Süveyş böhranı: hərbi əməliyyatlar və nəticələri

Yazar: Yadigar Sadıqlı

Foto: Meydan Tv

“Süveyş müharibəsi hədəflərinə çatsaydı, Yaxın Şərq daha yaxşı vəziyyətdə olardı…”

II yazı

Böyük Britaniyanın Baş naziri Entoni İden Süveyş kanalının milliləşdirilməsini eşidəndə Camal Əbdül Nasirin qəvi düşmənləri, İraq kralı II Feysəl və baş nazir Nuri əs-Səidin şərəfinə ziyafət verirdi. Qonaqlar dərhal ev sahibini “Nasiri əzişdirməyə” səslədilər.

Zatən, İden özü də sərt hərəkət tərəfdarı idi. O, 1938-ci ildə Baş nazir Nevil Çemberlenin nasist Almaniyasına münasibətdə yürütdüyü mülayim siyasətə etiraz olaraq xarici işlər naziri postundan istefa vermiş və yalnız Uinston Çörçill hökumət rəhbəri seçiləndə yenidən həmin vəzifəyə qayıtmışdı.

Artıq ertəsi gün, 1956-cı il iyulun 27-də Britaniya hökuməti Misir əleyhinə hərbi əməliyyata başlamaq qərarı verdi və bunun üçün Baş qərargaha altı həftə vaxt ayırdı. Əməliyyatın məqsədi Nasiri devirmək və daha üzüyola iqtidar formalaşdırmaq idi. Gi Mollenin rəhbərlik etdiyi Fransa hökuməti də bu məsələdə ingilislərlə həmrəy idi.

London öz planlarını məxfi surətdə Vaşinqtona da bildirdi. Amerikalılardan dəstək görəcəklərinə şübhə etmirdilər. Axı cəmi 3 il əvvəl xüsusi əməliyyatla İranda Müsəddiq hökumətini devirməyə razı olmuşdular. Amma bu dəfə əksinə oldu. Prezident Eyzenhauer iyulun 31-də İdenə yazdığı məktubunda Süveyş böhranını diplomatik yollarla həll etmək lazım gəldiyini söyləyirdi. Bir neçə gündən sonra Londona gələn dövlət katibi Con Foster Dalles ilk addım kimi Süveyş kanalından istifadə edən əsas dövlətlərdən ibarət beynəlxalq konfransın çağrılmasında israr etdi.

22 dövlətin iştirak etdiyi beynəlxalq konfrans 16-23 avqust tarixlərində Londonda keçirildi. İştirakçılardan 15 ölkə kanalın beynəlxalq idarəçiliyə verilməsi haqqında ABŞ-ın hazırladığı layihəni bəyəndi. Nasirlə danışıqlar aparmaq üçün Qahirəyə Avstraliyanın Baş naziri Robert Menzis göndərildi. Amma bu missiyadan bir şey alınmadı.

Britaniyanın ritorikası getdikcə daha davakar olurdu. Sentyabrın 12-də parlamentdə çıxış edən İden kompromis əldə olunmazsa, İngiltərə və Fransanın güc tətbiq edəcəyini söylədi.

Baş nazirin sözlərindən elə çıxırdı ki, Vaşinqton da bu addımı dəstəkləyəcək. Amma ertəsi gün Con Dalles Amerikanın “Süveyşdən özünə zorla yol açmayacağını”, kanal bağlanarsa, gəmilərini Afrikanın cənubundan göndərəcəyini bəyan etdi. Beləliklə, Vaşinqton və London arasındakı fikir ayrılığı artıq ictimailəşdi.

Bəziləri, xüsusən də keçmiş sovet tarixçiləri Eyzenhauerin bu mövqeyini yaxınlaşan prezident seçkiləri ilə izah edirlər. Əslində isə belə olmadığını düşünürəm. O zaman keçirilən rəy sorğuları Eyzenhauerin öz rəqibi Edlay Stivensonun xeyli qabaqladığını göstərirdi və prezidentin qələbəsi şübhə doğurmurdu. Digər tərəfdən, ABŞ hökumətinin Misirə qarşı müharibədə özünün iştirak etməyib passiv dəstək verəcəyi halda bunun seçkilərin nəticələrinə ciddi təsir göstərməsi inandırıcı deyil.

Məsələ ondadır ki, o zaman ABŞ Yaxın Şərqdə bitərəf siyasət yürüdür, ərəb ölkələri arasında öz nüfuzun qayğısına qalırdı. Məhz buna görə İsrailin dəfələrlə xahiş etməsinə baxmayaraq, ona silah satmırdı. Ciddi marağı olmayan Süveyş kanalına görə Vaşinqton ərəblərin yanında nüfuzunu zədələmək, regionda möhkəmlənməyə çalışan Moskvanın işini asanlaşdırmaq istəmirdi.

