Tacikistanda Moskvadakı terrorla bağlı 9 nəfərin saxlanıldığı bildirilir

“Crocus City Hall”. Foto: Reuters

Onlar Vəhdət şəhərində həbs olunaraq, Düşənbəyə aparılıblar

Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin “Crocus City Hall”a hücum edən İŞİD terror qruplaşması ilə əlaqədə olduğu ehtimal edilən 9 yerli sakini saxladığı bildirilir.

Bu barədə “Reuters” və “RİA Novosti” Tacikistanın xüsusi xidmət orqanlarındakı mənbələrinə istinadən məlumat yayıblar.

Nəşrlərin yazdığına görə, şübhəlilər martın 25-də Vəhdət şəhərində həbs olunaraq, Düşənbəyə aparılıblar.

Əməliyyat tədbirlərində Tacikistanın paytaxtında yerləşən Rusiya təhlükəsizlik qüvvələri də iştirak edib.

Həbslərin digər təfərrüatları barədə məlumat verilmir.

“Crocus City Hall”a hücum martın 22-də axşam saatlarında baş verib.

“Piknik” qrupunun konserti başlamazdan əvvəl bir neçə silahlı şəxs binaya soxularaq tamaşaçılara atəş açıb.

Salonda yanğın baş verib.

Son məlumatlara görə, terror hücumu nəticəsində 144 nəfər həlak olub, 380-dən çox insan yaralanıb.

Məsuliyyəti İŞİD terror qruplaşmasının “Vilayət Xorasan” adlı qolu öz üzərinə götürüb.

Rusiya hakimiyyəti terror hücumunda şübhəli bilinən 11 nəfəri saxladıqlarını açıqlayıb.

Martın 24-də terror hücumunda ittiham olunanlar həbs ediliblər.

Məhbuslar məhkəmə zalına döyülmə, işgəncə izləri ilə çıxıblar.

Daha sonra iş üzrə daha dörd təqsirləndirilən şəxs həbs edilib.

Müstəntiqlərin fikrincə, onlar terrorçulara mənzil və maşın kirayə veriblər.

Rusiya hakimiyyəti terror hücumunun arxasında Ukraynanın olduğunu iddia edir.

“Bloomberg”in məlumatına görə, Vladimir Putinə yaxın olanlar hesab edirlər ki, Kiyevin terror hücumunda əli olduğuna dair heç bir dəlil yoxdur. Lakin Prezident faciədən istifadə edərək rusları Ukrayna ilə müharibəyə cəlb etmək niyyətindədir.

Ukrayna hakimiyyəti terrorda iştirakı inkar edib.

Rusiyanın Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall” azərbaycanlı biznesmen Araz Ağalarova məxsusdur.

Tikintisinə 70 milyon dollar sərmayə yatırılan konsert zalı 2009-cu il oktyabrın 25-də istifadəyə verilib və Azərbaycanın estrada müğənnisi Müslüm Maqomayevin adını daşıyır.

Zalın standart tutumu 6200, maksimumu isə 9500 nəfərdir.

Ana səhifəDünyaTacikistanda Moskvadakı terrorla bağlı 9 nəfərin saxlanıldığı bildirilir