”Prezidentin 7 ildən bir seçilməsi istəyi də xalqın mütləq əksəriyyətinin tələbi ilə gündəmə gəlib”
Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov “Ölkə.az” saytına müsahibə verib.
– Azərbaycanda 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar təmsil olunduğunuz rayonda hazırlıq işləri nə səviyyədədir?
– Əhalinin keçirilən görüşlərə fəallığı çox yüksəkdir. Artıq biz indiyədək referendumla bağlı 5 iclas keçirmişik. Sentyabrın 20-də isə gənclərlə birgə iclasımız olacaq. Sentyabrın 23-də də partiyanın növbəti iclası keçiriləcək. Yəni, Yasamal rayonu ərazisində olan 4 dairənin hər birində biz iclaslar keçirmişik. Görüşlərə axın çox güclüdür, insanlarda böyük maraq var. Ən əsası isə insanlar referendumun mahiyyətini dərk edirlər. Əhali Referendum Aktında Azərbaycan Konstitusiyasının 23 maddəsində dəyişiklik edilməsi və 6 maddənin əlavə olunmasına diqqətlə yanaşır, bilmədiyini isə soruşur. Bu da ən gözəl addımlardan biridir. Yəni, xalq referenduma kor-koranə getmir, onunla yaxından maraqlanır. Bütün bu işlərdə çox yüksək səviyyədə intensivlik, fəallıq var. Hətta bəzən elə olur ki, görüşlərə gələn insanlar üçün oturmağa yer olmur, onlar ayaq üstə qalırlar. Misal üçün deyim ki, biz ilk iclası sentyabarın 5-də “Qismət” şadlıq sarayında keçirmişik. Həmin iclasda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli, AMEA-nın Aqrar məsələr üzrə müşaviri Qərib Məmmədov və Yasamal Rayon Ziyalılar Cəmiyyətinin rəhbəri Rasim Nəbiyev də iştirak edib. Nəzərə alın ki, bu şadlıq sarayı oturaq halda 500-dən çox adam tutur. Həmin görüş zamanı da insanlar o qədər çox idi ki, ayaq üstə qalmışdılar.
İkinci iclasımız sentyabrın 7-də keçirilib. Bu iclasa da xeyli sayda insanlar gəlmişdi.
Sentyabrın 16-da isə iki iclasımız olub. Bunlardan biri İzmir küçəsində, digəri isə YAP Yasamal rayon təşkilatının qərargahında keçirilib. Bu görüşlərdə də çox böyük fəallıq müşahidə olunub.
Sentyabrın 19-da da YAP Yasamal rayon təşkilatının qərargahında 7 rayon təşkilatı fəallarının iştirakı ilə görüşümüz keçirilib.
Sentyabrın 20-də isə YAP Yasamal rayon gənclər təşkilatının qərargahında növbəti görüşümüz olacaq. Növbəti görüşümüz isə sentyabrın 23-də keçiriləcək.
Görüşlərdə Referendum Aktında Azərbaycan Konstitusiyasının 23 maddəsində dəyişiklik edilməsi və 6 maddənin əlavə olunması məsələləri əhaliyə yüksək səviyyədə izah edilir.
– Referendum Aktında nəzərdə tutulan məsələlərdən biri də prezident seçilmək üçün 35 yaş məhdudiyyətinin aradan qaldırılması və prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, prezidentə növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin verilməsi ilə bağlıdır. Bu məsələlərə sizin də münasibətiniz maraqlı olardı…
– Bilirsiz, referenduma çıxarılan məsələlər arasında ən vacibləri cənab Prezidentin də göstərdiyi kimi, xalqın maddi rifahının və güzəranının yaxşılaşması, yaş həddinin aradan qaldırılması ilə bağlıdır. Bəlkə də sizin yadınıza gəlməz, 1990-1991-ci illərdə hakimiyyətdə olanlar ulu öndər Heydər Əliyevin prezident seçilə bilməməsi üçün yaş həddini dəyişdirmişdilər. Həmin vaxtı bununla əlaqədar Milli Məclisin qarşısında etiraz mitinqləri keçirilirdi, hər gün bu məsələ ilə bağlı çıxışlar olurdu, o vaxtkı AXCP hakimiyyəti ilə insanlar arasında mübarizə gedirdi və s. Ancaq indiki reallıq bir daha göstərir ki, yaş həddinin qoyulması doğru deyil. Ağıl yaşda deyil, başdadır. Əgər bu gün ali məktəblərə 700 balla qəbul olan tələbələrimiz varsa, bunların bilik və intelektual səviyyəsi bu qədər yüksəkdirsə, bacarıqlı gənclərdirsə, o zaman bunlar nə üçün 18-19 yaşlarında deputat seçilməməlidir? Ona görə də Konstitusiyaya ediləcək əlavə və dəyişikliklə 25 yaş həddinin götürülməsi nəzərdə tutulur. Eyni sözləri hakimlər haqqında da demək olar. Bu gün Azərbaycanda elə uşaq var ki, 21-22 yaşlarında hüquq fakültəsini bitirir. Bundan əlavə, prezident seçilmək üçün 35 yaş məhdudiyyəti qoyulub. Bu da doğru deyil. Doğrudan da, elə şəxsiyyətlər yetişir ki, onun ən ağıllı dövrü 18 yaşdan başlayır. Bu cür şəxslərin ən yüksək bacarığı 35 yaşınadək olur. Əgər 35-dən aşağı yaşı olan yüksək bacarıqlı bir gənc xalqın etimadını doğruldursa, prezident seçilirsə, bunun nəyi pisdir? Bu cür adamı xalq istəyirsə, nəyə görə də seçilməsin?
