Tale Bağırzadənin qurmaq istədiyi dövlət

O, bunu gizlətmir…

Source:


Hacı Taleh Bağırzadənin Meydan tv-ə müahibəsini dinlədim. Bir neçə məqam diqqətimi çəkdi. Bunlarla bağlı öz fikirlərimi bildirəcəyəm.

Taleh bəyin İranın əleyhinə çıxmaqda tərəddüdü diqqət çəkir. İŞİD barədə sübut olunmamış faktları (İsraillə, ABŞ-la işbirliyi) mübahisələndirmədən deyirsə, İran barədə sübut olunmuş məsələləri (Ermənistana müharibədə yardımını, Güney Azərbaycanı ana dilində təhsildən məhrum etməsini) mübahisələndirir, qarşı tərəfin fikrini öyrənməyə çağırır. Yalnız Natiq Cavadlının peşəkar israrından sonra Güney Azərbaycanda ana dili hüququnun pozulmasının qəbuledilməz olduğunu etiraf edir.

Halbuki, Güney Azərbaycanda onmilyonlarla insanın ana dili hüququnun pozulması sübuta ehtiyacı olmayan faktdır. Söhbət Güney Azərbaycanın müstəqilliyindən, heç siyasi muxtariyyətindən də getmir, söhbət ən adi hüquqlardan birindən – ana dilində təhsildən gedir.

Taleh bəy Azərbaycanda islam dövləti istədiyini gizlətmir. Amma diqqəti bu qəbuledilməz məsələdən yayındırmaq üçün Azərbaycan cəmiyyətinin indi buna “hazır olmadığını” bildirir. Ardını isə demir. Əslində ardı belədir: “Biz ona görə hakimyyətə gəlmək istəyirik ki, Azərbaycanı buna hazırlayaq, şəriət dövlətinə çevirək”.

Amma Taleh bəy siyasətçi kimi davranır, yalnız radikal dini kütləyə apellyasiya etmir, daha geniş kütləni hədəfləyir, şəriət dövlətini “təxirə salır”, bir az müqavimətdən sonra Güney Azərbaycanı da “müdafiə edir” və s..

Bir yerdə isə bəy qeyd edir ki, indi post-modernizm dövrüdür və post-modernizm modernizmin dəyərləri inkar etməsindən fərqli olaraq, onların yenidən dəyərləndirilməsini irəli sürür. Taleh bəy yenidən dəyərləndirməyə çıxarılmış keçmiş dəyər kimi islamı önə çəkir, ona yeni münasibətin, yenidən gündəmə, siyasətə gətirilməsinin vacibliyini vurğulayır.

Bundan əvvəl bir yazımda yazmışdım, yenə təkrar etmək vacibliyi hiss edirəm. Post-modernizm Qərbin məhsuludur. Qərb isə pre-modernist barbarlığı devirmək üçün milyonlarla qurban verib, yüzlərlə inqilab edib. Lakin post-modernizmdə “insan” adlı dəyər danılır. Hər şey qiymətləndirilir, şərhə tabe sayılır, hermenevtik bacarıqdan asılı vəziyyətə gətirilir. İnsan artıq fərd olmur, xırda fərdlərə parçalanır, çoxlu “həqiqətlər”lə yaşaya bilir. “Bu, mənim şəxsi fikrimdir” ifadəsindən sui-istifadə bu “həqiqətlər”in hər birinə guya legitimlik qazandırır. İnsan şəraitdən, çevrədən asılı olaraq, eyni şeyə müxtəlif rəylər verə və hər bir rəyin ona məxsus olmasını utanmadan etiraf edə bilir.

Gördüyümüz kimi, əslində, post-modernizm dinlə qətiyyən uyuşmur. Amma bir azdan görəcəyik ki, “uyuşmur” yox, “uyuşmamalıdır”. Axı post-modernizm hər bir izaha, fikrə bərabər yaşamaq hüququ verir. Bu, həm də şəriət, rasist millətçilik istəyənlərə liberallıq, sosial bərabərlik kimi bəşəri nailiyyətləri ifadə edən anlayış müdafiəçiləri ilə eyni ölçüdə meydan verməkdir. Bu, imkan bərabərliyi anlayışından sui-istifadə və bu anlayışın təhrif olunmasıdır. Yəni “bu, mənim şəxsi fikrimdir”, “bu, mənim (bizim) öz seçimimizdir” ifadəsinin altına faşizmi də salmaq olar, şəriəti də, seqreqasiyanı da.

Buna görə də, Qərbin post-modernizmi daha səmimi və təbiidir. Onlar keçdikləri dəyərləri yenidən qiymətləndirirlər, amma onlarda bəzi şeylər sadəcə keçilməyib, tamamilə öldürülüb. Orada Papa hakimiyyətini bərpa etmək olmayacaq. Ona görə də, Qərb post-modernizmi feodalizm dövrünə uzaqbaşı memarlıqda, rəsmdə, ədəbiyyatın mövzularında qayıdır.

