Suriyanın bir neçə şəhərində müharibədən sonrakı vəziyyət (Reportaj)

Rejimin yenidən jurnalistləri ölkəyə buraxmaqda məqsədi puldur

Source:
© Andrea Backhaus – ZEIT ONLINE
© Andrea Backhaus – ZEIT ONLINE


Suriya prezidenti Bəşər Əsəd xarici jurnalistləri Suriyaya dəvət edib. Yaranmış fürsətdən istifadə edən Almaniyanın “

Zeit

” qəzetinin əməkdaşı Andrea Backhaus Suriyanın üsyançılardan alınmış şəhərlərindən reportaj hazırlayıb. Meydan TV həmin reportajı təqdim edir.

Orta əsrlərdən tikilmiş Hələb qalasının qarşısındakı meydançada uşaqlar qaçışır. Havadan alma çayının ətri gəlir, köşklərdə şirin pambıq satırlar, müəzzin (məscidlərdə azan, namazlarda salam və təsbeh dualarını oxuyan şəxs) günorta azanı verir. Az qala adama elə gəlir ki, burda hər şey qaydasındadır.

Çınqıllı dar yollarla qədim şəhərin içinə doğru irəlilədikcə, bu fikirlər dağılır. Burda evlər bir-birinə sıx söykənib, çoxunun ancaq fasadı salamatdı, ətrafda yarım pilləkənlər, qalaqlanmış dam örtükləri gözə dəyir. Dağıntılar altında bəlkə hələ də cəsədlər var, bütün bunları bərpa etmək üçün uzun illər lazım olacaq.

Hələb qalası ilə qədim şəhər arasında cəbhə xətti yerləşirdi, düz şəhərin ortasında. Qərb, yəni Qala tərəfinə rejimin qoşunları, Şərq, yəni qədim şəhər tərəfinə isə üsyançılar nəzarət edirdilər. 2016-cı ilin axırına kimi – rejim qoşunları bütün Hələbi tutana qədər. Bu gün rejim bütün şəhərə nəzarət edir. Qərbi Hələbdə hər şey normal görünür, kafelər və dükanlar küçələri canlı göstərir. Şərq tərəfdə isə hər tərəf məhv olmuş həyat nişanələri ilə doludur: döşəklər, cırıq köynəklər, tək çəkələklər.

Üç qadınla birlikdə Qalanın qabağında gəzişirik. Onlar bacıdırlar. Müəllimə olan böyük bacının 30 yaşı var. Deyir ki, evləri burda, cəbhənin yaxınlığında idi. İndi o ev yoxdu. Döyüşlər vaxtı onlar qaranlıq düşəndən sonra evdən çölə çıxa bilmirdilər, çünki gecələr onların yaşadığı əraziyə mərmilər yağırdı. “İndi çölə çıxa bilərik” – qadınlardan biri deyir və gülümsəməyə çalışır. Sonra baxışları donub qalır. O, tez-tez uşaqlığının keçdiyi Hələb haqda düşünür. Bazarın dar küçələrindən gələn hil ətri. Müştəri çağıran tacirlər. Hamam divarlarının arxasından gələn şırıltı səsi. “Artıq onların heç biri qalmayıb” – o, sakitcə əlavə edir: “Bizim şəhərimizi, bizim həyat hekayəmizi dağıtdılar”. “Konkret olaraq kim dağıtdı?”- sualının cavabında o tərəddüdlə deyir: “Hamı”.

Heç yerdə üsyançılarla rejim qüvvələri arasında Hələbdəki qədər ağır döyüş olmayıb.

Bəşər Əsəd burda qalib gəldikdən sonra bütün ölkəboyu irəliləməyə başladı, qələbə qələbə dalınca gəldi. Diktator bir daha bütün Suriyaya nəzarət edə biləcəkmi? Bu sualın cavabını zaman göstərəcək.

Hələb qalasının, nazirliklərin, məktəblərin, dükanların üstündə prezident Bəşər Əsədin böyük plakatları asılıb. Prospektlər boyunca uzanan işıq dirəklərində Suriya bayraqları dalğalanır. Hər tərəfdə hərbi polis keşik çəkir. Burda artıq kimin sözünün keçdiyini heç kəs unutmalı deyil.

