Svetlana Aleksiyeviç: ”İndi anladım xalq niyə susur”



Nobel mükafatı laureatı, belarus yazıçısı Svetlana Aleksiyeviç martın 8-də “Deutsch Welle”yə müsahibə verib.



Hamı azadlıq istəyir, ancaq o nemətin göydən düşüb gəlməsini arzulayırlar


– Kölndəki çıxışınızda soyuq müharibənin yenidən başlandığını dediniz. Bunu müharibədən çox yazmış bir insan kimimi hiss edirsiniz?

– Xeyr, bunu orda, bütün hadisələrin girdabında yaşamış birisi kimi hiss edirəm. Çünki, Belarus dünyada Rusiyayla ən sıx bağları olan ölkədir. Fikrimcə Belarus rus təsirinə məruz qalmış, hələ də rus təsirinə açıq, Avropaya çıxan yeganə dəhlizdir. Rusiyada nə baş versə bizdə çox güclü hiss olunur. Soyulmuş, aldadılmış insanların nifrəti çıxmağa yer axtarır. Və bu nifrət toplanma prossesi kifayət qədər ağıllı şəkildə xaricə, xarici düşmənə qarşı yönləndirilir, insanların düşüncələri militarlaşır.



– Daha doğrusu nifrət uydurulmuş xarici düşmənə doğru yönləndirilir?

– Əlbəttə. Bu daxildə toplanıb partlayış yarada biləcək enerjinin xaricə çıxarılmasından başqa bir şey deyil. Onu Putin kəşf etməyib, əksinə siyasi klassikadır və çox-çox qədimlərdən bəri məlumdur.


– Siz Rusiya prezidentinin adını çəkdiniz. İndi çoxları Putin avtokratiyasından danışır . Ancaq avtokratiya hansısa vakkumda mövcud olmur. Putinin reytinqi gün-gündən artır…

– Mənim “Kollektiv Putin” adlı bir məqaləm çıxmışdı. Orda yazmışdım ki, məsələ heç də Putində deyil. Putin sadəcə özünü alçaldılmış, soyulmuş, aldadılmış hiss edən bir cəmiyyətin illərlə yığılmış arzusudur (bəzilərində aydın, bəzilərində qarışıq).

Perestroykanı eləyən bizlər özümüzə sual verirdik: “Niyə xalq susur?” Mən Rusiyaya səfər edəndə, cəmiyyətin içinə düşəndə bu sualın cavabını tapdım: çünki xalq nə baş verdiyini anlamağa macal tapmayıb, o baş verənləri gözləmirmiş. Perestroykanı Qorbaçovun başçılığı ilə SSRİ-nin böyük şəhərlərinin ziyalı təbəqəsi həyata keçirmişdi. Bəs yerdə qalan xalq? İnsanlar dərin ruh düşkünlüyü içərisində idilər. Kapitalizm filan da istəmirdilər. Bəlkə də, bu rus mentallığına uyğun deyildi… Ancaq o gün ki, Putin dilə gəlib dedi: “Ətrafımız düşmənlərlə doludur, biz güclü olmalıyıq, bizə hörmət qoymalıdırlar”, – hamı bu sözdən öz payını götürdü, yerinə oturdu. Bax, beləcə insanlar yaşamağın yolunu tapdılar, yenidən güclü xalq olmaq üçün bir yerə toplaşdılar.


– Nobel nitqinizdə qarışlaşdığınız iki faciədən bəhs etdiniz: onlardan biri Sovet imperiyasının süqutuna aparıb çıxaran sosial faciə (elə indi ondan danışdıq), ikincsi isə Çernobl faciəsi adlandırılan kosmik faciədir. Bu il Çernobl faciəsinin 30-cu il dönümü tamam olur. Bu gün Çernobl sizin üçün nə deməkdir?

– Son on ildə dünyasını dəyişmiş dostlarımın hamısı xərçəngdən ölüblər. Elə bir gün olmayıb ki, tanışlarımdan hardasa kiminsə xəstəliyə tutulduğunu, ya da öldüyünü eşitməyim. Bunun baş verəcəyi hələ lap əvvəldən, Çernobl AES-dəki qəzanın ilk aylarında bir çox alimlər tərəfindən deyilirdi. Onlar deyirdilər ki, qısa müddətə baş verən ölümlər zamanla azaldıqca, yerini içdiyimiz su ilə, yediyimiz yeməklə, aldığımız hava ilə bədənimizə keçən kiçik dozalı radiasiyadan qaynaqlanan ölümlərə verəcək. Və indi həmin şeyi yaşamaqdayıq. Hakimiyyət buna göz yummağa çalışır, özləri-özlərinə ayrıca təsərrüfat yaradıblar, Lukaşenko öz süfrəsinə sağlam qidalar düzür, yerdə qalan xalq isə mağazalarda satılanlardan yeyir… Buna görə də “Çernobl bitib” demək olmaz. Biz hələ də Çernoblda yaşayırıq və bu əbədilik davam edəcək.



