“Susmaq Kremlin siyasəti qarşısında aciz olmağımız anlamına gəlir”

“Almaniya hökuməti Ermənistanı işğalçı adlandırır, Azərbaycan rəsmi mətbuatı isə bu ölkə haqqında təhqiramiz və böhtandolu ifadələr işlədir”

Source:


“Almaniya hökuməti Ermənistanı işğalçı adlandırır, Azərbaycan rəsmi mətbuatı isə bu ölkə haqqında təhqiramiz və böhtandolu ifadələr işlədir”

Adətən Qərb ölkələrinin Ermənistanın Azərbaycana təcavüzünə etinasız, ikilistandartlarla yanaşmaqda ittiham edən rəsmi Bakı Rusiyanın mövqeyində sükuta dalır. Konkret olaraq, Rusiyanın Ermənistana hərbi yardım adıyla 200 milyon dollar vəsait ayırması, rusiyalı iş adamı German Sterliqovun işğal altında olan Şuşada mətbuat konfransı keçirəcəyi barədə bəyanatı, elə şimal ölkənin estrada müğənnisi Lyubov Kazarnovskayanın Xankəndində konsert verməsi səssiz qarşılanır. Nəhayət, Qərb  radiostansiyalarının efir məkanını bağlayan hakimiyyət “Sputnik” radiosunun açılışına icazə verdi. Bütün bunlar son 1 ayda baş verib, amma Azərbaycan Xarici İşlər Nazirliyi yalnız “araşdırılır” deyə medianın suallarını çox ehtiyatla cavablandırır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu deyir ki, indiyə qədər bir dövlətin başqa bir dövlətə silah almaq üçün kredit ayırması faktı ilə ilk dəfədir rastlaşır: “Krediti Yunanıstan kimi sosial-iqtisadi durumu ağır olan ölkələrə verirlər. İkincisi, Ermənistanın krediti qaytarıb-qaytarmayacağı da bilinmir, çünki 90-cı illərdə rusiyalı deputat Lev Roxlin ölkəsinin Ermənistana 1 milyard dollarlıq silah satdığını aşkarlamışdı.  Sonradan Roxlin qeyri-müəyyən şəkildə öldürüldü. Düzdür, sabiq prezident Heydər Əliyev 1 milyardlıq silah satışını Yeltsinin qarşısında sərt qoydu, bununla bağlı komissiya yaradıldı. Komissiyanın o zaman Bakı tərəfdən sədri indi Moskvada qərar tutub Rusiya-Azərbaycan strateji əməkdaşlığı haqqında nağıllar danışan  Abbas Abbasov idi. Nəticəsi də heç oldu, komissiyanın işi də sona qədər olmadı”.

Siyasi şərhçi hesab edir ki, 200 milyon silah kreditinə Azərbaycan ciddi etiraz etməliydi: “Bu gün Rusiya Ermənistana hərtərəfli dəstək verir. Təəssüf ki, Azərbaycan XİN bu məsələlərə rəsmi münasibət bildirməkdənsə, hər zaman “araşdırırıq” cavabını verir. German Sterliqov artıq Şuşada yerləşibsə, araşdırmaq yox, ciddi tədbirlər görülməlidir. Təsəvvür edin ki, Sterliqovun yerinə orta səviyyəli amerikalı biznesmen olsaydı, görün, rəsmi şəxslər necə danışırdılar. Görünür, Azərbaycan hakimiyyəti vəziyyəti anlayır, Amerika uzaqda olduğundan tənqid olunur, Vaşinqtonu hamımız tənqid edirik, bəs Moskvanı niyə tənqid etmirlər?!”

Elxan Şahinoğlu hazırda müzakirəsi gedən “Türk axını” ilə TAP layihəsinə diqqət çəkdi: “Son bir həftədə bu iki layihə arasında  yarış gedir və Ankara Bakıya dəstək verir. Çünki Ankara üçün ikincini gerçəkləşdirmək maraqlıdır. Yunanıstan isə Azərbaycana problemlər yaradır. İndi Rusiyanın xətrinə dəyməsin deyə, biz TAP layihəsindən geri çəkilməliyik? Halbuki, biz qazımızın Rusiyadan daha öncə Avropaya çatdırılmasında maraqlı olmalıyıq. Vaşinqton da, Brüssel də, Ankara da Azərbaycan qazının Avropaya daha tez çatdırılmasına siyasi dəstək verir. Amma bunun qarşılığında Bakı da mühüm addımlar atmalıdır, məsələn, Türkiyə ilə vizalar götürülməli və gömrükdə türk kapitalına yaradılan maneələr qaldırılmalıdır. Avropa Şurası qarşısında götürülən öhdəliklər yerinə yetirilməli, siyasi məhbuslar azad olunmalıdır. Amerikanın, Avropa Şurasının və Avropa Birliyinin Bakıdan tələbləri insan haqları ilə bağlıdır. Söhbət 20 nəfərin azad olunmasından gedir, Qərb mediası da hər gün bu barədə yazır. Biz xarici medianın Qarabağ haqda yazmasını istəyirik, ancaq insan haqları önə çıxıb. Ona görə də siyasi məhbuslar azad olunmalıdır. Onsuz da Qərb ölkələri Qarabağ məsələsində mövqe qoyurlar, Almaniya hökuməti Ermənistanı işğalçı adlandırır, Azərbaycan rəsmi mətbuatı isə bu ölkə haqqında təhqiramiz və böhtandolu ifadələr işlədir. Avropa Parlamenti haqqında da rəsmi mətbuat sərt fikirlər işlədir, halbuki, bu qurum son bir neçə ildə Azərbaycanın ərazi bütövlüyü haqqında qətnamələr qəbul etdi. Amerikalı həmsədr Uorlikin “Qarabağ ətrafındakı rayonlar boşaldılmalı və iki azərbaycanlı girov azadlığa buraxılmalıdır” bəyanatını səsləndirdi. Sadaladıqlarımı Rusiya Dövlət Dumasından, yaxud hansısa rəsmi şəxsindən eşitmədik. Bəs niyə Rusiya siyasəti haqqında tənqid eşitmirik? Bəli, böyük qonşudur, təsir imkanları var, nəzərə alırıq, amma susmaq Kremlin siyasəti qarşısında aciz olmağımız anlamına gəlir. Halbuki, Heydər Əliyevin dövründə Rusiyaya tənqidi fikirlərimizi deyirdik, ona görə indi də müəyyın notalar verilməidir”.

Ana səhifəXəbərlər“Susmaq Kremlin siyasəti qarşısında aciz olmağımız anlamına gəlir”