Hələbə baxanda həm də görmək olur ki, Suriyanın gələcəyi necə olar bilər. Rejim qələbə qazandığı yerlərlə necə davranır? Yeni Suriya köhnə diktatorla necə görünməlidir?

Əsəd artıq öz qələbəsinə o qədər əmindir ki, xarici jurnalistləri yenidən ölkəyə buraxmaq qərarı verib. Bugünlərdə Suriyaya kim səyahət edirsə, icazə verilən yerləri görmək imkanına malikdir. O ərazilər Əsədin nəzarəti altındadır, böyük bir hissəsi dağıdılsa da, sakitlikdir. Orda yaşayanlar da mövcud durumu tənqid etməyə cəsarət etmirlər. Hökumətin müəyyən etdiyi şəxs jurnalistlərə bələdçilik edir, bütün müsahibələri dinləyir. Söhbət etdiklərimizin çoxu öz adlarını demir, iqtidarı tənqid etməkdən çəkinirlər. Yəni söhbətlər zamanı mütləq məsafə saxlamağa çalışırdılar.

(embedded content removed)

Rejimin yenidən jurnalistləri ölkəyə buraxmaqda məqsədi puldur. Əsəd özü haqda pozitiv imic yaratmağa çalışır. O, dağıtdığı Suriyanı yenidən bərpa etmək istəyir. Bunun üçün isə xarici sərmayəçilərə ehtiyac duyur.

Aprelin sonunda Brüsseldə ilk donor konfransı keçiriləcək. Bəşər Əsəd orda bir araya gələcək siyasilərdə belə bir obraz yaratmaq istəyir ki, o, bəlkə də Suriyaya azadlıq vəd etmir, amma stabillik vəd edir.

Dəməşqə səyahət etmək üçün Berlindən Beyruta uçmaq, ordan isə avtomobillə getmək lazımdır. Hums yaxınlığında döyüşlər davam etdiyinə görə Hələbə dolayı yollarla getməlisən. Yol boyunca boş qalmış restoranların, yanacaq doldurma məntəqələrinin divarlarında güllə izlərini görmək mümkündür. Giriş və çıxışlarda yoxlama məntəqələri qurulub, yorğun təəssürat bağışlayan əsgərlər sənədlərimizə baxmaq istəyirlər. Yol kənarında dayanmış digər əsgərlər isə evlərinə getmək üçün nəqliyyat gözləyirlər. Həftəsonunu ailəsinin yanında keçirmək istəyən əsgərlərdən biri ilə qısa söhbətimiz oldu. Müharibənin əvvəlindən – 7 ildir – o, hərbi xidmətdədir. Dediyinə görə, yoldaşları və özü indi çox məmnundurlar, çünki müharibə demək olar ki, bitib. Onların hərbi hissəsinə rəhbərlik edən ruslardan danışır. Deyir, 30 nəfər idilər, üsyançıların son sığıncaqlarını ələ keçirmək üçün strategiyanı onlar hazırlayıbmışlar. Onun dediyinə görə, Quta şəhəri uğrunda döyüşdən sonra cənubda yerləşən Daraa şəhəri “terroristlərdən azad ediləcək”. Sonra isə İdlib əyaləti uğrunda mübarizə müharibənin axırıncı döyüşü olacaqmış.

Təkcə o deyil, bir çoxu Azad Suriya Ordusunun döyüşçülərini “məhv edilməli olan terrorist” kimi görürlər. “Onlardan biri mənim əlimə keçsə, dərhal öldürərəm” – söhbət etdiyimiz əsgər belə deyir. Bu rejimin apardığı təbliğatdır. Məqsəd isə etirazçı kəsimin, xüsusilə gənclərin beynindən rejimə qarşı çıxmaq fikrini tamamilə silməkdir. Rəsmi təbliğat budur ki, rejim terrorla mübarizə aparır və ölkəyə sülh gətirmək istəyir.

Hələb şəhəri müharibədən qabaq Suriyanın əsas sənaye mərkəzlərindən biri idi. Sünnilər və şiələrlə birlikdə, burda kürdlər, türkmənlər yaşayırdı. Əhalinin 20 faizini xristianlar təşkil edirdi. 2012-2016-cı illər ərzində şəhər döyüş meydanına çevrilmişdi. Üsyançılar mərmilərlə atəş açır, rejim isə bombardman edir, mühasirəyə alır, ac saxlayırdı. Sonda isə Rusiyanın və Suriyanın qırıcı təyyarələri mülki əhalini, məktəbləri, yaşayış binanlarını, xəstəxanaları vurdu.

