Milli Şura martın 15-ə mitinq təyin edib. Bakı Şəhər İcra hakimiyyətinin aksiyaya reaksiyası bəlli olmasa da, şura təbliğat kampaniyasına start verib. Əsas tələblər Mərkəzi Bankın 21 fevral qərarından sonra əhalinin sosial durumunun ağırlaşmasına qarşı heç bir tədbirin görülməməsi və islahatların aparılmamasıdır. Ancaq “hələ aksiya keçirməyin zamanı deyil” – söyləyənlər də var. Bu xüsusda suallarımızı Milli Şuranın beynəlxalq münasibətlər üzrə sədr müavini Gültəkin Hacıbəyliyə ünvanladıq.
–
Gültəkin xanım, 15 mart mitinqi hansı zərurətdən yarandı?
– Çox ciddi ehtiyac vardı. Sosial şəbəkələri izləyənlər görür ki, bəziləri hətta mitinqin gecikdiyini bildirirlər. Fevralın 21-də Azərbaycanda misli görünməmiş hadisə baş verdi, bir günün içində əmanətlərini manatla saxlayan, maaşlarını, təqaüdlərini, müavinətlərini manatla alan insanlarımız 34 faiz müflisləşdi. Çünki fevralın 21-də Mərkəzi Bank manatın məzənnəsində gözlənilməz dəyişiklik etdi. Bu qərar o zaman qəbul edildi ki, ondan bir neçə gün əvvəl Mərkəzi Bank İdarə Heyətinin sədri Elman Rüstəmov rəsmi şəkildə dövlət televiziyasına müsahibəsində manatın kəskin devalvasiyaya uğramayacağını, prosesin yumşaq gedəcəyini demişdi. Eyni zamanda, millət vəkili Vahid Əhmədov Mərkəzi Bankla mütamadi əlaqəsaxladığını və ona rəsmi olaraq ilin sonuna qədər 1 dolların 90 qəpik civarında qalacağını əmin etdiklərini bildirirdi. Ancaq buna baxmayaraq, insanları rahat salandan, ciddi vədlər verəndən sonra manatın kəskin şəkildə devalvasiyaya uğraması cəmiyyətdə çox böyük narazılıq yaradıb. Onsuz da insanların ləyaqətli həyatını təmin edə bilməyən maaşlarının, pensiyalarının daha da dəyərsizləşməsi bir yana, sayğısız münasibət daha çox təsir edib.
–
Siz sosial şəbəkələrdə mitinqin gecikməsi barədə fikirlərin yer aldığını dediniz.Amma onunla bərabər, mitinqin hələ tez olduğunu vəictimaiyyətin bahalaşmanın “dadı”nı hiss etmədiyini deyənlər də var. Bu barədə nə deyə bilərsiniz?
– Tamamilə doğrudur. Nəinki sosial şəəkələrdə, biz mitinqin müzakirəsi zamanı qərar qəbul edərkən bu mövqe Milli Şuranın özündə də çox ciddi diskussiyalar yaratdı. İki iclasımızı həmin münasibətə həsr etdik. Mitinqin 15 marta təyin olunmasının tərəfdarları və əleyhdarları arasında çox ciddi polemika yaşandı. Bəzi hörmətli üzvlərimiz də mitinqin təyin olunmasının hələ tez olduğunu, insanların öz üzərində, ciblərində bu ağırlığı hiss etmədiyini və hələ təsirli olmadığını dedilər. Ona görə onlar bir az gözləməyi vacib saydılar. Mən mitinqin 15 marta təyin olunmasının tərəfdarıydım və bu mövqe üstün oldu. Aydındır, ölkədə sosial vəziyyət çox gərgindir və bu proses davam edir.
–
Ancaq insanlar hələ bahalaşmanı hiss etmirsə, Milli Şura niyə tələsir? Çox qəribədir, Milli Şura bir çox məsələlərdə tələsir, bəzilərindəsəgecikir. Bakı Yay Olimpiya Oyunlarını boykot etmək, misal üçün…
– Boykotla bağlı Milli Şuranın qərarı yoxdur…
– Amma hər halda ayrı-ayrı fuksionerlər bu barədə danışır…
– Bəli, ayrı-ayrı Milli Şura üzvlərinin belə mövqeyi ola bilər. Hətta xatırlayıram, ötən il hörmətli Leyla Yunusun boykotla bağlı müraciəti vardı. O cümlədən, bəzi Milli Şura üzvlərinin oxşar mövqeləri olub, amma şuranın qərarı olmayıb.
– Demək olarmı ki, bu məsələdə gecikmisiniz?