Ştatların bu siyasəti 1967-ci ildə baş verən Altıgünlük müharibəyə qədər davam etdi. Ərəb liderləri həmin müharibədə təkcə İsrailə uduzduqlarını etiraf edə bilmirdilər. Uğradıqları biabırçı məğlubiyyəti əsassız olaraq ABŞ-ın İsrailə kömək etməsi ilə izah edirdilər. Nəticədə həmin ölkələrdə kəskin antiamerika əhvalı yayıldı. Bu da Vaşinqtonu özünün Yaxın Şərq siyasətində dəyişikliklər etməyə, Tel-Əvivlə yaxınlaşmağa sövq etdi.


Misirlə müharibə etmək istəyən daha bir ölkə vardı: İsrail. Bu zaman Nasirin İsrail gəmilərinin Süveyş kanalından və Əkəbə boğazından keçidinə qadağa qoyması yeganə səbəb deyildi. BMT bölgüsünə görə Fələstində yaranacaq ərəb dövlətinin ərazisi olan Qəzzə sektoru Birinci ərəb-yəhudi savaşından sonra Misirin nəzarətinə keçmişdi və buradan İsrailə tez-tez hücumlar olurdu. Digər tərəfdən, Nasirin Çexoslovakiyadan çoxlu sayda hərbi texnika, silah və sursat alması Tel-Əvivi naharat edirdi.

İsrail hökuməti Misirlə mümkün müharibəyə başlamaqla iki məqsəd güdürdü. Birincisi, Qəzzəni, hətta Misirin öz ərazisi olan Sinay yarımadasını işğal edərək təhlükəni öz sərhədlərindən uzaqlaşdırmaq, ikincisi, Misirin əldə etdiyi texnikadan mümkün qədər çox məhv edərək hərbi potensialını zəiflətmək.

İsrailin Qərbdə yeganə yaxın müttəfiqi Fransa idi. Paris həmin dövrdə Əlcəzairdə milli-azadlıq müharibəsini repressiyalarla yatırmağa çalışdığına görə onsuz da ərəb ölkələri arasında mənfi imicə malik idi və ABŞ, İngiltərə kimi ehtiyatlı siyasət yürütməyə ehtiyac görmürdü. Britaniya isə ərəb dünyasının reaksiyasını nəzərə alaraq, Misirə qarşı əməliyyatda İsrailin iştirakına isti yanaşmırdı.

Sentyabrın əvvəllərindən Misirə hücumla bağlı İsrail və Fransa arasında məsləhətləşmələr başladı. Amma fransızlar hərbi əməliyyatda ingilislərin də iştirakında israr edirdilər. Çünki onların həm donanması, həm də Kiprdə yerləşən aviasiyası əməliyyatda mühüm rol oynaya bilərdi.

Oktyabrın 14-də Britaniya baş nazirinin şəhərkənarı iqamətgahı olan Çekersdə ingilislər və fransızlar arasında gizli görüş oldu. Fransa nümayəndələri ingilisləri İsraillə əməkdaşlığa inandırırdılar. Öz növbəsində ABŞ-ın dəstəyinə ümidini itirən ingilislər də İsraillə əməkdaşlığa meyl etməyə başladılar.

Oktyabrın 22-24-də Paris yaxınlığındakı Sevrdə son dərəcə məxfi Britaniya-Fransa-İsrail görüşü oldu. İsraili baş nazir və müdafiə naziri David Ben-Qurion, Baş qərargah rəisi Moşe Dayan və Müdafiə Nazirliyinin Baş direktoru Şimon Peres, Fransanı xarici işlər naziri Kristian Pino və müdafiə naziri Moris Burjes-Monuri, Britaniyanı isə xarici işlər naziri Selvin Lloyd və Birləşmiş kəşfiyyat komitəsinin rəhbəri Patrik Din təmsil edirdilər.

Müzakirələrdən sonra ikimərhələli plan qəbul edildi. Birinci mərhələdə İsrail Misirə qarşı hərbi əməliyyatlara başlayacaq və Süveyş kanalına doğru hücuma keçəcəkdi. Bundan sonra İngiltərə və Fransa “kanala yaranan təhlükəni aradan qaldırmaq üçün” əraziyə qoşun çıxaracaqdılar. Zatən, 1954-cü ildə London və Qahirə arasında imzalanan müqavilə ingilislərə bu hüququ verirdi.

Britaniya artıq bir müddət idi ki, Vaşinqtonu Misirlə bağlı planları haqqında xəbərdar etmirdi. Amma görülən hazırlıqlar, qoşunların yerdəyişməsi, regionda xeyli artan şifrəli radiomübadilə Amerika kəşfiyyatının nəzərindən qaçmadı. Hərbi əməliyyatların başlamasına bir neçə gün qalmış Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) İsrailin Misir üzərinə hücuma keçə biləcəyini hökumətə xəbər verdi.

