Tahir Kərimli: Biz xalqa ”can” desək də, onlar bizə ”azar” deyəcək

Deputatlardan radarlara, “Formula”ya, rüsumlara və Gürcüstana etiraz

Source: Meydan TV


Deputatlardan radarlara, “Formula”ya, rüsumlara və Gürcüstana etiraz

“Yol hərəkəti haqqında” qanun bu sahənin təhlükəsizliyinin təmin edilməsi üçün olmalıdır. Amma biz nə edirik? Bəzi hallarda lazım olmayan yerlərdə də radar dediyimiz xüsusi qurğunu yerləşdiririk. Beləliklə, bu hal da sürücülərdə kütləvi mənfi emosiya doğurur və idarəetmədə təhlükəli hallar yaranır. Nəticə etibari ilə təhlükəsizlik əvəzinə təhlükəli vəziyyət yaradırıq. Ona görə də bu sahədə yeni qanunlar təhlükəsizliyə xidmət etsin”.

Mayın 17-də Milli Məclisin plenar iclasında deputat Hikmət Məmmədov (Babaoğlu) belə deyib. O bildirib ki, bu qanuna kosmetik dəyişikliklər edilməməli, bütövlükdə yeni yanaşma olmalıdır:

“Məsələn, əvvəlcə qanun qəbul etmişdik ki, sürücü avtomobil idarə edərkən üzərində sürücülük vəsiqəsi yoxdursa, bu, müxtəlif cərimələrin tətbiq olunmasına gətirib çıxarmırdı. Bu gün Azərbaycanda elektron hakimiyyət yaradılır. Bütün hüquqi münasibətlər elektron internet sistemi üzərindən qurulur. Belə olanda sürücünün üzərində sürücülük vəsiqəsinin olub-olmamasının yol polisi üçün nə fərqi var? Onlar xüsusi vasitə ilə bunu dəqiqləşdirə bilərlər. Bu, süni maneədir”.



Qüdrət Həsənquliyev: “Formula-1” yarışları Naxçıvanda keçirilsin

Deputat Qüdrət Həsənquliyev isə “Formula-1” yarışlarının Naxçıvan, yaxud Gəncədə keçirilməsini təklif edib. O vurğulayıb ki, paytaxt şəhəri Bakıda, xüsusilə tarixi abidələrin olduğu ərazilərdə Formula kimi yarışların keçirilməsi düzgün deyil:

“Formula 1-in ən təhlükəli döngəsi Qoşa Qala qapısının yanındakı ərazi hesab edilir. Belə yarışlarda dəfələrlə görmüşük ki, maşınlar bəzən qəza anında bir neçə metr hündürə qalxır, neçə metr kənara düşür. Bu cür hadisə baş versə, həmin tarixi abidəyə zərər dəysə, kim cavab verəcək? Ümumiyyətlə, Bakı kimi meqapolisdə belə yarışların keçirilməsi düzgün deyil, vətəndaşlarımız əziyyət çəkir. Ona görə də mən Naxçıvan şəhərində keçirilməsini təklif edirəm, həm sıxlığın az olduğu şəhərdir, həm də əlavə turist cəlbi üçün məqsədəuyğundir. Yaxud da Naxçıvan uzaqdırsa, Gəncədə keçirilə bilər. Ancaq Bakıda bu yarışı keçirməklə Azərbaycanı tanıtmaq naminə vətəndaşlarımızın əziyyət çəkməsinə imkan verməməliyik”.



“Belə dəyişikliklərdən əziyyət çəkən sahibkar olur”

Deputat Çingiz Qənizadə bildirib ki, dövlət rüsumlarının məbləğinin çox olması vətəndaşlarda, sahibkarlarda narazılıqlar yaradır: “Məsələn, icarə müqaviləsi ilə bağlı rüsum 92 manatdır. Elə olur ki, müqaviləni bir neçə dəfə dəyişməli olursan. Üstəgəl, bu müqavilədən əlavə 14 faizlik vergi də ödənir. Həmçinin, icarə müqaviləsi pozulduqda da əlavə 23 manat rüsum ödəyirsən. Bir icarə müqaviləsini hər ay kimsə yeniləsə, 100-120 manat xərci var. İcarə müqaviləsi pozulduqda da tərəf yenidən 23 manat rüsum ödəyir. Bu, başadüşülən deyil. Gələcəkdə buna baxmaq lazımdır”.

