Tədqiqatçı İqbal Əbilova 18 il həbs cəzası verilib

Yenilənib

İqbal Əbilov. Foto: Ülviyyə Əli

O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunub

Bu gün, mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə “Talış Milli Akademiyasının Xəbərləri” saytının baş redaktoru, etnik tədqiqatçı İqbal Əbilov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Mayın 2-də keçirilən məhkəmə iclasında dövlət ittihamçısı İqbal Əbilovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İqbal Əbilova qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb.

İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunub.

O, bu ittihamları təkzib edir, elmi tədqiqatla məşğul olduğunu bildirir.

Müdafiə tərəfi də hesab edir ki, ittihamları təsdiq edən mötəbər sübutlar təqdim olunmayıb.

İqbal Əbilovun müraciəti

İqbal Əbilov məhkəmə prosesindən sonra müraciət ünvanlayıb.

 O, ailəsinə, dostlarına, onu dəstəkləyən hər kəsə təşəkkür edib və onların dəstəyini hiss etdiyini bildirib.

 “Qəlbim ailəmlə, xalqımla, dostlarımla, məni dəstəkləyən hər kəslədir. Mənim qəlbim azaddır,” – Əbilov bildirib.

O, xüsusilə valideynlərinə, yaxınlarına, dostlarına və məhkəmələrində iştirak edən, müdafiəsinə qalxan hər kəsə minnətdarlığını çatdırıb.

Fəal eyni zamanda, öz hüquqlarını qoruyan vəkilləri Fariz Namazlı və Rövşənə Rəhimovaya da xüsusi təşəkkür edib:

“Xüsusi minnətdarlığımı öz mübariz və ədalətpərəst vəkillərim Fariz Namazlı və Rövşənə Rəhimovaya çatdırıram. Onlarla tanış olduğuma şadam”.

Əbilov bərabərlik və insan hüquqları ilə bağlı da mesaj verib. O, cinsiyyətinə, milliyyətinə, dilinə, dininə və məzhəbinə görə heç bir insanın hüquqlarından məhrum edilməməli olduğunu vurğulayıb:

“Mən xoşbəxtəm və bilirəm ki, siz də mənim kimi insanların bərabərliyinə inanırsınız”.

Müraciətində Əbilov təcridxanada saxlanılan ictimai fəal Əhməd Məmmədlinin vəziyyətinə də toxunub. O, Məmmədlini üzü-gözü şişmiş halda gördüyünü deyərək ona dəstəyini ifadə edib:

 “Onun kimi saf, savadlı, həqiqətpərəst cavanlar dövlətin ümidi və gələcəyidirlər”.

 Sonda Əbilov azadlığın, bilik və vicdanın gücünə inandığını bildirib:

“Həmişə azad və gülərüzlü olun! Elm və daxili azadlıq QULAQ-dan daha güclüdür!”.

Belarusda yaşayan İqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanılıb.

Özü də milliyətcə talış olan Əbilov “Talış Milli Akademiyasının Xəbərləri”nin baş redaktoru olub. Saytda talış folkloru, tarixə dair araşdırmalar və nadir sənədlər nəşr edilirdi.

Əbilov Belarus Dövlət Universitetinin Beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr (2012), magistr (2013) və aspirantura (2016) pillələrini bitirib.

Dünya ölkələrindən olan alimlər onun azad olunması tələbi ilə Azərbaycan rəhbərliyinə müraciət ediblər. Yerli və beynəlxalq huquq-müdafiə təşkilatları Əbilovu siyasi məhbus kimi tanıyıb.

Ana səhifəSiyasətTədqiqatçı İqbal Əbilova 18 il həbs cəzası verilib