Suriyadakı rus ordusu Azərbaycandan keçməklə vətənə dönəcək

İlqar Vəlizadə: ”Rusiya indi qoşunlarını hansısa ölkəyə yönəltmək vəziyyətində deyil”

Source:


İlqar Vəlizadə: ”Rusiya indi qoşunlarını hansısa ölkəyə yönəltmək vəziyyətində deyil”

Rusiyanın dövlət televiziyası “Rossiya 24” qoşunlarınSuriyadan çıxarılma marşrutları sırasında Azərbaycanı da göstərib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, kanal dəqiq uçuş istiqamətlərinin məxfi olduğunu, bunun üçün ən rahat marşrutların isə İraq, İran və Azərbaycandan keçməklə mümkün ola biləcəyini qeyd edib.

Rusiyanın Suriyadakı hərbi qruplaşmasının şəxsi heyəti prezident Vladimir Putinin qərarından sonra vətənə dönmək üçün hazırlıqlara başlayıb. Putin qərarını martın 14-də axşam müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı elan edib.

Rusiyanın bu qərarını Meydan TV-yə şərh edən siyasi şərhçi İlqar Vəlizadə düşünür ki, Rusiya Suriyada tələyə düşmüşdü: “Artıq Kremldə oturanlar da bunu anlayırdılar”.

İlqar Vəlizadə bildirib ki, Rusiyanın Suriyada əsas məqsədi hökumətə müxalif qüvvələri sıradan çıxartmaq və İŞID-ı darmadağın etməklə prezident Bəşər Əsədə əsaslı zəmin yaratmaq idi. Ki, hakimiyyət müqavimətini davam etdirib qələbələr qazansın. Amma Rusiyanın məqsədləri nəinki yerinə yetirilmədi, hökumət kifayət qədər maliyyə itkilərinə məruz qaldı: “Hətta canlı itkilər də vardı ki, onları ört-basdır etmək çətin idi. Bundan əlavə Rusiyanın Suriya əməliyyatı Türkiyəylə münasibətləri pozdu. Nəticədə ticarət əlaqələrinə zərbə dəydi ki,  ciddi maliyyə itkisi oldu. Yaxud Rusiyanın strateji layihəsi olan “türk axını” dayandıldı. Moskva-Ankara münasibətlərinin pisləşməsinin ardınca Türkiyənin müttəfiqləri olan Qazaxıstan, Azərbaycan və hətta Belarusun da Rusiyayla fikir ayrılıqları yarandı”.

İlqar Vəlizadə
İlqar Vəlizadə

O hesab edir ki, Rusiya hərbi hava qüvvələrinin Suriyanı bombalamasıyla bütün ərəb və müsəlman ölkələrini özünə qarşı qaldırdı. Vəziyyət o həddə çatdı ki, İran prezidenti Həsən Ruhani bəyan etdi ki, Rusiyayla bütün sahələrdə qarşılıqlı münasibətlər qurublar, amma bu, Moskvanın bütün addımlarıyla razılaşmaq demək deyil. Beləliklə, rus ordusunun Suriyada qalması münasibətlərin pisləşməsinə rəvac verirdi.

O, güman edir ki, ordunun çıxarılması qərarı çoxdan verilib: “Hətta Amerikayla atəşkəsdən əvvəl də ordunun çıxarılması barədə fikirlər vardı. Lakin bu fikirləri rəsmiləşdirmək üçün atəşkəsin elan olunması lazım idi”.

“Suriyadan çıxarılan rus ordusu hansı ölkəyə daxil olacaq” sualına gəldikdə, siyasi şərhçi bildirib ki, Rusiya indi qoşunlarını hansısa ölkəyə yönəltmək vəziyyətində deyil: “Çünki bu siyasət Rusiyaya mənfi münasibətdən başqa heç nə yaratmır. Həm Ukrayna, həm Suriya hadisələri göstərdi ki, Rusiya ordusunu hara yönəldirsə, problem çıxır. Bu isə ölkə üçün yaxşı heç nə vəd etmir. Ona görə Moskva Ukraynada atəşkəsin saxlanılmasına üstünlük verəcək”.

Ana səhifəXəbərlərSuriyadakı rus ordusu Azərbaycandan keçməklə vətənə dönəcək