Hər şey böyük ümidlərlə başlamışdı. 2011-ci ildə gənclər bütün Suriyada meydanlara toplaşaraq “Azadlıq” şüarları səsləndirir və diktatura rejiminə etiraz edirdilər. Həmin vaxt məsələ təkcə siyasi rejim məsələsi deyildi, söhbət həmçinin nəsil dəyişməsindən gedirdi. Suriyalılar uzun illər idi ki, diktatura rejimində yaşayırdılar. 1970-ci ildə Hafiz əl-Əsəd prezident olub. Onun ölümündən sonra hakimiyyət oğlu Bəşərə keçib. O, hakimiyyətə gəldikdən sonra qısamüddətli liberallaşma siyasəti yürütdü, amma az keçmədi ki, repressiya artan xətlə davam etməyə başladı.

“Bizim valideynlərimiz itaət etməyə öyrəşmişdilər, amma biz gənclər özümüzü zəncirlənmiş kimi hiss edirdik” – Hələbdən olan bir memar xanım səfərimizdən öncə telefonda bunları deyir. O həmin dövrü gözləri ilə görüb, 2016-cı ilin dekabrına kimi Şərqi Hələbdə qalıb, sonra isə hazırda yaşadığı Türkiyəyə qaçası olub: “Kim bu sistemdə sağ qalmaq istəyirsə, ya susmalı, ya da onlarla əməkdaşlıq etməlidir”-o deyir.

Gənclər artıq əvvəlki kimi yaşamaq istəmirdilər. Onlar görürdülər ki, polislər etirazçılara atəş açır, tələbələr işgəncə otaqlarından yoxa çıxırlar. Bu vəziyyətdə müxalif döyüşçülər, sonra isə islamçılar öz ərazilərində nəzarəti ələ keçirdilər. Tezliklə rejim gündən-günə daha da sərtləşən zorakılıqla aksiyaçıları məğlub etdi və ölkə parçalandı.

“Xaricə qaçmış müxalifətçilər rejim hakimiyyətdə qaldığı müddətcə ölkəyə geri qayıda bilməzlər” – Türkiyədə yaşayan memar belə deyir: “Onların adı təhlükəsizlik xidməti orqanlarının siyahısında yer alıb”.

ZEIT ONLINE
ZEIT ONLINE

Bunu bir müddət öncə Suriyaya qayıdanlarla bağlı araşdırma aparmış beynəlxalq layihənin rəhbəri Valerie Szybala da təsdiq edir. Onun sözlərinə görə, ümumiyyətlə, Əsəd rejimi heç onların qayıtmasını istəmir:

“Suriyaya sərmayə qoyanlar bilməlidirlər ki, bununla Bəşər Əsəd rejimini dəstəkləmiş olurlar”.

Rejimin dəstəkçiləri investisiya layihələri ilə mükafatlandırılırlar, onlar inşaat işlərində, digər iqtisadi layihələrdə üstünlük əldə edirlər. Tənqidçilər isə əliboş geri qayıdırlar. Hələbdə rejimə yaxın olan tacirlər və müharibədən xeyir götürənlər orta sinfin yerini tutmaqdadırlar.

Bəşər Əsədin sarayı Dəməşqdə bir təpənin üstündə yerləşir. Şəhərin əsasən xristianlar yaşayan Bab Tuma məhəlləsində canlılıq hökm sürür, qadınlar barlara gedirlər, bəziləri mini yubkada, bəziləri hicabda, kişilər isə Bekhem saç tərzində. Çoxu artıq inanır ki, bir neçə həftə sonra Bəşər Əsəd yenidən Suriyaya nəzarət edəcək və hər şey əvvəlki kimi olacaq. Ancaq müharibə hələ qurtarana oxşamır.

Şərqi Qutada, Dəməşq ətrafında olduğu kimi. Bab Tumadan oraya qədər 10 km məsafə var.

Şərqi Qutanın Duma şəhəri isə son dəfə üsyançıların nəzarətində idi, biz bu reportajı hazırladıqdan sonra ora kimyəvi silah atıldı, daha sonra isə Qərb ölkələri müdaxilə etməli oldu. Bu arada artıq bütün Şərqi Qutaya rejim nəzarət edir.

