakimlə bir gedib-gəlir. Buna görə bütün tərkibə etiraz veririk”.
Məhkəmə vəkillərə vəsatəti hazırlamaq üçün vaxt verib. Fasilədən sonra vəsatət müzakirə edilib və hakim vəsatətin baxılmamış saxlanıldığını deyib.
Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Rüstəm Cəfərov ifadə verib. O, hadisə vaxtı Əlibala Vəliyevi zərərsizləşdirdiyini, onun əlində bıçaq olduğunu, üzərindən qumbara çıxdığını deyib. Bildiirb ki, həyətdə qumbara atan ağ köynəkli şəxsi görüb. Lakin həmin adam hazırda təqsirləndirilən şəxslərin arasında yoxdur.
Vəkil Nemət Kərimli şahiddən soruşub ki, silahlı dəstə üzərinə gedən zaman nəyə görə qarşıda iki polis əməkdaşı yalnız rezin güllə atan silahlarla gediblər: “Ölən polislərin ikisi qarşıda gediblər və onlarda ancaq rezin güllə atan silah olub. Bu hansı məntiqlə baş verdi?” Şahid isə suala cavab olaraq bunun qismət olduğunu söyləyib.
R. Cəfərov Ə. Vəliyevi saxlayan zaman onun barmağında xəsarət olduğunu da deyib.
Taleh Bağırzadə isə şahiddən əməliyyat zamanı da bu halda olub-olmamasını soruşub: “Mən Yasamalda yaşamışam. Nəyin nə olduğunu yaxşı bilirəm. Beş ildir də türmələrdəyəm. Siz elə bil gəmidə yellənirsiniz. Ayaq üstə düz dura da bilmirsiniz”. Hakim isə deyib ki, şahidin ayağı ağrıdığı üçün düz dayana bilmir.
Əlibala Vəliyev isə deyib ki, şahidi BMCMİ-də iki dəfə görüb: “Müstəntiq Rəhman müəllim ondan soruşdu ki, Əlibalanı tutan zaman sənə müqavimət göstərdi. O da dedi xeyir. Sonra üzərimdən nə çıxdığını soruşdu. Rüstəm də heç nə çıxmadığını dedi. Mən də ona təşəkkür etdim. Mənim barmağı isə idarədə döyəndə sındırdılar. Rüstəm mənə təzyiq etməyib” .
Məni təpiklə vurdu
Digər təqsirləndirilən Cabbar Cabbarov isə idarədə onları təpiklə vuran şəxslərdən birinin isə Rüstəm Cəfərov olduğunu deyib. Şahid bunu təsdiq etməyib.
Abbas Hüseynov isə deyib ki, şahid bütün sualları gülüşlə qarşılayır: “O, qanun qarşısında gülür”.
Fuad Qəhrəmanlı isə şahidin narkoloji yoxlamadan keçirilməsinin vacib olduğunu bildirib. Şahid isə bunu narazılıqla qarşılayıb.
Təqsirləndirilən Şamil Abduləliyev isə şahiddən soruşub ki, qumbara atanı görübsə, niyə onu zərərsizləşdirməyib. Şahid deyib ki, qumbara atanın yaxınlığında başqa əməliyyatçı olduğu üçün bunu etməyib.
Proses oktyabrın 7-də davam edəcək.
T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırzadə də daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.