Suriya və Azərbaycan: paralellər və fərqlər (I hissə)

İki fərqli dövlət – eyni tale?

Source:

Dövlət başçısının Avropa ilə münasibətlər mövzusunda son dərəcə kəskinliyi ilə fərqlənən bəyanatlarından və qohumların məlum “intina” məcburiyyətinə sövqündən sonra istər-istəməz bir sual yaranır: görəsən buna rəvac verən səbəblər nə idi? Doğrudanmı, Azərbaycan uçurumun kənarındadır, yoxsa sadəcə “balanslı siyasət” dövrü bitib? Bu suallara cavab tapmaq asan deyil…

Əlbəttə ki, bu tipli bəyanatlar və qərarlar çox ciddi səbəblərsiz verilmir. Ölkənin hansısa radikal dəyişikliklərin astanasında durduğunu az qala bütün cəmiyyət hiss etməkdədir. Burada məsələ nə sadəcə sırf daxili, nə də yalnız xarici siyasət mövzusunda deyil, daha çox hazırda dünyada gedən tarixi-siyasi proseslər kontekstindədir. İş orasındadır ki, son 5 illik zaman kəsiyi beynəlxalq hüquqi status-quo mövcudluğunun tamamilə itirilməsi ilə tarixə daxil oldu: “ərəb baharı” və “Ukrayna krizisi” faktiki II Dünya Müharibəsindən sonra mövcud olan nisbi sülh və razılaşmaları tar-mar etdi.

Bir aydan çox müddətdə Vətəndə olduğum dövrdə, insanlar arasındakı müzakirələrdə, çox zaman hansısa hipotetik dəyişikliklərin “Suriyanın gününə düşmək” kimi qorxunc sonucla bitəcəyi ehtimalları irəli sürülürdü. Görəsən nədən insanlar belə düşünür və buna hansısa əsaslar varmı?


Suriya – “balkanlaşma”?

Məlumdur ki, bu ölkədə baş verən cəhənnəmin – yəni vətəndaş müharibəsinin artıq 4-cü ilində ölkənin parçalanması haqda söhbətlər intensivləşib. Çünki əgər Suriyadakı konfliktin lap başlanğıcında istər prezident Əsəd tərəfdarları, istərsə də ona müxalif qüvvələr özlərinin çox tez baş verəcək qələbələrinə əmin idilərsə, indi, yəni dörd illik və hazırda da sonu görünməyən müharibə, milyonlarla qaçqın və yüz minlərlə məhv edilmiş insanlardan sonra ölkənin müxtəlif regionları fərqli qüvvələr tərəfindən nəzarətə götürülüb. Artıq bu konflikti diqqətlə izləyən böyük dövlətlərin diplomatları bu ölkə haqda danışarkən “balkanlaşma” ifadəsini işlədirlər – bu isə dünya praktikasında parçalanma deməkdir.

Maraqlıdır ki, bu ifadəni başqaları ilə birgə, bu günlərdə Rusiya perzidenti Putinin keçmiş məsləhətçisi Andrey İllarionov da işlədib. Bu sahədə kifayət qədər məlumatlı bu eks-məmur, “prezident Obamanın Suriya və İran əvəzinə Ukraynaya nəzarəti Putinə verdiyini” bəyan edib. Və əgər İranla dünya gücləri beynəlxalq sanksiyaların ləğv edilməsi müqabilində onun nüvə fəaliyyətini məhdudlaşdıran razılaşma əldə etdilərsə, görünür Suriyada məsələ başqa nəticə ilə, bəlkə də “balkanlaşma” ilə yekunlaşmalıdır.

Görəsən Suriyanın hazırkı müdhiş taleyinə nə kimi səbəblər vardı, tarixi inkişaf orada öncələr necə olubmuş və biz ən yeni tariximizi nədən onlarla müqaisə etməliyik? Təəssüf ki, ölkələr arasında paralellər, doğrudan da, kifayət qədər çoxdur və bu yazıda səthi də olsa, onları nəzərdən keçirməyə çalışacağıq.


Tarixi yollar

İlk öncə onu deməliyik ki, hər iki dövlət, Azərbaycan da, Suriya da dünya siyasi xəritəsində I Dünya Müharibəsinin nəticəsində peyda olub. Öz dövlətimizin tarixinə oxucularımızın bələd olmasına şübhə etməyərək, Suriyaya keçək – Osmanlı İmperiyasının 1918-ci ildəki süqutundan sonra, qalib dövlətlərdən olan Fransa hazırkı Suriya və Livan ərazilərinə mandat alaraq, idarəetməni asanlaşdırmaq üçün buranı 6 inzibati əraziyə bölür: Dəməşq dövləti, Hələb dövləti, Ələvi dövləti, Böyük Livan, İsmiyili dövləti və Aleksandretta sancağı (sonralar bura Hatay dövlətinə çevrilsə də, 1939-cu ildə Türkiyənin ərazisinə keçir). Sonralar Böyük Livan sadəcə Livana çevrilir, qalan ərazilər isə Suriyada birləşərək 1941-ci ildə rəsmən müstəqilliyini alır. Yeri gəlmişkən, bu ölkədə fransız dili lap son illərə kimi çox vacib yer tuturdu və suriyalıların pilot dili funksiyasını yerinə yetirirdi, eynən bizdə rus dili olan kimi.

