Taksi sürücüsü məhkəmədə qaçan məhbusa kömək etdiyini deyib

Məhbusların qaçmasına görə 15 nəfər ədliyyə orqanlarından xaric olunub

Source:


Məhbusların qaçmasına görə 15 nəfər ədliyyə orqanlarından xaric olunub

Taksi sürücüsü olan Məhəmməd Hacıyev məhkəmədə qaçan məhbusa kömək etdiyi üçün özünü təqsirli bilib.

Məlumatı APA

yayıb

.

Bildirilir ki, Məhəmməd Hacıyev təqsirləndirilən Etibar Məmmədovu bir neçə istiqamətdə Azərbaycan sərhədindən keçirməyə cəhd etdiyini söyləyib:

“Məhbus polis postuna çatanda avtomobilin baqajında gizləndi. Sonuncu dəfə Gürcüstana keçmək istəyəndə bizi saxladılar. Bu vaxt o, baqajdan düşərək qaçdı”.

Qaçaq məhbuslara yardım etdiklərinə görə müğənni Fədayə Laçın, vətəndaş Günay Atakişiyeva da həbs ediliblər.

Bugün həm də Ədliyyə Nazirliyinin kollegiyasının geniş iclası olub.

İclasda məhbusların qaçması ilə bağlı məlumat dinlənilib. Baş verən fövqəladə hadisə ilə əlaqədar aparılmış xidməti yoxlamanın ilkin nəticələri müzakirə edilib.

Penitensiar Xidmətin 21 rəhbər və məsul işçisinin ciddi intizam məsuliyyətinə cəlb edildiyi söylənib:

“O cümlədən, 15 nəfər ədliyyə orqanlarından xaric olunub və ya tutduğu vəzifədən azad edilib. 4 nəfər, o cümlədən Konvoy taborunun komandiri olmuş B.Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub. Eyni zamanda, Penitensiar Xidmətdə nizam-intizamın möhkəmləndirilməsi, qanunvericiliyin tələblərinə ciddi əməl edilməsi, əməliyyat-rejim və mühafizə tədbirlərinin gücləndirilməsi, tabe qurumların fəaliyyətinə təsirli nəzarətin təmin olunması, əməkdaşların məsuliyyət hissinin artırılması ilə bağlı konkret tapşırıqlar verilib”.

Oktyabrın 23-də Bakı-Astara-Bakı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmamış, hazırda külli miqdarda narkotik maddələrin dövriyyəsində ittiham olunan Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş, bilərəkdən adam öldürməkdə ittiham edilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.

Oktyabrın 25-də Ədliyyə Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilir ki, xidməti yoxlamanın ilkin nəticələrinə əsasən vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib. Taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Bundan əlavə, həbs edilmiş şəxslərin vaqonda müşayiətini bilavasitə təmin edən qarovul rəisi Ceyhun Səmədov və digər 7 əməkdaş ədliyyə orqanlarından xaric edilib, Penitensiar xidmətin bir çox digər aidiyyəti məsul işçiləri ciddi intizam məsuliyyətinə cəlb olunublar.

Qaravul rəisi Ceyhun Səmədov, onun köməkçiləri Fuad Hacıyev və Tural Polatxanov həbs ediliblər.

Ana səhifəXəbərlərTaksi sürücüsü məhkəmədə qaçan məhbusa kömək etdiyini deyib