Tağıyevin heykəlini zədələməkdə ittiham olunan gənclər məhkəmə qarşısına çıxarıldı

Foto: report.az

Onlar barəsində polisin nəzarəti qətimkan tədbiri seçildi

Metronun “İçərişəhər” stansiyasının qarşısında Hacı Zeynalabdin Tağıyevin yeni qoyulmuş heykəlini zədələməkdə ittiham olunan Vüqar Tağızadə və Allahverdi Məmmədli məhkəmə qarşısına çıxarılıb. Səbail Rayon Məhkəməsində onların istintaq dövründə həbsdə saxlanılıb-saxlanmaması məsələsinə baxılıb. Hakim qərara gəlib ki, onlar haqqında həbs qətimkan tədbiri seçilməsinə ehtiyac yoxdur.

1991-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. İki gündür tutulan hər iki şəxs məhkəmə zalından buraxılaraq, polisin nəzarətinə verilib.

Bu iş üzrə araşdırmalar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılır. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 246-cı (tarix  və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə ittiham irəli sürülüb.

Hadisədən dərdal sonra heykəl bərpa edilib – abidənin üzərindən qoparılan element yerinə qoyulub.

Hər iki şəxsin “Kontakt home”mağazalar şəbəkəsinin satış meneceri olduğu məlum olub.

Ana səhifəSosialTağıyevin heykəlini zədələməkdə ittiham olunan gənclər məhkəmə qarşısına çıxarıldı