Tacu-l-vəba sayıqlamaları

Allahın ənənəvi müxalifətin liderlərinə rəhmi gəlsin, onlara bir az ağıl versin.

Foto: Meydan TV


Virtual alımdə nələr müzakirə olunur?

Bəşəriyyəti heç nə dəyişdirə bilmir. Ən ümidsiz və faciəvi vəziyyətdə insanlar gülür, zarafat və məsxərəni unutmur, zira yalnız bu yolla ümid üçün heç bir əsas verməyən gerçəklikdə gələcəyə ümidini hifz edə bilir.

Yalnız ağlamaqla kifayətlənsəydi, batıb gedərdi.

Təbii ki, COVİD-19-u, yəni “Tacu-l-vəba”nı da ələ salırlar.

“-Həsənağa, öskürürsən, olmaya koronavirusa yoluxmusan?

-Həri, naxoşlamışam.

-Kitayskidir?

-Yox alə, xalis italyanskidir”.

***

Ev dustağıyam. Məndən olsaydı, karantinin yüngül növünü seçərdim. Yəni insanlarla məsafə saxlamaq şərtilə küçədə-bacada gəzərdim. Alman alimləri deyirlər ki, vəbaya yoluxmanın yeganə dəqiq sübut olunmuş yolu tüpürcəkdir, quru müstəvidən keçmə ehtimalı sübuta yetməyib.

Lakin cəmiyyətin və dövlətin yanlış iradələri üst-üstə düşüb yumruq kimi birləşəndə, onunla mübarizə mənasızdır. Həyatım boyu bunu dəfələrlə görmüşəm.

Səhər tezdən evimdən çıxıb maşınımla işə gedirdim, hücrəmdə oturub heç yerə çıxmırdım, qaranlıq düşəndə maşınıma minib evimə qayıdırdım. Demək olar ki, heç kəslə təmasda olmurdum. Lakin DYP saxlayır, deyir ki, qadağandır, evdə oturmalıyam. Soruşuram niyə? Deyirlər ki, hökumət belə deyib. Deyirəm ki, həmin bu hökumətin ağlına bələdəm, onlara inanmıram. Deyirlər ki, ağsaqqal, bizdə əmr var itaət etməyənləri cərimələyək. Deyirəm ki, madam əmr var, mənim də qoşun-ləşkərim yoxdur, gərək tabe olum.

Odur ki, artıq 20 gündür evdə oturub virtual aləmə baş vururam. Maraqlı və maraqsız məlumat əldə etmək üçün vaxtım boldur.

Dövlətlər arasında sanki yarış gedir: kimdə xəstələrin və ölənlərin sayı daha azdır, kim vəziyyətə daha yaxşı nəzarət edir. Qərb dünyası özünə geosiyasi rəqib saydığı Çinin bəlalarına soyuqqanlı baxırdı. İranda xəstəliyin doğurduğu fəsadlara aşkar sevinirdi. Lakin vəba gəlib Avropa və ABŞ-ı bürüyəndən sonra yada insanlıq və mərhəmət düşdü.

Vəba qaçılmaz iqtisadi böhranın günahını üstünə götürdü, ciddi müşküllərin ağrılı həllərini yubadan siyasilərə əhalini növbəti uydurmalarla aldatmağa fürsət verdi. Vəba təhlükəsinin şişirdilməsi yarıtmaz siyasilərə əl verirdi deyə qara-qışqırıq və şivən ustaları ekranları işğal etdilər. Narazı həqiqətsevərlərin səsini batırmaq üçün xüsusi qanunlar da qəbul edildi, bir-iki nəfəri tutub görk üçün cərimələdilər, içəri də saldılar.

Yoluxanların və ölənlərin sayına görə ABŞ dünyada birinci yerə çıxdı. İqtisadiyyat çökməyə başladı, Trampın seçki üstünlüyü əriməyə üz tutdu. Dünyanın ən güclü dövlətinin böylə ağır göstəriciləri xeyli bivec dövlət başçısının məddahlarına yersiz təriflər üçün girəvə verdi.

Bütün bu ucuz həngamələrə tamaşa edə-edə mən vəba barədə dəqiq mütəxəssis rəyini axtarmağa başladım. Mənim üçün əsas odur ki, bu rəyə hakimiyyət təsir edə bilməsin. Belə rəyi mən Almaniyanın “Deutsche Welle” kanalında tapdım. Alman professorları deyirlər ki, bu ölkədə yoluxmuşlarin cəmi 0.37%-i, əhalinin ümumi sayının cəmi 0.06-i məhz “Tacu-l-vəbadan” ölür. 1000 nəfər sakini ucdantutma test müayinəsindən keçirəndə məlum olub ki, 15%-də artıq bu vəbaya qarşı immunitet var, yəni onlar yoluxublar, xəstəliyi yüngül keçirib sağalıblar, lakin bu “bəxtəvərlikdən” heç özlərinin xəbəri olmayıb. Alman alimləri əmindirlər ki, ilin sonunda ölkə üzrə ümumi ölüm statistikasında bu vəbanın fəsadının göstəriciləri o qədər miskin olacaq ki, indiki təşviş və həyəcan yalnız istehza doğuracaq.