Amma vay o cəmiyyətlərin halına ki, modernizmi əməlli-başlı yaşamayıblar, qura bilmirlər hələ də və düşüblər post-modernizmin əlinə. Daha doğrusu, post-modernizm ifadəsindən sui-istifadə edən pre-modernistlərin əlinə. Bunlar Şərq cəmiyyətləridir, xüsusən də müsəlmanların əksəriyyət təşkil etdiyi ölkələr. Bu ölkələrdə post-modernшzm deyil, süni, dırnaqarası post-modernizmdir. Qərbin təbii post-modernizmi “lediqaqalığa”, “castinbiberliyə”, “iphone-luğa”, klassikaya müraciətə, burjuy, meşşan həyat tərzinə aparırsa, Şərqin süni, yalançı “post-modernizmi” isə öz klassikasına – islama, tiranlığa, feodal müharibələrinə aparır.

Əvvəlki yazımda da yazdığım kimi, biz qətiyyən bu mərhələyə çatmamışıq. Çünki biz heç modern cəmiyyət olmamışıq ki, post-modern də ola bilək. Ona görə də, bu təşəbbüs bizdə daha təhlükəlidir. Darmadağın olunmuş, 3 ilə (1918-20, 1992-93) toparlanmağa macal tapmamış cəmiyyətin hazırda vahid, sarsılmaz (ən azından görünən), hər şeyin fövqündə duran modern dəyərlərə ehtiyacı var, modernizmi danmağa yox. Formalaşmamış dəyərləri məhv etməyə girişənlər əslində bir cəmiyyəti, onun proqres ehtimallarını məhv etməklə məşğuldurlar. Azadlıq, demokratiya, insan hüquq və azadlıqlarının aliliyi, dünyəvilik, sekulyarizm kimi onlarla dəyər var ki, bunlar yalnız çox tətbiq olunmuş, insanları usandırmış cəmiyyətlərdə təbii olaraq hədəfə gəlirlər. Bizdə isə nəinki usandırıcı olmayıblar, heç tətbiq də olunmayıblar.

Taleh bəyin də post-modernizmə tutunması, bəlkə də, qəsdən olmayan qeyri-səmimi münasibətdir. Post-modernizm həm də pedofiliyanın, zorakılığın təbliğinin qarşısının alına bilməməsidir, LGBT-lərə heteroseksuallarla bərabər hüquqların verilməsidir, eyni zamanda bunun əleyhinə çıxan homofobiyaya eyni dərəcədə meydan verməkdir. Post-modernizm yenidən dəyərləndirmə adı ilə modernizmin inkarı və yerinə heç nə təklif olunmamasıdır. Heç bir din bununla razılaşmır. Amma sui-istifadə edirlər ki, modernizmin məhvedici təsirindən qurtara bilsinlər. Məsələn, İŞİD-də döyüşən qərblilər post-modernizmin məhsuludur. Biz post-modern də ola bilərik, amma yalnız təməl dəyərlərmizi itirməmək şərti ilə.

Taleh bəy dəyərli, cəsarətli insandır, bu ölkənin xoşbəxtliyini istədiyinə inanıram. 2 dəfə həbsdə qısamüddətli görüşümüz olub. Onda da görmüşəm ki, o, tolerant və dialoqa açıq adamdır. Lakin hesab edirəm ki, onun dinin dövlətdən ayrı olmasının əleyhinə çıxması ilə bağlı verdiyi şərh yanlışdır. Din xadimləri dövlətin ali vəzifələrini tuta bilməzlər, bunu başqa cür şərh edib din xadimini vəzifəyə gətirmək sekulyarizmə ziddir.

Sekulyarizm isə bizim dünyəvilik, respublikaçılıq, insan hüquqlarının aliliyi və s. kimi təməl dəyərlərimizdən biridir. Bunlardan imtinanı təbliğ edən hər hansı çağırışa, cərəyana uymaq yolverilməzdir. Demokratiya Taleh bəyin dediyi kimi, istədiyini seçmək deyil, səsvermə ilə şəriət qurmaq deyil. Bunu Hitler çoxdan sübut edib. Xalqların suverenliyinin məhdudiyyətləri 1945-də San-Fransiskoda möhkəmləndirilib, 1948-də yazıya alınıb, 1976 və 1982-də qüvvəyə minib. “Dünya İnsan hüquqları Bəyannaməsi”ndə, “Mülki və siyasi hüquqlar haqqında”, “İqtisadi və sosial hüquqlar haqqında” Paktlarda dəyərlərimiz yazılıb.

Biz bu qeyri-demokratik rejim şəraitində çox şey itirmişik, amma sekulyarizmimizi saxlaya bilmişik. İndi isə bu da böyük təhlükədədir. Çünki ölkədə ədalətsizliyin dibə vurması insanların yerdən əlini üzüb, göyə açmasına səbəb olub. Göylə yer arasındakı “tərcüməçilər” isə bu vəziyyətdən maksimum yararlanmağa çalışırlar. 19-cu əsrin sonu-20-ci əsrin əvvəllərində min bir əziyyətlə Azərbaycanda bərqərar edilmiş dəyərlərimiz böyük təhlükədədir. Onları qorumaq lazımdır, dağıtmaq yox.


Yazı müəllifin şəxsi fikirlərini əks etdirir.


Meydan.TV qarşı tərəfin mövqeyini yayınlamağa hazırdır…

Ana səhifəMənim FikrimcəTale Bağırzadənin qurmaq istədiyi dövlət