Duayt Eyzenhauer müxtəlif kanallarla bir neçə dəfə Ben-Quriona xəbər göndərərək regiondakı vəziyyəti gərginləşdirə biləcək addımlardan çəkinməyə çağırdı. Ben-Qurion isə cavabında Amerika Prezidentini əmin etdi ki, İsrailin bütün hazırlıqları müdafiə xarakterlidir. Bu zaman isə Tel-Əvivdə “Kadeş” adı verilən hücum əməliyyatı üzərində gərgin iş gedirdi.


Oktyabrın 29-da İsrail Misirə qarşı hücum əməliyyatına başladı. Əməliyyatın üç istiqamətdə aparılırdı. Qəzzə sektoru tutulmalı və buradan İsrailə hücum üçün istifadə olunan bazalar ləğv edilməli idi. Şərm əş-Şeyxin tutulması nəticəsində Tiran boğazının blokadası aradan qalxacaqdı. Nəhayət, Süveyş kanalına doğru irəliləmək və bununla da ingilis və fransızların müdaxiləsinə bəhanə vermək lazım idi.

İsraillilər yerüstü hücumla yanaşı, mühüm Mitla aşırımına hava desantı çıxardılar. Bu aşırımın tutulması Sinaydakı Misir qoşunlarının təchizatının kəsilməsi, həm də onların geri çəkilməsinin çətinləşməsi demək idi. Digər tərəfdən, Mitla Süveyş kanalından təxminən 30 km məsafədə yerləşirdi. Deməli, hərbi əməliyyatlar kanala yetərincə yaxınlaşırdı, bu da İngiltərə və Fransaya hərəkətə keçmək bəhanəsi verdi.

Oktyabrın 30-da London və Paris Qahirəyə, eləcə də gözdən pərdə asmaq üçün Tel-Əvivə ultimatum verərək hərbi qüvvələrini kanaldan 16 km uzaqlaşdırmağı tələb etdi. Yəhudilər kanala yaxınlaşmayacağını bildirdilər, misirlilər isə ultimatumu rədd etdilər. Belə olduqda, müttəfiq aviasiyası Misir hərbi aerodromlarını bombalamağa başladı və bu, beş gün davam etdi. Bununla da “Müşketyor” əməliyyatına start verildi.

Noyabın 5-də isə havadan desantçıxarma əməliyyatı keçirildi. Misirin Port-Səid şəhəri ətrafına yüzlərlə ingilis və fransız əsgər çıxarıldı. Misirlilər ağır itkilər versələr də, mütəşəkkil şəkildə geri çəkilərək döyüş qabiliyyətlərini saxladılar. Misir hökuməti Süveyş kanalının giriş və çıxışında bir neçə gəmini batıraraq hərəkəti bağladı. Beləliklə, guya kanalın təhlükəsizliyi üçün başlanılan müdaxilə üzündən hərəkət tamamilə dayandı.

Noyabrın 6-da müttəfiqlər dənizdən desant çıxardılar. Misirlilərin gördükləri preventiv tədbirlər nəticəsində əməliyyat xeyli ləng getdi və axşam saatlarına kimi sürdü. Quruya çıxan qoşunlar qarşı tərəfin müqavimətini qıraraq Port-Səidi ələ keçirdilər və Misirin içərilərinə doğru irəliləməyə çalışırdılar. Amma bu, savaşın son günü idi. Bir neçə saatdan sonra qoşunlar hərbi əməliyyatları dayandırmaq əmri aldılar.


Misirə qarşı üç ölkənin təcavüzü beynəlxalq aləmdə kəskin reaksiya doğurdu. Müsəlman ölkələrində etiraz aksiyaları keçirildi. Səudiyyə Ərəbistanı İngiltərə və Fransaya qarşı neft embarqosu tətbiq etdi. Suriya öz ərazisindən keçən İraq neftini Aralıq dənizindəki Baniyas limanına daşıyan neft kəmərini partlatdı. Hər iki ölkə Misirin ardınca London və Parislə diplomatik əlaqələri kəsdi.

SSRİ-nin Baş naziri Nikolay Bulqaninin İngiltərə, Fransa və İsrail hökumətlərinə göndərdiyi teleqramda sovetlərin Yaxın Şərqdə sülhü bərqərar etmək üçün zor tətbiq etməyə hazır olduğu bildirilirdi. Mətndə nüvə silahından istifadənin də istisna olunmadığına eyham vardı.

