Rauf Əhmədova gözləməyi tövsiyə edirlər
Lerik rayon sakini Rauf Rakif oğlu Əhmədovun evi sürüşmə nəticəsində qəzalı vəziyyətə düşüb.
Sakin Meydan TV-yə deyib ki, uşaqlarla qohumların, tanışların evində gecələyir. Dəfələrlə müraciət etməsinə baxmayaraq köməklik edən yoxdur.
Onun sözlərinə görə, təxminən bir neçə ay əvvəl yaşadığı Hamarmeşə kəndində torpaq sürüşməsi baş verib. Nəticədə onun və yaxın qonşusunun evi qəzalı vəziyyətə düşüb:
“Torpaq qatı sürüşərək evin duvarına qədər çatıb. Evdə dərin çatlar yaranıb, təhlükəli vəziyyətdir. Torpaq sürüşməsi nəticəsində kənd məktəbinə gedən əsas yol da dağılıb”.
Şikayətçi bildirib ki, sürüşmənin baş verməsindən 4 ay keçib. Amma ona daha bir neçə ay da dözməyi tövsiyə edirlər:
“Əsas iki evə və yollara ziyan dəyib. Kənd icra nümayəndəliyi, bələdiyyə və rayon icra hakimiyyətinin nümayəndələri bizim evə baxış keçirdilər. Dedilər ki, hələlik evdə gecələməyin. Təhlükə baş verərsə, onlar məsuliyyət daşımayacaqlar”.
Əhmədov söyləyib ki, icra hakimiyyətindən ona evin təmiri üçün büdcədə pul olmadığını deyiblər.
“Nə vaxt vəsait olarsa, evi də o vaxt təmir etməyə çalışacaqlar”,-şikayətçi qeyd edib. Onu da bildirib ki, Bakıya gələrək Fövqəladə Hallar Nazirliyinə ərizə ilə müraciət edib. Ona deyiblər ki, hələ bundan sonra 2-3 ay da gözləməlidir. Ev dəyərləndirməli, bundan sonra vəsait ayrılmalıdır.
Əhmədovların 4 övladı var.
Lerik Rayon İcra Hakimiyyəti başçısının Hamarmeşənin də daxil olduğu Vizəzəmin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Aslanov Meydan TV-yə bildirib ki, aidiyyəti qurumlar bu barədə məlumatlıdılar. Rauf Əhmədova məxsus evə baxış keçirilib, akt tərtib edilib:
“Rayon fövqəladə hallar komisiyası tərəfindən evə baxış keçirilib. İcra hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Müvafiq rəylərdən sonra tədbir görüləcək”.