Susqunluq spiralı…

Qanun və intizamla yaşamaq məcburluğu

Source:

Nobel mükafatı laureatı, hind yazıçısı və şairi  Rabindranat Taqor demişdi ki, “Sənə nə dəxli var ki, hakimiyyət necədir, xalq necədir, məmurlar necədir, şərait necədir? Hakimiyyətin, xalqın, şəraitin necə olmağından asılı olmayaraq, sən həmişə yaxşı insan ol”. Bəli, sistem, idarəetmə nə qədər pis də olsa, özünü dərk edən vicdanlı insan gərək hər şeyi sistemin üstünə atıb, “mən kiməm ki, neyniyə bilərəm?”, “belə gəlib-belə gedəcək” ifadələri ilə ağ bayraq qaldırmasın.

Tez-tez nümunə kimi adlarını çəkdiyimiz qərb ölkələrindəki daxili sistemə çoxları bələddir. Orda həm insanların, həm də heyvanların yaşayış səviyyəsi yüksəkdir. Açığı, ordakı heyvanlar bizim ölkədə yaşayan əksər insanlardan daha əmin-amanlıq içindədirlər. Hətta şərq ölkələri və eləcə də bizim ölkədə yaşayan və ən çox qayda- qanunu pozan şəxslər Avropaya gedəndə qanunla və intizamlı şəkildə yaşamağa məcbur olurlar. Müəyyən vaxtdan sonra onlar da normal vətəndaşa çevirilib, sistemin nizamına uyğunlaşırlar. Məhz buna görə ərəb ölkələrində sürən xaos və müharibədən əziyyət çəkən mühacirlər öz qonşuluğunda olan varlı ərəb ölkələrinə və “qüdrətli” Rusiyaya yox, Avropaya qaçırlar.

Bu gün xalqımızın böyük hissəsi “konformizm” və “susqunluq spiralından” əziyyət çəkir. Bir çoxlarınızın bəlkə də ilk dəfə eşitdiyi terminlərə aydınlıq gətirim. Deməli, “Aşa” adlı bir eksperiment mövcuddur. Çoxluğun rəyinin fərdə necə təsir göstərdiyini təsdiq edən bu eksperiment ilk dəfə 1951-ci ildə Solomon Aşa tərəfindən aparılıb və onun adı ilə bağlıdır. Aşanın apardığı eksperimentlərdə iştirak edən 8 nəfərdən 7-si əvvəlcədən öyrədilmiş, 1 nəfər bundan xəbərsiz olan tələbələr olurdu. İştirakçılara iki kart göstərilirdi.

Sual belə idi:

Birinci kart üzərindəki xətt ikinci kart üzərindəki xətlərdən hansı ilə eyni ölçüdədir?

Eksperiment fərqli xətt ölçülü kartlarla 18 dəfə təkrar olunurdu. Eksperimentdən xəbərsiz 8-ci adamdan cavab son olaraq soruşulurdu. İlk iki dəfə suala 7 nəfər hamılıqla düz cavab verir, 8-ci adam da düzgün cavaba qoşulur. 3-cü dəfə 7 nəfər suala hamılıqla səhv cavab verir və cavab növbəsi ona çatanda 8-ci adam da bir çox hallarda səhv cavabı təsdiq edirdi.

Ümumi nəticə: eksperimentlərə xəbərsiz adam kimi qoşulanların 75 faizi ən azı bir dəfə səhv cavablara qoşuldular.

Eksperimentlərin bir qismində iştirakçıları öyrətmişdilər ki, onların biri və ya ikisi düz cavab, qalanları səhv cavab versin. Belə hallar xəbərsiz iştirakçının qərarına təsir göstərirdi. Başqa bir ya iki nəfərin düz cavab verməsindən cəsarətlənərək, o da düz cavab verən(lər)ə qoşulurdu. Amma bu hal səhv cavab verən çoxluğa qoşulmaların sayını 9-12 faiz azaltmışdı. Yəni, xəbərsiz iştirakçılar yenə də əksər hallarda çoxluğun aşkar səhv cavabını kor-koranə təsdiq edirdilər.

Aşa eksperimenti və digər eksperimentlər göstərir ki, cəmiyyətin təxminən 80 faizi yanlış hakim rəyləri kor-koranə dəstəkləyirlər. Bu fenomen “konformizm” adlanır. Qalan 20 faiz hakim rəyin səhv olduğunu başa düşür, amma təhlükə ilə üzləşməmək üçün, əksər hallarda susmağı üstün tuturlar. Buna da “susqunluq spiralı” deyilir.

Buna loru dillə desək, belə çıxacaq- “Palaza bürün, elnən sürün!”

Niyə axı palaza çevirilib, tapdanmamızı bu qədər rahat qəbul etməliyik. Artıq belə getsə nəinki tapdanmaq hətta üstümüzdə siqaret söndürüb, təbii ehtiyac da ödəyəcəklər. Niyə? Çünki bədbin düşüncələrdən qurtula bilmirik. Qurtulmaq üçün bəs cəhd edirikmi? Aranızda “Bəli, edirik amma alınmır” deyən çox adam var. Siz sadəcə bir cəhdlə kifayətlənirsiniz və dərhal bədbinləşirsiniz. Çalışmaq labüddür.

Bəs, yetərincə çalışırıqmı? Yalandan “hə” deməyin lütfən. Nümunə çəkdiyim Avropa ölkələri min-bir zəhmət-zillət və qurbanlarla gəliblər həmin səviyyəyə. İnternetdə veyllənmək əvəzinə açın, Avropanın ən yaxın tarixinə nəzər salın. Görün, 100 il qabaq Avropa nə gündə idi.

Kitab oxuyaq, məlumatlanaq. Bacardığımız qədər oxuyaq və oxutduraq! Ən primitiv məlumatın belə bizə ziyanı yoxdur.

Vallah, insan ürəkdən çalışanda həyatına bərəkət gəlir. Bu dəqiqə ümidsiz duruma düşməyin heç vaxtı deyil.

Hər şey yaxşı olacaq!

Ana səhifəMənim FikrimcəSusqunluq spiralı…