Yazdıqlarıma şəkk edənlər bu linkin

video

suna baxa bilər:

Alman alimləri deyir ki, böyük insan tələfatı barədə rəqəmlər testlərin tətbiqindəki və statistikanın aparılmasındakı naqislikdən doğur.

Mən nədənsə alman alimlərinə siyasi rəhbərlərdən daha çox inanıram.

***

Vaxtım çoxdur, müxtəlif çarxlara baxıram. Hətta “milli” çarxlara, hərçənd ki, ölkəmizdə ictimai-siyasi həyatın intellektual səviyyəsi, Xəzər dənizi kimi, dünya okeanının səviyyəsindən 28 metr aşağıdadır. Lakin bekar adam nələr etməz?!

Təsadüfən gəlib düşürəm möhtəşəm bir adı daşıyan yığıncağın çarxına: “Azərbaycan Xalq Hərəkatı”!

Paho-o, tanış sifətlərdir ki! Sadəcə, məndən betər, 30 il qocalıblar. Hamısı mənim kimi, əzik-üzük, qırışıb solub. Aya, ağıllanıblarmı? Bir beş dəqiqə dinləyirəm nitqlərini, görürəm ki, əsla yox, ağılları qibtə ediləcək səviyyədə balaca uşaq ağlıdır. Yenə əsassız hikkə və tələblər: iqtidar filan şeyi etməlidir!

Niyə etməlidir? Sizdən qorxur? Yox. Ağlınıza, qabiliyyətinizə hörmət edir? Yox. Var-dövlətinizdən, tərəfdarlarınızın sayının çoxluğundan çəkinir? Yenə yox. Dəfələrlə açıq tərzdə sizi meymun adlandırıb. Şərləyib tutub, döydürüb, qazamata salıb, işgəncə verib.

Lap bu yaxınlarda sizı “marjinal qrup” adlandırıb.

Dərindən fikirləşəndə, etiraf etməli olursan ki, nə qədər qəribə səslənsə də, bu dəfə Prezidentin dediklərində həqiqət var. Ənənəvi müxalifət dönüb olub klassik marjinal qrup.

Lakin dünyada minnətdarlıq kimi bir məfhum da var axı! Həmin bu indi marjinal qrupa çevrilmiş ənənəvi müxalifətçilər olmasaydı, 1989-1992-ci illərdə, Ramiz Mehdiyev demişkən, “ölü meyid” sayılan Heydər Əliyev heç vaxt və heç bir şərtlə xortlayıb siyasi səhnəyə qayıtmazdı. Yadınıza salmaq istəyirəm ki, 1992-ci ilin mayında Ali Sovetin binasının önündə AXC Ali Məclisinin üzvü Murtuz Ələsgərovun başçılığı altında “Prezident seçkilərində yuxarı yaş həddi götürülsün” tələbilə mitinqə neçə adam toplaşmışdı? İndi AXC mitinqlərində olduğu kimi, 1 000 nəfər? Xeyr. 50 nəfər! Onları da Hacı Əbdülün qədeşləri gəlib asanlıqla dağıtdı. Yox idi marjinal təqaüdçü Heydər Əliyevin sosial bazası!

Lakin üç qüdrətli amil onu bir il ərzində marjinal fiqurdan millətin xilaskarı mərtəbəsinə qaldırdı.

Nə idi bu üç qüdrətli amil? Birincisi, geniş xalq kütlələrinin hüdudsuz cəhaləti. İkincisi, AXC liderlərinin hüdudsuz vəzifə hərisliyi və cəhaləti. Üçüncüsü, Heydər Əliyevin özünün hüdudsuz hakimiyyət hərisliyi və müstəsna siyasi bacarığı. Bu üç amil marjinal Heydər Əliyevi Ulu öndər, AXC liderlərini marjinal qrup etdi.

Əliyevlər ailəsini milyarder etmiş bu marjinallara azı bir quru təşəkkür düşmürmü?

Görünür ki, yox. Onların bəzilərinə Milli Məclisdə verilmiş mandatları kafi ənam sayırlar.

Qalanların hafizələri heç yoxdur, yenə özlərini elə aparırlar, sanki qarşılarında duran adamın familiyası ya Vəzirovdur, ya Mütəllibov. Onlar sizi adam sayırdı və dinləyirdi. Səhvlərini onlara anlatdınız.

Allahın ənənəvi müxalifətin liderlərinə rəhmi gəlsin, onlara bir az ağıl versin.

***

Yenə sosial çarxlara baxıram. Budur, dövlət idarəsinin qapısı önündə kasıb qadın uşaqlarının ac olması barədə çığırıb hakimiyyətdən ya kömək, ya da ona işləmək icazəsi tələb edir. Polis onu qovur. Hadisəni çəkən jurnalisti də qovur.