Referenduma çıxarılacaq məsələlər arasında torpaq islahatı ilə bağlı da əlavə və dəyişikliklər nəzərdə tutulur. Bilirsiz ki, bir sıra dövlətlərdə, o cümlədən qonşu Rusiyada torpaq islahatları hələ də başa çatmayıb. Ancaq Azərbaycanda torpaq islahatı ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə başa çatdırılıb. Bu gün də həmin torpaq islahatından yararlananlar var. Bəzən görürsən ki, hər hansı imkanlı şəxs pay torpaqlarını alır, ancaq pula ehtiyacı olmadığı üçün həmin torpağı becərmir. Amma referendumdan sonra həmin torpaqlar birmənalı olaraq dövlətin sayılacaq. Yəni, dövlət istənilən vaxtı həmin torpaqları ala biləcək. İndiyədək isə hər hansı neft-qaz kəmərləri keçən torpaq sahibinə pul ödəniləndən sonra dövlətin balansına keçirdi. Bu gün də bir çox biznesmen hektarlarla torpağı alıb, istifadəsiz saxlayır. Bütün bunlar düzgün deyil. Çünki torpaq insanlara boş saxlamaq üçün verilməyib. Dövlət torpaq verirsə, onu əkib becərməlisən ki, məhsul götürəsən. Bu isə, ilk növbədə, ölkədə sosial rifahın yaxşılaşdırılması üçün əhəmiyyətlidir.
Referenduma çıxarılan məsələlər arasında qoşun növlərinin bir komandanlıq altında birləşdirilməsi də nəzərdə tutulur. Bilirsiz ki, iyulun 15-də Türkiyədə baş verən hadisələr göstərdi ki, istənilən halda qoşun növləri bir komandanlıq altında birləşərək, Ali Baş Komandana tabe olmalıdır. Yəni, müxtəlif cəbhələrdə olmalı deyil. Türkiyədə olduğu kimi, Azərbaycanda da Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Dövlət Sərhəd Xidmətinin qoşun növləri vardır. Ancaq referendumdan sonra bu cür qoşun növlərinin hər birinin vahid komandanlıq altında birləşdirilməsi nəzərdə tutulur.
Referenduma çıxarılan məsələlər arasında ən əsası Azərbaycanda birinci vitse-prezidentin və vitse-prezidentlərin təyin edilməsidir. Konstitusiyada ediləcək əlavə və dəyişikliyə görə, Azərbaycanda birinci vitse-prezidenti və vitse-prezidentləri yalnız ölkə Prezidenti təyin edə və çıxara bilər. Bundan əlavə, birinci vitse-prezidentin toxunulmazlıq hüququ olacaq. Yəni, əgər Azərbaycanda birinci vitse-prezident konkret cinayət başında tutularsa, bu barədə birbaşa Respublika Baş Prokuroruna məlumat verilməlidir. Amma birinci vitse-prezidentin vəzifəsinə xitam verilib-verilməməsi artıq ölkə prezidentinin səlahiyyətlərinə aid olacaq. Referendumdan sonra Azərbaycanda birinci vitse-prezidentin və ailəsinin toxunulmazlığı olacaq. Yəni, birinci vitse-prezidenti və ailəsini heç kəs tuta və yoxlaya bilməz. Çünki ölkə Prezidenti olmayanda, onu əvəz edəcək şəxs birinci vitse-prezident olacaq. Əgər dövlət başçısı və birinci vitse-prezident də ölkədə yoxdursa, onu vitse-prezidentlərdən biri, onlar da olmasa Baş nazir, yaxud da Milli Məclisin sədri əvəz edə bilər.
Prezidentin 7 ildən bir seçilməsi istəyi də xalqın mütləq əksəriyyətinin tələbi ilə gündəmə gəlib. Bu, həm də qlobal layihələrin icrası üçün də çox vacib məqamdır. Çünki bir sıra hallarda uzun müddətə reallaşan qlobal layihələr həyata keçirilir. Buna misal olaraq “Bakı-Tbilisi-Qars” dəmiryolu, “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum” və TANAP layihələrini göstərmək olar. Bu cür nəhəng layihələrin reallaşdırılması üçün, doğrudan da, müəyyən zaman lazımdır. Əgər hər hansı prezident beynəlxalq müqavilə bağlayırsa, həmin müqavilənin uğurla davam etdirilməsi üçün müəyyən vaxt tələb olunur. Yoxsa ki, müqavilə bağla, prezidentlik müddətin başa çatır, sonra başqası gəlir və həmin müqavilə də risk altına düşür. Prezidentin yeddi illik müddəti məsələsi ona görə qaldırılıb ki, Azərbaycanda görülən bu qədər qlobal işlərin hamısına vaxt çatsın və müəyyən dövr ərzində bütün bu işlər uğurla reallaşsın. Burada mühüm məqamlardan biri də odur ki, müəyyən beynəlxalq müqavilələrə vitse-prezidentlər də dövlət başçısına məlumat verməklə imza ata biləcəklər. Bu isə idarəçilikdə müsbət nəticələrə gətirib çıxaracaq. Bütün bunlar ən vacib məsələlərdən biridir.