Tacikistan ombudsmanı rusiyalı həmkarına yazır: “Rusiyada tacikləri döyür və təhqir edirlər”

Foto: Azadlıq Radiosu

“Saxlanılanlar arasında Tacikistanın rəsmiləri, tələbələr, qocalar, qadınlar və uşaqlar da var”

Tacikistanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Umed Bobozoda Rusiyada tacik miqrantların hüquq və azadlıqlarının pozulmasından narahatlığını ifadə edib.

“Azadlıq Radiosu”nun Tacikistan Xidmətinin yaydığı məlumata görə, oktyabrın 11-də Umed Bobozoda rusiyalı həmkarı Tatyana Moskalkovaya yazdığı məktubda bu qeydləri edib:

Rusiya hüquq-mühafizə orqanları Tacikistandan olan əməkçi miqrantlarla qeyri-qanuni üsullardan istifadə edir, onları döyür və təhqir edirlər”.

Ombudsman Tacikistan vətəndaşlarının uzun müddət Rusiya ilə sərhəddə normal şərait və yemək olmadan saxlanılması hallarını da vurğulayıb:

Üstəlik, saxlanılanlar arasında Tacikistanın rəsmi nümayəndələri, tələbələr, qocalar, qadınlar və uşaqlar da var”.

Bobozoda Moskalkovadan xahiş edir ki, Tacikistan vətəndaşlarının hüquqlarına riayət olunmasına köməklik göstərsin, belə hallara nəzarət etsin və lazımi tədbirlər görsün.

Son bir neçə həftədə Düşənbənin bəzi rəsmiləri Rusiya hakimiyyətinin Tacikistandan olan əmək miqrantlarına münasibətindən narazılığını bildirib.

O cümlədən, iki ölkənin hökumətlərarası komissiyasının oktyabrın 4-də Düşənbədə keçirilən iclasında bu məsələni Tacikistanın Baş naziri Kohir Rəsulzoda qaldırıb.

Bildirilir ki, hər il yüz minlərlə Tacikistan vətəndaşı işləmək üçün Rusiyaya gedir:

Bununla belə, son bir ildə Rusiyada Tacikistan vətəndaşlarının saxlanılması və əsassız yoxlamaların sayı kəskin artıb. 2024-cü ilin martında Moskva vilayətində “Crocus City Hall”da, istintaqın rəsmi versiyasına görə, Tacikistan vətəndaşları tərəfindən törədilən terror aktından sonra vəziyyət xüsusilə gərginləşib”.

Terror aktından dərhal sonra minlərlə Tacikistan vətəndaşı Rusiya hava limanlarında saxlanıldı, onların bir çoxunun Rusiya ərazisinə buraxılmasına icazə verilmədi və deportasiya edildi. Bir ildən az müddətdə 20 minə yaxın Tacikistan vətəndaşı Rusiyadan deportasiya edilib“, – deyə o bildirib.

Məlumatda qeyd olunur ki, 2024-cü ilin əvvəlindən Rusiya Daxili İşlər Nazirliyi 65 mindən çox xarici vətəndaşı ölkədən çıxarıb, həmçinin 120 min miqrantın ölkəyə girişini bağlayıb.

Rusiyaya miqrant axını ölkədə kadr böhranı fonunda son 10 ilin ən aşağı səviyyəsinə düşüb

Ana səhifəDünyaTacikistan ombudsmanı rusiyalı həmkarına yazır: “Rusiyada tacikləri döyür və təhqir edirlər”