Deputat “Reklam haqqında” qanunvericiliyə əsasən iş yerlərinin üzərinə vurulan adla bağlı lövhələrin ölçüsünün 2 kavdrat metrdən 1 kavdrat metrə salınmasına da etirazını bildirib:

“Bu yaxınlarda bildirildi ki, Azərbaycanda 130 mindən çox sahibkarlıq subyekti ilə məşğul olan şirkətlər var. İndi hər hansı şirkətin öz adını yazdığı lövhə 1 kvadrat metri keçməməlidir, əks halda reklam sayılacaq və buna görə də pul ödəməlidir. Nəzərə alaq ki, bir yerin adı 1 kvadrat metri keçir. Ölkəmizə xarici turistlər gəlir. Sahibkar məcbur olur ki, ingilis dilində söz yazsın. Bu isə artıq rüsum deməkdir. Belə dəyişikliklərdən əziyyət çəkən sahibkar olur. Bu, yolverilməz haldır. Belə məsələlərə diqqət yetirmək, baxmaq və həll etmək lazımdır”.



“Kim bizim torpağımızı almağa qoymur?”

Deputat Tahir Kərimli deyib ki, Azərbaycan və Gürcüstan dövlətlərinin dostluğu var və bu, davam etməlidir. O, “Keşikçidağ”la bağlı yaranmış insidentə toxunaraq deyib ki, gürcülər qanunu ciddi şəkildə pozublar, bizi təhqir ediblər:

“Biz gürcü siyasi xadimlərinə izah etməliyik ki, bu, nə məsələdir. Həmin abidə VI əsrdə tikilib, alban abidəsidir. XI, XII əsrdə qurucu Davidin və Tamaranın dövründə gürcü provaslav dininə aid olub, bu gün də gürcü ortodoksal kilsəsinə aiddir. Olsun, amma bizim də Gürcüstan ərazisində xeyli müsəlman abidələrimiz var. İddia etmirik ki, harada bizim abidəmiz varsa, ora bizim torpağımızdır. Bu məsələ ilə bağlı iki ölkə arasında komissiya fəaliyyət göstərir. Biz tarixən torpaqlarımızı Rusiyanın istəyi ilə Gürcüstana və Ermənistana paylamışıq, indi də “Keşikçidağ”da güzəştə getməməliyik. Dünyada 210-dan çox dövlət var, Azərbaycan dünyada yeganə dövlətdir ki, bütün sərhədləri keçmiş torpaqları ilə sərhəddir”.

Tahir Kərimli Qarabağ məsələsinə də toxunub: “Bizə deyirlər ki, xalqı çaşdırırsınız. Biz xalqa “can” desək də, onlar bizə “azar” deyəcək. Amma xalqımız bilməlidir ki, onları yoldan çıxaran müxalifət bizi gözdən salır. Dodaq bir qurtum suya həsrət olan kimi, biz də Qarabağımızı istəyirik. 1992-ci ildə Şuşa işğal ediləndə çoxumuz az qala intihar eşqinə düşmüşdük. Paşinyan siyasi əxlaqsızlığın ən böyük nümunəsini göstərir. O, Qarabağdan bizə acıq verir. Kim bizim torpağımızı almağa qoymur? Açıqlansın, bilək… Rusiyadırmı, Fransadırmı, bilməliyik. Biz torpaqlarımızı işğaldan azad etməliyik. Nə vaxta qədər gözləməliyik?!”

Ana səhifəXəbərlərTahir Kərimli: Biz xalqa ”can” desək də, onlar bizə ”azar” deyəcək