“Bu adam məhkəmənin hökmünü əvvəlcədən hardan bilir?
“Bakı Metropoliteni” QSC-nin keçmiş rəisi Tağı Əhmədovun adı fevralın 25-də növbəti dəfə məhkəmədə dələduzluqla bağlı cinayət işində hallanıb. Dələduzluqda ittiham olunan Səadət Xəlilovun vəkili Hafiz Ələsgərov növbəti dəfə Tağı Əhmədovun məhkəməyə çağırılıb dindirilməsi barədə vəsatət qaldırıb.
Vəkil xatırladıb ki, ötən məhkəmə iclasında da Tağı Əhmədovun çağırılıb məhkəmədə dindirilməsi haqda vəsatət qaldırmışdı, lakin təmin olunmadı. Metropolitenin sabiq rəisinin sələmlə pul verməsi, pulu qaytara bilməyəndə isə adamı YAP-ın binasında döyməsi haqda Səadət Xəlilovun ifadələri mətbuatda yayılandan sonra o, “Qaynarinfo” saytına müsahibə verib. Vəkilin sözlərinə görə, həmin müsahibədə deyilənlər Tağı Əhmədovun məhkəmədə dindirilməsini zəruri edir. Çünki onun dediklərində cinayət işinin materiallarında yazılanlarla tam zidd olan məsələlər var. Məsələn, iş materiallarında Səadət Xəlilovun mərmər biznesi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini Soltan Əliyevdən 2 milyon manat alıb, onu aldatdığı iddia olunur. Lakin Tağı Əhmədov müsahibəsində deyib ki, pul ona məxsusdur, sələmə vermişdi. Onun sözlərinə görə, pulu dostu Soltan Əliyev vasitəsilə verib. Aylıq 30 min manat da faiz alıb. 30 min manatın 2 min manatını Soltan Əliyevə verib.
Vəkil həmçinin bildirib ki, ötən məhkəmə iclasında hakim Tağı Əhmədovun istintaqa ifadəsini elan edib. Amma müsahibəsində Tağı Əhmədov deyib ki, heç vaxt istintaqa getməyib, bundan sonra da getmək fikri yoxdur: “Bəs onda məhkəmədə elan edilən ifadə kimə məxsusdur? Həmin ifadə necə alınıb? Bu adam deyir ki, “mən istintaqa getməmişəm, getmək fikrim də yoxdur”. Zərərçəkmiş qismində Soltan Əliyev tanınıb, amma bu adam etiraf edir ki, pul onundur, faizlə verib, 30 min də aylıq faiz alıb”.
Tağı Əhmədov sözügedən müsahibədə onu da bildirib ki, Səadət Xəlilovgilə məhkəmə 8-10 il azadlıqdan məhrumetmə cəzası kəsəcək: “Bu adam məhkəmənin hökmünü əvvəlcədən hardan bilir? Tağı Əhmədovun adı hər məhkəmə iclasında hallanıb. Onun dindirilməsi çox vacibdir. Bu işin bel sütunudur”.
Lakin hakimlər Tağı Əhmədovun çağırılıb dindirilməsi barədə vəsatəti təmin etməyib. Məhkəmə bildirib ki, həmin müsahibənin məhz Tağı Əhmədova məxsus olduğu, onun bu fikirləri səsləndirdiyi dəqiq məlum deyil.
Daha sonra məhkəmə istintaqının başa çatdığı elan edilib. Həm Səadət Xəlilov, həm də vəkili buna etiraz edib. Vəkil bildirib ki, bu vəziyyətdə məhkəmə araşdırmaları yekunlaşa bilməz. Ona görə hakimlərə etiraz edib.
Məhkəmə prosesi martın 4-nə qədər təxirə salınıb.
Təqsirləndirilən Səadət Xəlilov bildirib ki, 2 milyon manat Soltan Əliyevin yox, Tağı Əhmədovundur. Metropolitenin sabiq rəisi pulu onlara faizlə verib. Onun sözlərinə görə, əvvəlcə 200 min, sonra 800 min, daha sonra 1 milyon olmaqla, üç dəfəyə 2 milyon manat sələmlə pul alıb, bir neçə dəfə də buna görə faiz ödəyib. Mərmər biznesində uğursuzluqlar başlayandan sonra pulu ödəməkdə çətinlik çəkib. Bu səbəbdən dəfələrlə Tağı Əhmədovun həm özü, həm də yaxınları tərəfindən döyüldüyünü deyən Səadət Xəlilovun sözlərinə görə, əlində bunu təsdiqləyən sübutları da var. Onun sözlərinə görə, Tağı Əhmədov onu YAP-ın Yasamal rayon təşkilatının binasında döyüb. Həmin vaxt o, təşkilatın sədri idi.
Tağı Əhmədov “qaynarinfo.az”a müsahibəsində bunları deyib:
“Heç kəsi döyməmişəm. Döysəm də, düz etmişəm. Amma düzünü bilmək istəyirsinizsə, döyməmişəm. Özü də mənim onunla nə işim var? Heç onu tanımıram və bilmirəm də kimdir.
Vaxtilə bir culfalı dostum (indi olmasın) gəldi, dedi ki, iki milyon manat pul lazımdır. Bəs verəcəm və ayda da bu qədər… Mən də 2 milyonu bankdan çıxardım. Bu pulun müqabilində də ayda 30 min manat pul alırdım. Bu da dedi, yox e, hər ay pulunu verəcəyəm. Mən də pulu o vaxt 18 faizlə vermişdim. Bu da mənə o qədər yalvardı ki, Tağı müəllim, iki mini də mənə qalsın və 28 mini sən götür. Yazığım gəldi və faizdən gələn 30 mindən 2 mini ona verməyə razılaşdım. Bu culfalı da Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevdir. 2 milyonu bankdan götürüb, ona verdim. Bir ay faizi gətirib verdi. İkinci ay gəlib dedi ki, pulu vermirlər.
Dedilər ki, pul yoxdur. Pul gedib Qazaxıstana. Orada da batıb. Onu Soltanla birlikdə yanıma çağırdım. Dedim nədi, nə məsələdi? Cavab verdi ki, pulu qaytarmaq heç cür alınmır. Dedim, alınmırsa, qardaş, sən məni aldada bilmərsən axı! Pulu qaytar. İndi Soltanı mənim pulumla aldadanların hər üçü məhkəmədədi. Hər üçünə 8-10 il həbs verəcəklər. Nə qədər verirlər, qoy versinlər. Bu dəqiqə mən bu məsələ ilə heç məşğul da olmuram”.