– Bizim boykotla bağlı rəsmi çağırışımız yoxdur. Mən şəxsən öz adımdan danışa bilərəm, bu mənada Olimpiya Oyunlarını fürsət sayıram. Yarışlara bir neçə ay qalsa da, Qərb mediasının diqqəti Bakıya yönəlib, artıq indidən ABŞ-ın, Hollandiyanın, Almaniyanın KİV-ləri Azərbaycanda baş verən hadisələrə, insan haqlarının pozuntusuna, demokratiya sahəsinə diqqət çəkirlər. Mən “Avroviziya” yarışması öncəsi dövrü xatırlayıram, o zamankı qədər Azərbaycana diqqət heç vaxt olmamışdı.
–
Amma daxildən olan etirazlar o dövrdə olduğu qədər deyil.Bugün cəmiyyət sanki çaşqın, durğun və arzuolunmaz vəziyyətdədir. Nə qiymət artımına etiraz var, nə də… bir sözlə, özünəqapanma var?
– Məsələ göründüyü qədər bəsit deyil, daha mürəkkədir. “Avroviziya”vaxtında olduğundan cəmiyyət bu gün mənfi enerji ilə daha da yüklənib. Xüsusən də bu bahalıq fonunda. “Avroviziya” ərəfəsində neftin qiyməti 100 dolların üzərindəydi və büdcədə problem yox idi, Neft Fondu da artırdı. O zaman etirazlar daha çox siyasi tələblərlə bağlıydı, insan haqları pozulurdu, vətəndaş cəmiyyətinə məhdudiyyətlər qoyulurdu. Yəni kütlələrə sirayət edən bu qədər etiraz yox idi. Həmin vaxt etirazlar ona görə görünürdü ki, onları təşkil edən qurumlar vardı. Məsələn, Rəsul Cəfərov mahnı yarışmasıərəfəsində çox parlaq kampaniya təşkil etmişdi. Bu gün o da, Leyla Yunus da, çox fəal olan Xədicə İsmayıl da, İntiqam Əliyev də həsdədir. Emin Hüseynov isə məcburiyyət qarşısında gizlənib. Yəni vətəndaş cəmiyyəti fəalları həbsdə və bu institutun özü darmadağın olub. Yaxud başqa bir məqam, fəal ictimai xadim, politoloq Leyla Əliyeva Bakıda deyil, etirazın təşkilatçılarından Şahvələd Çobanoğlu istintaq altındadır. Bu gün artıq vətəndaş cəmiyyətində fərd olaraq müqaviməti göstərə bilən insanlar qalmayıb. Ancaq bunun əvəzində hakimiyyət üçün daha təhlükəli bir reallıq yaranıb, bütün dünyada partiyalar və ictimai təşkilatlar vasitəsilə idarə olunan siyasi proses artıq kortəbii formada kütlənin üzərinə transformasiya edilir, narazılıq kütlənin içinə gedir. Kütlə görür ki, onun sözünü deyən fəallar, qurumlar təqiblərlə üzləşir, həbs edilir.Belə olan halda həmin enerji kütlənin içində yığılıb qalır ki, bu, hansısa formada özünü göstərəcək. Nəzərə alın ki, bu gün kütlənin içində yığılan mənfi enerji “Avroviziya” mahnıyarışmasının keçirildiyi zamandan daha çoxdur. Çünki hər bir insan qiymət artımını öz ailə büdcəsində hiss edir.
–
Bəs Milli Şura necə, həmin enerjini öz arxasınca apara biləcəkmi, yoxsa enerjinin arxasınca gedəcək?
– Çox maraqlı sualdır və bu sual Milli Şuranı da çox düşündürür. Mən bu gün birmənalı olaraq bu suala cavab verə bilmərəm ki, Milli Şura hazırda Azərbaycandakı etiraz enerjisini tam olaraq idarə etmək iqtidarındadır. Bizim belə bir gücümüzün olmasını çox arzulayardım. Amma Azərbaycanda bunu bacaran yeganə qüvvə Milli Şuradır. Yəni Milli Şura bunu bacarmayacaqsa, heç bir qüvvə bacarmayacaq və bu gedişat xaotik, arzulamadığımız, öz arxasınca böyük fəsadlar gətirə bilər.
–
Sosial şəbəkələrdə Milli Şuranın marginallaşdığı haqqında fikirlər səslənir.Deyilənlərdə həqiqət varmı?