“Elə bilirdik demokratiya öz ayaqları ilə gəlib evimizə daxil olacaq”



– Siz Belarusiyada işləməyə, yazmağa çalışırsınız. Ordakı hakimiyyət isə, yumuşaq desək sizə acımır. Sizi susdururlar, oxucularla görüşmənizə imkan vermirlər. Bəs niyə hələ də orda yaşamağa davam edirsiniz?

– Mən 12 il xaricdə yaşayandan sonra Belarusiyaya qayıtdım. Mən evində yaşamaq istəyən və yaşamalı olan birisiyəm. Axı indi yazdığım “səslərin romanı”nı ətrafımdakı havada uçuşan insan səslərindən, söhbət etdiyim, küçədə, taksidə, bazarda qarşılaşdığım insanlardan təsadüfən eşitdiyim səslərdən lentə yazdırıram… Belə ki, şəxsi səbəblərdən əlavə (nəvəm Belarusiyada böyüməkdədir, bir insan kimi onun yanında olmaq istəyirəm), peşəmlə bağlı səbəblərim də var. Mən evimdə yaşamaq üçün qayıtdım. Yeri gəlmişkən, Putinin əsl üzünü göstərməsindən yarım il öncə qayıtdım, onda bu günkü Moskvanın proqramı tam açıqlığa qovuşmuş, bütün maskalar düşmüşdü… Sonradan anladıq ki, bu 20 il ərzində hazırlanıb. Biz saf romantiklər idik, bütün anlamazlığımız burdan gəlir. Biz elə bilirdik, demokratiya öz ayaqları ilə gəlib, evimizin içinə daxil olacaq, – bax ona görə küçələrdə: “Azadlıq! Azadlıq!” – deyə qışqırırıq.


– Maraqlıdır, bəs ailə üzvləriniz, ən doğma adamlarınız demokratiya haqda görüşlərinizi paylaşırlarmı?

– Məncə yox. Valideynlərim fikirlərimi bölüşmür. Atam kommunist olub, o partiya biletindən ayrıla bilməyib. Bunun sadə izahı var. İnsanlar həmişə düşərgədə yaşayıblar (axı sovet dönəmində beləcə də deyirdilər: sosialist düşərgəsi). Ağlına da gətirə bilməzdin ki, insanı düşərgədən bayıra buraxaydılar, o azad olaydı. Belə şey olmazdı. Hər kəs o ətalətli həyatın içində özünə nəsə bir fənd, bir bəraət, bir oyuq, hansısa ləyaqəti qoruyub saxlamaq yolu fikirləşib tapırdı. Bu insanın təbiətində var. Meydanlara olduqca az adam çıxırdı. Tutaq ki, Belarusiyadakı insanlar Ukrayna Maydanını gördülər, qanı gördülər, yanan maşın təkərlərini gördülər və əlbəttə ki, qorxdular. Hamı azadlıq istəyir, ancaq o nemətin göydən düşüb gəlməsini arzulayırlar. Axı belə olmur.


– “Sekond-hand zamanı” kitabınız çıxandan sonra “qırmızı insan”ın əhvalatının axıra kimi yazıldığını demişdiniz. Doğurdanmı o yazılıb qurtarıb?

– Mən nə bacarıramsa deyib qurtarmışam. Ancaq bu yeni kitabımda Rusiya qazanında bişməkdə olan nə isə yeni və qorxunc bir şeyin səsi gəlir, – bu bizim azadlıq adlandırdığımız şey deyil. Bizim çoxlarımız üçün sınaq olacaq bir şey hazırlanır. Bütün bunlara baxmayaraq “qırmızı insan” çıxıb getməkdədir. Düzdür, onun gedişi bədbəxtlik, böyük qanla müşayət olunur. Axı İmperiya bir anın içində ya da, beş-on ilə dağılıb gedə bilməz.


– İndi nə üzərində işləyirsiniz?

– İndi əlbəttə çox yorğunam, çətin ki, gedib hansısa müharibənin içində düşəm, ondan yazam. Daha bu cür insan çılğınlığına tamaşa edə bilmərəm. Çəkə biləcəyim əzab limitini, çəkib qurtarmışam, bu bir yana, hələ də bir insanın o birini hansı haqla öldürə bildiyi ağlıma sığışmır. Bu barbarlıqdır. Mənə elə gəlir XXI əsrdə ideyalar vuruşmalıydı, insanlar deyil. Gərək bir-birimizlə dil tapaq, söhbəti öldürməyə qədər aparıb çıxartmayaq. Deməli hələ də XX əsr davam edir. Bəlkə təqvimdə o çoxdan gedib, bizsə hələ də XX əsrdəyik və hələlik dəyişməmişik.

Ancaq insan təkcə sosial yaxud ideya varlığı deyil. O daha böyük bir şeydir. Bəs həyat nəyin ətrafında fırlanır? İki şeyin: Sevgi və Ölümün. Mənsə indi iki kitab üzərində işləyirəm, istəyirəm iki kitab halında çıxsın: biri Sevgi, o biri Qocalıq haqda.


Tərcümə etdi: Namiq Hüseynli

Kultura.az

Ana səhifəVideoSvetlana Aleksiyeviç: ”İndi anladım xalq niyə susur”