Həlak olan üç ekipaj üzvü II Fəxri xiyabanda dəfn olunacaq
Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimi keçirilib.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasimində iştirak edib, həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.
Mərasimdə həmçinin rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “Azərbaycan Hava Yolları”nın (AZAL) vitse-prezidenti İlham Əmirov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Həlak olan üç ekipaj üzvü – gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva dekabrın 29-da II Fəxri xiyabanda dəfn olunacaq.
Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.
Dekabrın 28-dən 29-na keçən gecə təyyarə qəzasında həlak olan 3 ekipaj üzvü və 21 nəfər sərnişinin nəşi Azərbaycana gətirilib.