Tahir Kərimli: Seçicilərin 20 faizi mənim seçilməyimi inkar etsə…

“Azərbaycanın bütün bölgələrində seçkilər ədalətli keçirilib”

Source:


“Azərbaycanın bütün bölgələrində seçkilər ədalətli keçirilib”

“Beynəlxalq təşkilatlar, rəqiblərimiz, jurnalistlər, ictimaiyyət nümayəndələri Ağsu-İsmayıllı seçki dairəsində əhali arasında sorğu aparsalar və orda yaşayanların 20 faizi mənim seçilməyimlə bağlı nəticəni inkar etsə, deputatlıqdan istefa verərəm”.

Bunu APA-ya açıqlamasında Vəhdət Partiyasının sədri, noyabrın 1-də Azərbaycan parlamentinə keçirilən seçkilərdə qalib namizəd Tahir Kərimli deyib.

T. Kərimli bildirib ki, parlament seçkiləri kifayət qədər şəffaf, azad və demokratik keçirilib: “Seçicilərin seçkidə fəallıq göstərməsi və məni dəstəkləməsi üçün çox səy göstərdim. Onlar da mənə inandılar. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın bütün bölgələrində seçkilər ədalətli keçirilib. Mən parlamentdəki fəaliyyətimdə də xalqımızın dövlətə və parlamentə inamının gücləndirilməsi istiqamətində çalışacağam. Eyni zamanda, əhalinin sosial problemlərinin həlli, qanunvericilik bazasının möhkəmləndirilməsinə səy göstərəcəyəm”.

T. Kərimli 1993-cü ildə Milli Məclisdə emosional və gərgin çıxışının yenidən gündəmə gəlməsinə də münasibət bildirib: “Əvvəla, indi mənim ahıl vaxtımdı. İkincisi, bizim o vaxt qurduğumuz hakimiyyət əldən gedirdi və mənim yerimə kim olsaydı, o cür hərəkət edərdi. Digər tərəfdən, mən çıxışımda heç kimi təhqir etməmişəm. Çox təəssüf edirəm ki, çıxışımın əsas hissəsi bir kənarda qalır, ancaq emosional hissəsinə diqqət edirlər. Mən həmişə qanunlara riayət edən olmuşam və bu dəfə də çalışacağam ki, belə olsun. Həmin an elə həlledici bir məqam olduğuna görə çıxışım bədahətən oldu. Mən orda öz hakimiyyətimizi xəyanətdə ittiham etmişəm. Güman edirəm ki, ahıl yaşımda belə hal bir daha təkrarlanmaz”.

Ana səhifəXəbərlərTahir Kərimli: Seçicilərin 20 faizi mənim seçilməyimi inkar etsə…