Sürücü: “Hövsana yol var, işıq yoxdur”

Fotolar: Meydan TV

Sürücülər bir müddət əvvəl istifadəyə verilmiş yolda əziyyət çəkir

“Zığ dairəsindən Hövsana gedən yolda işıq dirəkləri var, ancaq işıqlandırma yoxdur. İşıq dirəklərini yolboyu sanki görüntü üçün düzüblər. Qaş qaralanda yolda göz-gözü görmür, sürücülər yaxın məsafədə də maşınların uzaqvuran işıqları sürücülərin gözünü “deşir”, nəticədə qəzalar baş verir, insan həyatı məhv olur”.

Bir müddət əvvəl Zığ dairəsi – Hövsan yolu yenidən qurulub.

İlk vaxtlar yolun içıqlandırma sistemi normal olsa da, indi həmin yoldan gündəlik istifadə edən sürücülər narazıdır.

Meydan TV-yə müraciət edən sürücü Əsgər Məmmədov deyir ki, iş yeri əraziyə yaxındır və hər gün axşam saatlarında bu yoldan istifadə etməli olur:

“Düzəldiblər, sağ olsunlar, ancaq işıqlandırma sıfır səviyyədədir. Yol istifadəyə verilən vaxtlar gecə saat 1-dək işıqlandırma sistemi çalışırdı. İndisə yalnız tək-tük lampaları yandırırlar. Bir Hövsanın girəcəyi tərəfdə, bir də yola yaxın polis bölməsi var deyə ora yaxın yerdə işıqlandırma olur”.

“Qış vaxtıdır, hava tez qaralır, saat 8-də yola çıxanda yollar zülmət olur. İşlək yoldur, Şəhərin bu başından o başına avtobuslar həmin yoldan keçib gedir. İritutumlu, kiçik tutumlu avtomobillərin intensiv hərəkət etdiyi yoldur. Ancaq saat 7-dən sonra sürücülər canını dişinə tutub o yoldan keçir”, – deyə o bildirib.

Sürücünün sözlərinə görə, yolda işıqlandırma olmadığına görə, tez-tez küçə itləri də təkər altında qalır.

Sürücü dəfələrlə Suraxanı Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İşıqlandırma İdarəsinə müraciət etdiyini, ancaq müraciətlərinin cavabsız qaldığını deyir.

Suraxanı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, qeyd olunan ərazidə yeni işıqlandırma sisteminin quraşdırılması ilə bağlı işlər aparılır: “Yaxın günlərdə yolun işıqlandırılması bərpa olunacaq”.

Son bir neçə gündə isə həmin yolda baş vermiş qəzada iki nəfər həyatını itirib.

Ana səhifəSosialSürücü: “Hövsana yol var, işıq yoxdur”