Bu kontekstdə ABŞ-ın öz NATO müttəfiqləri ilə fikir ayrılığı xüsusilə diqqətçəkən idi. BMT Təhlükəsizlik Şurasının oktyabrın 30-da keçirilən toplantısında ABŞ-ın hazırladığı və İsraildən hərbi əməliyyatların dayandırılmasını tələb edən qətnamə layihəsi Britaniya və Fransanın veto qoyması üzündən qəbul olunmadı. Belə olduqda, ertəsi gün BMT tarixində ilk dəfə Baş Assambleyanın fövqəladə sessiyasının çağrılması barədə qərar qəbul edildi.

Assambleya noyabrın 2-də tərəflərdən dərhal hərbi əməliyyatların dayandırılmasını, qüvvələrin əvvəlki mövqelərinə çəkilməsini, Süveyş kanalının yenidən fəaliyyətə başlamasını istəyən qətnamə qəbul etdi. Qətnamənin əleyhinə müdaxilədə iştirak edən üç dövlətdən başqa yalnız Avstraliya və Yeni Zellandiya səs verdi. Üç gün sonra BMT-nin fövqəladə beynəlxalq hərbi qüvvələrinin (UNEF) yaradılması qərara alındı.

ABŞ Britaniyaya qarşı maliyyə rıçaqlarıı da işə saldı. Həm hərbi xərclər, həm də Süveyş kanalının bağlanması və İraq neft kəmərinin partlaması səbəbindən neft təchizatının aşağı düşməsi Londonu kredit üçün Beynəlxalq Valyuta Fonduna müraciətə məcbur etdi. Amma indi ABŞ kredit ayrılmasına veto qoydu.

Digər tərəfdən, Vaşinqton bildirdi ki, özünə məxsus olan funt-sterlinq istiqrazlarını satmağa hazırlaşır. Bu xəbər İngiltərədə təşviş doğurdu. Çünki istiqrazların satılması funtun devalvasiyasına aparardı və bunun iqtisadi nəticələri fəlakətli ola bilərdi. Belə olduqda, İden hökuməti müdaxiləni dayandırmaq qərarına gəldi.
İngiltərə və Fransanın Misirdən qoşunlarını çıxarması dekabrın 22-də bitdi. İsrail isə daha israrlı davranırdı.

Ben-Qurion hətta Sinay yarımadasının ilhaqı barədə düşünürdü. Amma ABŞ tərəfindən ciddi sanksiyalar təhdidindən sonra nəinki Sinaydan, hətta Qəzzə sektorundan da çəkilməli oldu. Bu, 1957-ci il martında baş verdi.

İsrail-Misir sərhədində UNEF qüvvələri yerləşdirildi və 1967-ci ildə Nasir çıxmalarını tələb edənə qədər xidmət apardılar. Süveyş kanalı 1957-ci il aprelin 24-də fəaliyyətini bərpa etdi.


Yeddigünlük müharibə hərbi cəhətdən müttəfiqlər üçün uğurlu, amma siyasi cəhətdən xüsusən Böyük Brtianiya üçün fəlakətli oldu. Hadisələr Böyük Britaniyanın daha böyük dövlət olmadığını, ABŞ-ın razılığı olmadan müstəqil davrana bilməyəcəyini sübut etdi.

Süveyş kampaniyası Entoni İdenin siyasi karyerasını bitirdi. O, 1957-ci il yanvarın 10-da istefa verdi. Mayda Fransanın Baş naziri Gi Molle analoji addım atdı. Camal Əbdül Nasir isə, əksinə, ərəb dünyasının liderinə, ərəb millətçiliyinin simvoluna çevrildi. Təkcə Ben-Qurionun statusunda dəyişiklik olmadı. O, daha yeddi il İsrailə rəhbərlik etdi.

Britaniya tarixçisi Korelli Barnett yazırdı: “Bu, imperiyanın can verməsi, Britaniya hökumətinin son dəfə öz maraqlarını imperiyasayağı müdafiə etmək cəhdi idi”.

İden 1977-ci ildə vəfat edəndə isə “Tayms” yazırdı: “O, Britaniyanın hələ də böyük dövlət olduğunan inanan son və bunun belə olmadığı gerçəyi ilə qarşılaşan ilk baş nazir idi”.
Tarixçilərin əksəriyyəti üç dövlətin Misirə müdaxiləsinə neqativ münasibət sərgiləsələr də, alternativ baxış da mövcuddur.
İdenin bioqrafı D. R. Torp hesab edir ki, əgər Süveyş müharibəsi hədəflərinə çatsaydı, nə Altıgünlük, nə də “Məşhər günü” müharibəsi baş verərdi, Yaxın Şərq də indikindən daha yaxşı vəziyyətdə olardı…

Ana səhifəMənim FikrimcəSüveyş böhranı: hərbi əməliyyatlar və nəticələri