Vəkil: “ Davamlı olaraq, bu prosesdə ədalətli məhkəmə araşdırması hüququ pozulur”
“Bakı Metropoliteni” QSC-nin keçmiş rəisi Tağı Əhmədovun 2 milyon manatına görə dələduzluqda ittiham olunan Səadət Xəlilovun məhkəməsi yekunlaşır. Martın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror onun 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Prokurordan əvvəl Səadət Xəlilovun vəkili Hafiz Ələsgərov çıxış edib. O, bu işi araşdıran hakimlər kollegiyasına etiraz verib. Vəkil bildirib ki, məhkəmədə bu cinayət işi obyektiv, hərtərəfli araşdırılması, Səadət Xəlilovun müdafiəsi məqsədilə verilən vəsatətlərin heç biri təmin olunmadı. İş üçün çox əhəmiyyətli olsa da, Tağı Əhmədov çağırılıb dindirilmədi.
“Verilən vəsatətlərin heç biri təmin olunmadı. Səadət Xəlilovun mülkiyyət hüququnun həyata keçirilməsi üçün həyat yoldaşına etibarnamə verməsinə belə, imkan vermədiniz. Bütün bunlardan sonra məhkəmənin mövqeyi məlumdur. Davamlı olaraq, bu prosesdə ədalətli məhkəmə araşdırması hüququ pozulur. Məhkəmə əvvəldən öz mövqeyini ortaya qoyur ki, nəyin bahasına olursa olsun, ittiham hökmü çıxarılacaq. İfadələrdə dəfələrlə Tağı Əhmədovun adı keçir. İş materiallarında da özünün ifadəsi var. Amma müsahibəsində deyir ki, mən istintaqa çağırılmamışam, həmin ifadəni şübhə altına alır. Buna baxmayaraq, məhkəmə onu çağırıb dindirməkdən imtina edir. Aydınlaşdırmır ki, o zaman iş materiallarındakı ifadə kimindir”, – vəkil bildirib.
Məhkəmə hakimlərə etirazın baxılmamış saxlanmasına qərar verib.
Daha sonra bu iş üzrə məhkəmə istintaqının tamamlanması haqda qərar qəbul edilib. Ardınca dövlət ittihamçısı çıxış edib. Prokuror bildirib ki, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə irəli sürülmüş ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilib. Səadət Xəlilovun zərərçəkmiş Sultan Əliyevdən mərmər-qranit biznesi adıyla 200 min, 800 min və 1 milyon manat olmaqla, ümumilikdə 2 milyon manat alıb qaytarmaması məhkəmə istintaqı zamanı sübuta yetirilib. Prokuror Səadət Xəlilovun 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısından sonra vəkil çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Səadət Xəlilov bildirir ki, o, pulu Sultan Əliyevdən yox, Tağı Əhmədovdan alıb. Pulu sələmlə aldığını deyən təqsirləndirilən şəxsin sözlərinə görə, Tağı Əhmədova aylıq faiz ödəyirdi. Onun sözlərinə görə, mərmər biznesiylə məşğul olurdu. Sonradan işlər pis gedib, verdiyi malların pulunu ala bilməyib. Bu üzdən Tağı Əhmədovun pulunu qaytara bilməyib. Ona görə Tağı Əhmədov onu YAP-ın binasında döyüb.
Tağı Əhmədov sələmlə pul verməsi, pulu qaytara bilməyəndə isə Səadət Xəlilovu YAP-ın binasında döyməsi haqda Səadət Xəlilovun ifadələri mətbuatda yayılandan sonra “Qaynarinfo” saytına müsahibə verib: “Heç kəsi döyməmişəm. Döysəm də, düz etmişəm. Amma düzünü bilmək istəyirsinizsə, döyməmişəm. Özü də mənim onunla nə işim var? Heç onu tanımıram və bilmirəm də kimdir.
Vaxtilə bir culfalı dostum (indi olmasın) gəldi, dedi ki, iki milyon manat pul lazımdır. Bəs verəcəm və ayda da bu qədər… Mən də 2 milyonu bankdan çıxardım. Bu pulun müqabilində də ayda 30 min manat pul alırdım. Bu da dedi, yox e, hər ay pulunu verəcəyəm. Mən də pulu o vaxt 18 faizlə vermişdim. Bu da mənə o qədər yalvardı ki, Tağı müəllim, iki mini də mənə qalsın və 28 mini sən götür. Yazığım gəldi və faizdən gələn 30 mindən 2 mini ona verməyə razılaşdım. Bu culfalı da Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevdir. 2 milyonu bankdan götürüb, ona verdim. Bir ay faizi gətirib verdi. İkinci ay gəlib dedi ki, pulu vermirlər.
Dedilər ki, pul yoxdur. Pul gedib Qazaxıstana. Orada da batıb. Onu Soltanla birlikdə yanıma çağırdım. Dedim nədi, nə məsələdi? Cavab verdi ki, pulu qaytarmaq heç cür alınmır. Dedim, alınmırsa, qardaş, sən məni aldada bilmərsən axı! Pulu qaytar. İndi Soltanı mənim pulumla aldadanların hər üçü məhkəmədədi. Hər üçünə 8-10 il həbs verəcəklər. Nə qədər verirlər, qoy versinlər. Bu dəqiqə mən bu məsələ ilə heç məşğul da olmuram”.