Bu yaxınlarda rejim tərəfindən ələ keçirilən bəzi Quta ərazilərinə səyahət zamanı bombalanmış və dağıntılar altında qalmış kəndləri görmək olur: yerlə yeksan edilmiş evlər, aşmış telefon dirəkləri, yanmış avtomobillər…

Oradan keçən zaman avtomobildən düşməyə icazə olmasa da, pəncərədən görmək olurdu ki, suriyalı əsgərlər boş qalmış kəndlərdə salamat nə qədər mal-mülk varsa, motosikletlərinə yükləyirlər. Döyüşlər zamanı gizlənib, burda qalmağı bacarmış bir neçə kənd sakini isə toz basmış plastik oturacaqları düzüb, çöldə oturublar.

Qalanlar isə yoxdular, ya qaçıblar ya da qovulublar. Qadınlar, qocalar və uşaqlar rejimin düşərgələrinə aparılıblar. O düşərgələrdə onların siyasi baxışları sorğulanır və prezidentə sədaqət andı içməyə məcbur edilirlər. Düşərgələrə getməkdən boyun qaçıranlar isə avtobuslara doldurulub Suriyanın şimalına – məsələn, İdlib şəhərinə – göndərilirlər. İdlib üsyançıların sonuncu anklavıdır, indi davamlı olaraq bombardmana məruz qalır. 18-25 yaş arasında olan kişilər isə hərbi xidmətə cəlb olunur və cəbhəyə göndərilir.

Belə görünür ki, Dəməşqdə Qutada baş verənlərə çox adam üzülür. İlk kəndlər ələ keçiriləndə, Dəməşq küçələrində şirniyyat paylayırmışlar, camaat bir-birinin əlini sıxır, təbrik edirmiş. “Üsyançıların ərazilərində yaşamış adamlar özləri günahkardır” – bu cür cümlələri tez-tez eşitmək mümkündür. Amerikada yaşayan, hazırda Dəməşqdə qonaq olan bir kişi deyir ki, prezident hər şeyə nəzarət etdiyini sübut etdi:

“Suriyanı parçalamaq istəyən xarici qüvvələr olmasaydı, Suriyada heç bir inqilabdan söhbət gedə bilməzdi”.

Bəs Bəşər Əsəd burda heç bir rol oynamayıb? O, başını yelləyir: “Prezident Suriyanı müdafiə edib”.

Başqa bir kişi isə “öz tənqidləri ilə prezidentlə xalq arasında uçurum yaratmaq istəyən” Qərb mediasını söyür: “Düzünü yazın!”

Bunu İnformasiya Nazirliyində də eşitmək mümkündü. Xarici reportyorlar nazirlikdən hər şey üçün icazə almalıdırlar. Hər görüş, səfər, şəhər gəzintisi üçün. Sonda isə ancaq doğruları yazacağına dair iltizama qol çəkməlisən. Orda yazılır ki, bu qaydaları pozanlar cəzalandırıla bilər.

Müharibədən əvvəl Hələbdə 4 milyon insan yaşayırdı. Bu gün heç 4 milyonun yarısı qədər də adam yoxdur. Qərbi Hələbdən olanların çoxu, xüsusilə də keçmiş tacirlər və fabrik sahibləri xaricə, ya da başqa əyalətlərə köçüblər, Şərqi Hələbdən olanlar isə müharibənin lap əvvəlində qaçıblar. Bəziləri isə şəhərin Qərb hissəsinə köçüb. Onlar yavaş-yavaş vətənlərinə geri dönürlər, evlərini təmir edirlər, köşklər, meyvə dükanları açırlar, küçələri daşlardan təmizləyirlər. Suriyanın hər tərəfində olduğu kimi burdakılar üçün də həyat çətindir. Tez-tez elektrik kəsilir, generatorların elə də çox köməyi dəymir, axşamlar əksər küçələr qaranlıq olur. İş demək olar ki, yoxdur, Suriya lirəsinin isə dəyəri tamam ölüb.

Çox adam müharibədən elə danışır ki, sanki ancaq tamaşaçı olublar. Məsələn, Alaa Sayed adlı vəkil könüllü olaraq şəhərin 7 qapısını bərpa etdirir və bununla göstərməyə çalışır ki, Hələb əvvəlki qədər gözəl ola bilər.