O biri çarxlarda bu növ kasıblara etinasızlıq bildirmiş artist Afaq Bəşirqızını qınayan fikirlər əksini tapır. Mənim üçün bu çarxlar vəhdət təşkil edir. Kasıb qadının çığırtısı və hökumətdən 6-cı mənzili qopara bilməmiş Afaq xanımın qeyzli gileyi məzmun və məna baxımından vahid süjet xəttini təşkil edir. Süjetin adı “asılı insanların imdad və imtiyaz umması” adlana bilər. Zira Azərbaycan adlanan məkanda insanların, istər vəba olsun, istər olmasın, azadlıq deyilən şeydən payı yoxdur. Uzağa getməyək, ölkəmizin vətəndaşı olan yeganə rəsmi milyarder haradadır? İçəridə. Başlayıb Ulu öndərə hörmət-izzətindən danşmağa. Rəsmi olmayan digər milyarderlərin də aqibəti eynidir və ya olacaq.

Milyarder olmayan azərbaycanlılar da təhlükəsizlik və qazanc imkanı xatirinə Ulu öndərə məhəbbət sərgiləməlidirlər. Niyə? Cəmiyyətimiz feodal cəmiyyətdir, vassalın malı da, canı da, qazancı da senyordan asılıdır. Bu alçaldıcı vəziyyəti heş kəs kənardan gəlib yaratmayıb, bu vəziyyəti bu məkanda yaşayan-sürünən əhalinin özünün seçdiyi və riayət etdiyi həyat tərzi yaradıb.

Azərbaycanda daha mütərəqqi cəmiyyətin qurulmasını arzulayan və həyatını bu amala həsr etmiş bir neçə şərəfli insan tanıyıram. Onlara rəğbətim var, lakin, deməsəm də, onlara həm də yazığım gəlir. Demokratiya hara, xalqımız hara! Kimləri sevdiyini, kimlərə qibtə etdiyini, təqlid etməyə çalışdığını xatırlasanız, hər şey sizə agah olar. Dediklərimlə razılaşmayan, hətta bundan qəzəblənən oxucuma məsləhət görərdim ki, özünə, qohumlarına, qonşularına, dost-tanışına, iş yoldaşlarına baxıb fikirləşsin ki, onlardan neçəsi “yer üzünün əşrəfi insan” sözlərinə layiqdir? Odur ki, əbəs ümidlərlə özünüzü üzməyin, oxuyun, savadlanın, balalarınızı və nəvələrinizi bədnam və alçaldıcı “milli” dəyərlərdən xilas edin. Bu şərtlə biz ölkəmizdə hansısa müsbət dəyişiklik üçün zəmin yarada bilərik.

İnsanın dəyişməsi uzun və məşəqqətli əmək tələb edən prosesdir. Yoxlamaq istəyirsiniz? Ədəbiyyatımızın klassiki Çingiz Hüseynovun Mirzə Fətəli Axundzadənin şərəfli və faciəvi həyatına həsr etdiyi “Fətəli fəthi” romanını sonadək oxumağa cəhd edin. Oxucudan gərgin zehni əmək tələb edir bu roman!

Bacarsanız, deməli, birinci addımı atmısınız. Bacarmasanız, qayıdın öz dikgəzən ikiayaqlı məməli məxluq həyat tərzinizə, başınızı mənasız şeylərlə ağrıtmayın.

Həyat bizdə gözəldir! İnanmayan baxsın milli televiziyaya!

***

Virtual aləmdə dünya vəbadan sonra necə olacaq mövzusunda müzakirə gedir. Hərə bir fərqli gələcək təsvir edir.

Eləsi var ki, deyir: onlayn təhsil təcrübəsindən sonra hökumət birdən də olmasa, tədricən müəllim ordusunu ixtisara salıb ən çoxu yüz orta məktəb, üç yüz ali məktəb müəllimini saxlayacaq. Cəmiyyətə müasir texnologiya şəraitində bundan artıq sayda müəllim heç lazım deyil. Təsəvvür edirsiniz, büdcə necə ağır təhsil məsrəflərindən xilas olacaq!

Eləsi var deyir ki, rəqəmsal dünyada bu sayda məmur ordusuna ehtiyac yoxdur, vəbadan sonra məmurarın 90%-i ixtisara düşəcək.

Bəri tərəfdən də Anatoliy Çubays öz çıxışının çarxını qoyub İnternetə, deyir ki, Yer kürəsində indi yaşayan 7 milyard insan izafidir, gərək 5,5 milyardı yox olsun, qalsın 1,5 milyard!

Cəmi-cümlətani!

Çubaysın təklifinə görə dünya olkələrinin əhali sayı eyni ədədə bölünəcək. Təxminən beşə. Bizim əhali 10 miyondur, beşə bölünsə, qalacaq 2 milyon.

Dəhşət!

Ancaq fərz etsək ki, Ermənistanın da 1.5 milyonu bölünəcək beşə və qalacaq 300 min, bu fərziyyə üzərində bəlkə də düşünməyə dəyər.

***

Dünyada hər şey ötəridir. Keçmiş əyyamda o qədər vəba olub ki! Bundan da qorxunc və ölümcül! Lakin bəşəriyyət yaşayır. İndi bu vəba da keçəcək, bəşəriyyət yaşamaqda davam edəcək.

Lakin necə?

Ana səhifəXəbərlərTacu-l-vəba sayıqlamaları