“Şuşa türməsində gözümü çıxaranda bu ikisi əllərimi divara bağlamışdı…”

Əsirlərə işgəncədə ittiham olunan Ermənistan vətəndaşları məhkəmədə Azərbaycan xalqından üzr istədi

Source: Trend


Əsirlərə işgəncədə ittiham olunan Ermənistan vətəndaşları məhkəmədə Azərbaycan xalqından üzr istədi

Azərbaycanlı əsirlərə işgəncə verməkdə, onlardan bəzilərini qətlə yetirməkdə ittiham olunaraq, hakim qarşısına çıxarılan Ermənistan vətəndaşları Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan məhkəmədə Azərbaycan xalqından üzr istəyib. Bu, iyulun 7-də Yasamal Rayon Məhkəməsində olub. Proses bu məhkəmə binasında keçirilsə də, onların işini Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırır.

Hakim Elbəy Allahverdiyevin sədrliyilə keçirilən məhkəmə iclasında hər iki təqsirləndirilən onlara verilən sualları cavablandırıb.

1969-cu il təvəllüdlü Lüdvik Mkrtiçyan bildirib ki, Birinci Qarabağ Müharibəsi zamanı döyüşlərdə iştirak etməyib. Onun sözlərinə görə, 1993-cü ildə Ağdərə rayonu ərazisində, Hadrutda, Suqovuşanda olub, həmin vaxt da kontuziya alıb: “Biz səngər qazırdıq, yanımıza mərmi düşdü, kontuziya aldım”.

Prokuror ondan soruşub ki, döyüşdə iştirak etməyibsə, necə olub ki, səngər qazıb, kontuziya alıb? Bu suala cavab verən Mkrtiçyan deyib ki, Samvel Babayanın silahlı birləşməsinin tərkibində iştirak etməyib. Qarabağa könüllü getdiyini deyən təqsirləndirilən şəxsin sözlərinə görə, mərmi partlayışı nəticəsində kontuziya alandan sonra kazarmalarda növbətçi olub: “Müharibə idi, nə deyirdilər, onu eləyirdik”.

Mkrtiçyan 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olduğunu da təsdiqləyib. O, iddia edib ki, xaricdə yaşayan ermənilərin maliyyələşdirdiyi təşkilatın üzvü idi. Həmin vaxt döyüşlərə də o təşkilat göndərmişdi: “Məcburiyyət qarşısında gəlmişdim, təşkilatın üzvü idim”.

Mkrtiçyan etiraf edib ki, o ərazilərin Azərbaycana aid olduğunu, ermənilərin oraları işğal etdiyini bilirdi.

Təqsirləndirilən şəxsin sözlərinə görə, İkinci Qarabağ Müharibəsi zamanı oktabrın 1-də bir qrup şəxslə birlikdə Hadruta gəlib: “Bilirdim ki, Hadrut Azərbaycanın ərazisidir. Amma orada ermənilər yaşayırdı. Bacımın oğlu Hadrutda xidmət edirdi, xeyli vaxt idi ondan xəbər yox idi. Könüllülərə qoşulub onu axtarmağa gəlmişdim. Tapa bilmədim…”

Mkrtiçyan əlavə edib ki, onlara hərbi hissədən avtomat, güllə daraqları, süngü bıçağı vermişdilər.

Prokurorun “bacın oğlunu silahla axtarırdın?” sualına isə o, belə cavab verib: “Əsas səhvim də silah götürüb axtarmaq oldu…”

Oktyabrın 20-də Hadrut ərazisində Azərbaycan hərbçiləri tərəfindən saxlandığını deyən Mkrtiçyan dindirmənin sonunda Azərbaycan xalqından üzr istəyib: “Hər bir insanın səhvi olur. Mən də səhv eləmişəm. Azərbaycan xalqından üzr istəyirəm. Məni bağışlasınlar”.

Digər təqsirləndirilən – 1967-ci il təvəllüdlü Alyoşa Xosrovyan sualları cavablandırarkən bildirib ki, 1993-cü ildə müharibə vaxtı Azərbaycanla Ermənistan sərhədində xidmət edib. O, iddia edib ki, azyaşlı övladı vardı, ailəsini dolandırmaq və pul qazanmaq məqsədilə döyüşməyə getmişdi.

Alyoşa Xosrovyan da dindirmə zamanı Azərbaycan xalqından üzr istədiyini deyib: “Mən azərbaycanlılara qarşı pis münasibət göstərməmişəm, Rusiyada da onlara qarşı mehriban olmuşam”.

Zərərçəkmiş qismində tanınan şəxslər isə onların yalan danışdığını, əsirlikdə olduqları dövrdə onlara qarşı işgəncələrdə birbaşa iştirak etdiklərini vurğulayıblar.

Zərərçəkmiş Famil Əliyevin sözlərinə görə, azərbaycanlılara qarşı qəddar davranışlarına görə bu şəxslərə “ermənilərin ASALA-sı” deyirdilər: “Bunlar azərbaycanlılara xüsusi işgəncə verənlər kimi tanınırdılar. Ermənilərin arasında buna görə hörmətli hərbçilər sayılırdılar”.

Zərərçəkmiş Cavid Hüseynli də bildirib ki, 1995-ci il martın 21-də Şuşa həbsxanasında əsirlikdə olarkən gözünün çıxarılması prosesində Mkrtçyan və Xosrovyan şəxsən iştirak ediblər: “Qarik mənim gözümü çıxaranda əllərimi divara bu ikisi (Mkrtiçyan və Xosrovyanı nəzərdə tutur-red.) bağlamışdı. Burada indi yalan danışırlar”.

Məhkəmə prosesi iyulun 14-də davam edəcək.

54 yaşlı Alyoşa Xosrovyan və 52 yaşlı Lüdvik Mkrtiçyan işgəncə vermə, qəsdən adam öldürmə və başqa ittihamları qəbul etmir. Yalnız Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə məsələsində özlərini təqsirli bilirlər.

Ana səhifəXəbərlər“Şuşa türməsində gözümü çıxaranda bu ikisi əllərimi divara bağlamışdı…”