“Hətta münaqişədən əvvəlkindən də qəşəng” – o deyir.

Yaxud əvvəl nəşriyyat işi ilə məşğul olan iki kişi, indi yenidən öz bizneslərini bərpa etməyə çalışır. Əvvəllər yanlarında 20 nəfər işləyirmiş, onların bəziləri qaçıb, bəziləri orduya çağırılıb. Öz işlərinin başına qayıdanda çap maşınlarının oğurlandığını görüblər. Yeni çap maşını ilə xırda təqvimlər, qeyd kitabçaları buraxırlar. Ətrafdakı evlər boşdur, dağılmış qədim şəhərə çətin ki, kimsə baş çəkə.

“Amma haradansa başlamaq lazımdır” – onlar əlavə edir: “Şükür Allaha ki, müharibə bitdi”.

Hələbdə Suriya cəmiyyətini parçalayan nifrəti də hiss etmək olur. Xaricə qaçmış suriyalılar haqda heç kim danışmaq istəmir. Söhbət açılanda çalışırlar ki, prezidentin qəhrəman obrazını saxlasınlar. Deyirlər ki, kim burdan qaçıbsa, terroristlərdən qaçıb. Rejimin atdığı bombaları xatırlamaq istəyən yoxdur:

“Prezident Hələbdə sülh üçün çalışır” – dağıdılmış məscid yaxınlığındakı dükanını açan kişi belə deyir:

“Bunu görmək istəməyən elə xaricdə qalsa yaxşıdır, bizim onlara burda ehtiyacımız yoxdur”.

Əhməd İsmayıl bu nifrəti yox etmək üçün rejim tərəfindən təyin olunan adamlardan biridir. O, bizi qərbi Hələbin yaxşı məhəllələrindən birində yerləşən evində qəbul edir. Burada evlər dağılmayıb, küçələr genişdir, bağlar baxımlıdır. İsmayıl müharibə dövründə yaradılan Uzlaşma Nazirliyinin kommisarıdır. O, iqtidara qarşı savaşmış suriyalıların yenidən cəmiyyətə inteqrasiya olunması ilə məşğuldur.

İsmayıl Hələbdə azadlıq və demokratiya şüari ilə aksiya keçirən suriyalıların hamısının xaricdən satın alınmış olduqlarını deyir: “Kim mərhəmət istəsə, onu alacaq. Kim hökumətə qarşı vuruşubsa, yaxud onu tənqid edibsə və ölkədən illeqal çıxıb gedibsə, onda Uzlaşma Nazirliyi ilə əlaqə saxlamalı və bir daha iqtidara qarşı çıxmayacağına söz verməlidir. Prinsipcə, hamı geri qayıda bilər, amma bəziləri üçün çətin olacaq”.

Onun dediyinə görə, Suriya hökuməti qayıdanlardan intiqam almaq istəmir:

“Bu, səhv təbliğatdır, biz heç kimi cəzalandırmayacağıq”.

Təxminən yarım milyon insan bu müharibədə öldürülüb. Milyonlarla insan qaçqın düşüb. Bir də hər şeyə rəğmən qalanlar və xəyallara dalanlar var. Bəlkə də burda yaşamağı bacarmaq üçün gərək belə edəsən. Öz dünyana çəkiləsən, çəkilməsi ağır olan dərdləri unutmağa çalışasan.

Qərbi Hələbdə çox adam müharibədən sonra bir dəfə də olsun şəhərin Şərqinə keçməyib. Onlar ilyarım ərzində dağılmamış evləri ilə dağıntılar arasındakı yaxın məsafəni qət etməkdən imtina edirlər. Orta yaşlı bir qadın keçmiş cəbhə xəttinin yanında yerləşən evinin qabağında dayanıb. Bu, bir istisnadır, o demək olar ki, çölə çıxmır. O, Hələbi müharibədən əvvəl necə idisə, bax elə xatırlamaq istəyir. Dediyinə görə, məhz buna görə, o, evindən çıxmır, ancaq şəkilləri televizorda görür. Beləliklə də, o, özünü inandırır ki, bütün bunların hamısı əslində bir filmdir.


Tərcümə: Elmin Həsənli

Ana səhifəMənim FikrimcəSuriyanın bir neçə şəhərində müharibədən sonrakı vəziyyət (Reportaj)