Tağı Əhmədov: Məcnun nə istəyirsə, mən də onu istəyirəm (Yenilənib)

“Mənə ümumilikdə üç milyon manat ziyan dəyib”

Source:

Günün ikinci yarısında iclas davam edən iclasda A. Çovdarov biznesmen İlqar Budaqovun dinlənilməsi barədə danışıb. O bildirib ki, İ.Budaqovun telefonlarının dinlənilməsi üçün məhkəmə qərarı olub. Çovdarov bununla bağlı lətifə də danışıb: “Bir nəfər oğurluq edir, məhkəmədə hakim buna deyir ki, utanmırsan gecə saat 2-də camaatın evinə girib narahat edirsən? Sonra buna iş kəsir, həmin adam həbsdən çıxandan sonra yenə oğurluq edir. Bu dəfə gündüz edir. İş yenə həmin hakimə düşür. Hakim yenə buna deyir ki, sən nə utanmaz adamsan, gündüz oğurluq edirsən. Oğru dözməyib deyir ki, cənab hakim, gecə oğurluq etdim elə dediniz, gündüz də etdim belə dediniz. Bəs mən nə vaxt oğurluq edim? İndi mən də məhkəmə qərarı ilə də dinləmə aparanda günahkar oluram, məhkəmə qərarı olmadan dinləmə aparanda da”.

Məhkəmə prosesi iyulun 3-də davam etdiriləcək.

***

İyunun 21-də Sabunçu Rayon Məhkəməsində həbsdə olan MTN generalı Akif Çovdarov və digərlərinin məhkəməsi davam edir.

Tağı Əhmədov jurnalistlərin suallarını cavablandırmadı

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda “Bakı Metropolitieni” ASC-nin sabiq rəisi Tağı Əhmədov zərərçəkmiş kimi ifadə verib.

Vəkillər ondan tələbinin olub-olmamasını soruşublar. Bu zaman T.Əhmədov deyib ki, ziyanın ödənilməsini istəyir:

“Hamınız savadlı adamlarsınız. “Leyli və Məcnun”u hamı oxuyub. Məcnun nə istəyirsə, mən də onu istəyirəm. Mən Eldar Mahmudovu tanıyıram, münasibətimiz olub. Akif Çovdarov məndən bahaı maşınlar almasını tələb edəndə Eldarın köməkçisinə zəng etdim, lakin cavab vermədi. Daha sonra əlaqə saxladıq. O bildirdi ki,bizim quruma nəzarəti Eldar Mahmudov Akif Çovdarova tapşırıb. Mənə ümumilikdə üç milyon manat ziyan dəyib. Pulu Akif Çovdarova vermişəm və geri qaytarmasını tələb edirəm”.

İclasdan sonra T. Əhmədov jurnalistlərin suallarını cavablandırmayıb. O, “sağ olun” deyərək ərazidən uzaqlaşıb.

“Tağı Əhmədov “birinci şəxs” deyəndə kimi nəzərdə tutub?”

Tağı Əhmədov məhkəmə çıxışında
Tağı Əhmədov məhkəmə çıxışında

Prosesdən sonra A. Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərin suallarını cavablandırıb. Bildirib ki, iclasda T. Əhmədovla yanaşı onun oğlu Ruslan və qardaşı oğlu Əli Əhmədov da ifadə verib. Onlar  istintaq zamanı verdiyi ifadəni təsdiq etsələr də, ziddiyyətlər müəyyən edilib. S.Rəsulov deyir ki, hakim həmin ziddiyyətləri aydınlaşdırmağa şərait yaratmayıb və T. Əhmədov istəmədiyi suallara cavab verməyib:

“Baxmayaraq onun oğlu da hakimdir və bilir ki, hakim sualı çıxarmayıbsa, onu cavablandırmaq lazımdır. Akif Çovdarov da xahiş etdi ki, özü ifadə verəndə Tağı Əhmədov iclasda olsun və Tağı Əhmədovun istintaq zamanı verdiyi ifadə elan edilsin, sonra Tağı Əhmədova sualları olacaq. Lakin məhkəmə buna şərait yaratmadı. Vəkillərdən Cavid Rzazadə ondan tələbi olub-olmamasını soruşduqda Tağı Əhmədov bildirdi ki, “elə bil ,”Leyli və Məcnun”a gedib baxırsan, sonra soruşursan ki, Leyli kimdi, Məcnun kimdi. Tələbim aydındır”.

Vəkilin sözlərinə görə, iş materiallarından görünür ki, Tağı Əhmədov Eldar Mahmudov işdən azad edildikdən sonra Rəsul Rəsulov adlı MTN əməkdaşına mesaj yazaraq bildirib ki, “Akif Çovdara de, pulu qaytarsın. Bu, birincinin göstərişidir”:

“Biz Tağı Əhmədovdan birinci şəxs dedikdə kimi nəzərdə tutduğunu soruşduq. O, bildirdi ki, birinci dedikdə özünü nəzərdə tutub, göstərişi özü özünə verib. Akif Çovdarov isə Tağı Əhmədova dedi ki, “düzünü danış. Səkkiz il sənin kuratorun olmuşam. Bir dəfə aramızda telefon danışığı olubmu?” Tağı Əhmədov da bunu təsdiq etdi”.

Təqsirləndirilən şəxslər – Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Ana səhifəXəbərlərTağı Əhmədov: Məcnun nə istəyirsə, mən də onu istəyirəm (Yenilənib)