“Ona işgəncə verilməsi ilə bağlı yayılan məlumatlardan narahatdır”
“Şükür Allaha, yaxşıyam, hər şey normaldır. Narahatçılığa ehtiyac yoxdur…”.
“Müsəlman Birliyi” Hərəkatının həbsdəki lideri, ilahiyyatçı Taleh Bağırov avqustun 6-da həyat yoldaşı Leyla İsmayılzadəyə telefonla belə deyib. Bu barədə onun xanımı AzadlıqRadiosuna bildirib.
Leyla İsmayılzadə ilahiyyatçının Qobustandakı qapalı həbsxanada işgəncəyə məruz qalması barədə yayılmış məlumatlardan narahat olduğunu bildirib.
“Bizi dünən Penitensiar Xidmətdə Oqtay Məmmədov qəbul etdi. Söz verdilər ki, bu gün həbsxanada Tale Bağırzadə ilə görüşə biləcəyik. Həm də o, bizə zəng edəcək. Zəng etdi. Durumunun yaxşı olduğunu dedi. Ona işgəncə verilməsi ilə bağlı yayılan məlumatlardan narahat oldu”.
Xanımı bu gün, avqustun 7-si T.Bağırovla görüşməyib:
“Görüşə getməyimi özü istəmədi. Bu günlərdə öz otağına köçürüləcək. Bizə xəbər edəcək, gərəkli əşyaları alıb, sonra gedəcəyik”.
İlahiyyatçının vəkili Yalçın İmanov da onunla hələlik görüşə bilməyib. Vəkil Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxlayıb, amma hələ də görüşdən ötrü gərəkli prosedurlar tam icra edilməyib.
“Bildirdilər ki, mənim görüşlə bağlı məktubum çoxdan onlardadır. Mənə cavab göndərdiklərini də bildirdilər, amma cavabı almamışam. Qobustan həbsxanası ilə də əlaqə saxladım. Məktub onlara da çatmayıb. Bu o deməkdir ki, hələlik görüşə bilməyəcəyəm”, – deyən vəkil gün boyunca müdafiə etdiyi şəxs ilə görüşməkdən ötrü əlaqəli qurumlarla təmasda olacağını ifadə edib.
Y.İmanov ilahiyyatçıya işgəncə verilməsi barədə bilgisiz olduğunu deyib. O, eyni zamanda, qızmar günlərdə məhbusun cərimə kamerasına (kars) salınmasının elə işgəncə olduğunu ifadə edib.
“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırovun Qobustandakı qapalı həbsxanaya göndərildikdən sonra – ötən həftəsonu işgəncəyə məruz qaldığı bildirilirdi. Üstəlik, onun cərimə kamerasına salındığı deyilirdi. Bu haqda ilahiyyatçının yaxınları məlumat vermişdilər. Onun cərimə kamerasına salındığı təsdiqlənsə də, işgəncəyə məruz qalması ilə bağlı iddiaları onun özü də təkzib edib.
2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.
Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, Abbas Hüseynov 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.
Daha iki qrupun məhkəməsi davam edir. 10 gün əvvəl isə əlavə iki nəfərin istintaqı yekunlaşıb.
Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.
Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.