“Oğlumla tutulanlar azadlığa buraxıldı, özü isə 13 il həbs cəzası aldı”
“Məhkəmə müstəntiqin tərtib etdiyi saxta protokola əsaslanaraq oğluma 13 il həbs cəzası kəsib. Halbuki, oğlum taksi sürücüsü olub və maşınına sərnişin kimi oturmuş adamların güdazına gedib. Məhkəmə həmin adamları kənarda saxlayıb, oğlumu məhkum edib”.
Bunu Meydan TV-yə narkotik qaçaqmalçığılına görə Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən 13 il müddətinə məhkum edimiş Faiq Məmmədovun anası Məhsəti Məmmədova deyir.
“Oğlum onlara yalnız taksi xidməti göstərib”
Ananın sözlərinə görə, Yevlaxda yaşayan və taksi fəaliyyətiylə məşğul olan oğlu Faiq Məmmədov iki il əvvəl həbs olunub. Ana deyir ki, oğlu Yevlaxda taksi fəaliyyətiylə məşğul olub, ailəsini saxlayırdı. 2020-ci ilin sentyabrında balıq ovuna getməyə hazırlaşırmış. Küçədə Elşən adlı həmkəndlisi ilə qarşılaşıb, Elşən ondan Beyləqanın Qardağalı kəndinə aparıb-gətirməsini xahiş edib, oğlu da razılaşıb: “Yevlax avtovağzalından oğlumun tanımadığı, Elşəninsə tanışı olan bir nəfəri də götürüb Beyləqana yola düşüblər. Qardağalı kəndində ikisi də düşüblər, oğluma gözləməyi tapşırıb aralanıblar, az sonra Elşənin tanışı tək qayıdıb, maşına minib, sürüb oradan aralanıblar. Bir azdan İbrahim adlı həmkəndlimiz oğlumla görüşüb, təklif edib ki, həmin yerə qayıdıb Elşəni axtarsınlar. Həmin yerə qayıdanda sərhədçilər oğlumu da, İbrahimi də tutub hərbi hissəyə aparılıblar. 3 gündən sonra oğluma qarşı narkotik qaçaqmalçılığı maddəsiylə cinayət işi açıblar”.
“Nə istintaq, nə məhkəmə ortaya sübut qoya bilməyib”
Ananın sözlərinə görə, nə ibtidai istintaq, nə də məhkəmədə Faiq Məmmədova qarşı tutarlı sübut ortaya qoyulub:
“Müstəntiq guya oğlumun telefonunda onun cinayətini sübuta yetirəcək bir səs yazısının protokolunu tərtib edib. Guya oğlum narkotiki İrandan göndərən şəxslə “Whatsapp”da səsli mesajlaşıb. Vəkil həmin sübutun məhkəməyə təqdim olunması üçün vəsatət versə də, təmin olunmayıb. Hətta məhkəmədə də üzə çıxıb ki, müstəntiqin tərtib etdiyi protokol saxtadır, bununla belə, hakim buna göz yumub. Məhkəmənin videokonfrans formatında keçirilməsi isə Faiqə imkan vermədi ki, istədiyi kimi ifadə versin, fikrini çatdırsın”.
“Oğlumla bərabər tutulanlar azadlığa buraxılıb”
Hökmdə qeyd olunub ki, Sərhəd Xidmətinin əməkdaşları tərəfindən aşkar olunmuş narkotikə baxış keçirilərkən hal şahidləri iştirak edib. Ana isə deyir ki, vəkil hal şahidlərinin qeyd olunan yerdə olub-olmadığını müəyyən etmək üçün məhkəmədə anten məlumatların çıxarılmasına dair vəsatət qaldırıb, ancaq hakim vəsatəti təmin etməyib:
“Məhkəməyə şahid qismində dəvət olunan Sərhəd Xidmətinin əməkdaşlarısa oğlumu ümumiyyətlə, tanımadılar. Hələ ibtidai istintaq zamanı müstəntiq rayon polis idarəsinə sorğu göndərmişdi və sorğuya cavab verilmişdi ki, Faiq heç vaxt narkotik istifadəçisi, alqı-satqısıyla məşğul olmayıb. Hakim Süleymanov bunların heç birini gözə almadı, oğluma 13 il həbs cəzası verdi. Ancaq Faiqlə birlikdə tutulan iki nəfər azadlığa buraxıldı, avtovağzalda Faiqin maşınına minən tanımadığı şəxsin kimliyi isə heç araşdırılmadı. Onlardan təkcə Elşənə 13 il cəza verildi”.
Ana hakimdən ədalətli qərar gözləyir
Hökmdən verilən şikayətə Şirvan Apelyasiya Məhkəməsinin hakimi Məmməd Bağırov tərəfindən baxılır. Ana hakimdən işə ədalətlə yanaşmasını, oğluna bəraət verilməsini istəyir.
Bu işlə bağlı Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda Gəncalı Orucov və İbrahim Qorçuzadənin də saxlanıldığı, hər iki şəxsin cinayət əməlini etiraf etdiyi, əraziyə narkotik vasitə götürməyə gəldikləri barədə ifadə verdikləri bildirilib. Ancaq sonradan İbrahim Qorçuzadə ilə bağlı cinayət işinə xitam verilib. Gəncalı Orucov isə inzibati qaydada cərimələnərək sərbəst buraxılıb. Elşən Süleymanov 13 il müddətinə azadlıqdan məhrum edilib.