– Bu fikirlərdə həqiqət payı var. Ancaq bu, Milli Şuranın fəaliyyəti ilə bağlı deyil. Mənimlə də razılaşarsınız ki, Azərbaycanda olan basqılar, təqiblər Avropa məkanında avtoritarizmin mənbəyi olan Rusiyada və Belarusda belə mövcud deyil. Siyasi məhbusların sayını götürdükdə, Azərbaycanda onların sayı hər iki ölkədən çoxdur. Eyni zamanda, siyasi qüvvələrə təqiblər də bu ölkələrdə olduğundan az deyil, daha çoxdur. Məsələn, Rusiya müxalifətində olan maddi imkanlar heç yüzdə biri Azərbaycan müxalifətində yoxdur. Bizim KİV-ə çıxış imkanlarımız o qədər də yoxdur, həm dəazad mətbuat ağır durumdadır. Media imkanlarına baxaq, “Azadlıq” qəzeti, Meydan TV və sosial şəbəkələr. Azadlıq Radiosunun fəaliyyəti isə iflic vəziyyətindədir. Belə məhdud imkanlarla marginallaşmamaq mümkün deyil. Ancaq razılaşarsınız ki, Milli Şura bu qədər təqiblərə, məhrumiyyətlərəbaxmayaraq, fəaliyyətdədir. Bu gün Milli Şuranın neçə üzvü həbsdədir, yaxın zamanlarda isə Qurban Məmmədov azad edildi. Ancaq Leyla Yunus həbsdədir, Şahvələd Çobanoğlu istintaq altındadır və onun həbs təhlükəsi kifayət qədər ciddidir, Cəmil Həsənlinin qızı barədə saxta hökm çıxarılıb, Əli Kərimlinin xarici pasportu 10 ildən çoxdur verilmir, yaxın qohumu da həbsdədir, Eldəniz Quliyev və mənimlə bağlı saxta diffamasiya hökmlər çıxarılıb.
–
Bunlar məlumdur, amma yaradıcılıq imkanlarını genişləndirib yeni mübarizə üsulları tapmaq mümkün deyilmi? Başqa bir məqam, Müsavat Partiyası Milli Şuraya mitinqin birgə keçirməsi haqda müraciət edib, ancaq cavab yoxdur. Bunlar barədə nə deyə bilərsiniz?
– Martın 11-də Milli Şuranın mitinq müraciəti yayılıb. Biz hər bir Azərbaycan vətəndaşına üzümüzü tutmuşuq, onların arasında müsavatçı da, VHP-çı də, hətta YAP-çını da nəzərdə tuturuq. Özünün və vətəninin taleyinə biganə olmayan hər bir Azərbaycan vətəndaşını mitinqə dəvət edirik. Bu baxımdan Milli Şura partiyalar və vətəndaşlar arasında ayrı-seçkilik qoymur. Bilirsiniz, 15 mart aksiyası Milli Şuranın hansısa siyasi aksiyası, ya da seçkidə özünə dəstək mitinqi deyil ki, hansısa partiya ilə əməkdaşlıq quraq. 15 mart ölkədə baş verən soyğunçuluq və talan siyasətinə etiraz aksiyasıdır. Kim 8 milyardın Olimpiya Oyunları adı altında israf edilməsini və bunun fonunda şəhid ailələrinə müavinətlərin verilməməsini haqsızlıq sayırsa, onu mitinqə dəvət edirik. Kim hesab edirsə ki, erməni nümayəndə heyətinin hər birinə 39 min manat xərc çəkilməsi qarşısında Qarabağqazilərinin kredit borcuna görə intiharına susmaq olmaz, həmin insanları mitinqə dəvət edirik.
–
Yəni 15 mart sosial aksiyadır?
– Bəli, sırf siyasi tələblər yox, sosial tələblərimizi irəli sürürük.
–
Deməli, Milli Şura vaxtilə solçuların qabartdığı tələbləri gündəmə gətirib siyasi mübarizə üsuluna keçir?
– Yox. Milli Şura xalqın təşkilatı olduğundan millətin istəklərindən doğan addımlar atır.
–
Amma xalqın içinə tam yayılmayıb?
–
Sözsüz. Biz mitinqi 15 mart tarixinə salmaqla prosesin önündə getmək istədik.
–
Yəni parlament seçkilərinə hazırlaşırsınız?
–
Hər bir siyasi təşkilatın hədəfi seçkidir və bunu danmaq mümkün deyil. Ancaq seçki bizim taktiki hədəfimizdir. Geniş anlamda Milli Şuranın bir hədəfi var: Azərbaycanda avtoritarizmdən demokratiyaya keçidi dinc şəkildə təmin etmək. Bunun üçün siyasi-hüquqi və iqtisadi islahatların germəkləşməsinə nail olmaq.