Sonrakı illərdə keşməkeşli yollar keçən Suriyada 1963-cü ildə birləşmiş BAAS (Ərəb Sosialist Dirçəlişi Partiyası) partiyası, bundan yeddi il sonra, 1971-ci ildə ölkənin o zamankı müdafiə naziri, general Hafiz Əsəd hakimiyyətə gəlıir və 2000-ci ilə kimi ölkəyə rəhbərlik edir. Burada da paralellər yəqin ki, aydın görünür.

Daha bir paralel: Azərbaycan kimi Suriyanın da ərazilərinin bir hissəsi işğal edilib. Suriyanın cənub-qərbində yerləşən Qolan təpəlikləri, 1967-ci ildə bir neçə ərəb dövləti və İsrail arasında baş vermiş “Altıgünlük müharibə” zamanı İsrail tərəfindən işğal edilmişdir. Doğrudur, sonrakı, 1973-cü ilin “Məşhər müharibəsi” zamanı Suriya ordusunun hissələri həmin ərazinin bir hissəsini, sonra isə müqavilə ilə Əl-Qüneytrə şəhərini geri qaytara bildi, amma oradan irəli gedilmədi. 1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan etdikdən sonra, BMT-nın Təhlükəsizlik Şurasında Qolan təpəliklərinin işğalı ilə bağlı 17 dekabr 1981-ci il tarixli 497 saylı qətnaməsi qəbul edildi. Bu ilhaq həmçinin BMT Baş Assambleyası tərəfindən 2008-ci ildə bir daha qınandı və təbii ki, beynəlxalq ictiamiyyət tərəfindən tanınmır. Bu sahədə təəssüf ki, bizim də təcrübəmiz kifayət qədərdir, məlum olduğu kimi, bizim ərazilərin də işğalı haqda 4 qətmanə var və oxucuları bu paralellə usandırmağa dəyməz.


Ailə hakimiyyəti

General Hafiz Əsəd mənşəcə ələvi idi (onun hakimiyyəti isə dünyəvi idi) və bununla da ölkə əhalisinin çoxluğuna aid deyildi ki, bu halda kütləvi narazılıqlar baş verə bilərdi. Belə də oldu, 70-ci illərin sonunda ölkənin sünni regionlarında dini əsasda iğtişaşlar baş verdi və rəhbərlik bu üsyanı amansızlıqla yatırmalı oldu. 1979-cu ildə başlanmış və 1982-ci ilə kimi çəkən bu iğtişaşlar zamanı təxmini hesablamalara görə, 10 mindən 40 min nəfərə qədər insan qətlə yetirildi, Homs şəhəri viran qoyuldu. Amma istənilən halda hakimiyyət məqsədinə çatdı – ölkədə sabitlik bərpa edildi.

Görünür məhz belə bir təcrübənin mövcudluğu hakimiyyəti növbəti iğtişaşlar zamanı güc tətbiqinə meylli etdi.

Əsədin sağlığında varis kimi onun böyük oğlu Basil nəzərdə tutulurdu, lakin, o, 1994-cü ildə avtoqəzada həlak olduğundan, seçim o zaman Londonda təhsil alan Bəşərin üzərinə düşdü. Beləcə oftalmoloq və göz cərrahı olmaq yerinə Bəşər Əsəd, 1995-ci ildə Homs şəhərində hərbi akademiyaya daxil olur və sonra respublika qvardiyasına rəhbərlik edir, 1999-cu ildə polkovnik rütbəsini alır. 2000-ci ildə atası Hafiz Əsədin ölümündən sonra Suriyada prezident vəzifəsinin yaş həddi xüsusi olaraq onun üçün 34 yaşa endirilir ki, o, bu vəzifəyə yiyələnə bilsin. Beləcə, Bəşər Əsəd (faktiki varislik yolu ilə) ölkənin başçısına çevrilir.



Bəşər Əsəd haqda mahnı


“Ərəb baharı”

Azərbaycandakı mövcud hakimiyyət uzun müddət ərəb ölkələri modellərinə və xüsusən Misir və Suriyaya çox dərin diqqətlə yanaşıb, çünki buradakı dünyəvi rejimlərin təcrübəsi, idarəetmədə tətbiq etmək üçün bizim iqtidara yararlı ola bilərdi. Suriya ilə Azərbaycan arasında yuxarıda sadaladığımız bir çox paralellərin mövcudluğu bu ölkəni xüsusilə cəlbedici edirdi.

Lakin 2011-ci ildə başlanmış “ərəb baharı” bu marağa təbii ki, son qoydu. Bu ilin mart ayında “ərəb baharı”nın böyük dalğası Suriyaya da gəlib çatdı və ölkədə iğtişaşlar basladı, buna da səbəb bəlkə də demokratik və qərbyönümlü müxalif qüvvələrə qarşı dərhal və qəddarcasına qeyri-proporsional qüvvənin tətbiqi oldu. Bu qüvvələr etirazların lap ilk günlərində demək olar ki, tamamilə məhv edildi və onların yerini əsasən radikal islamçılar tutdu ki, onların da məqsədləri Əsədi çevirmək olsa da, idealları tam başqa idi.

Ancaq çoxunun gözlədiyi kimi başqa ərəb ölkələrindəki nəticə – ildırım sürətli hakimiyyət dəyişikliyi – burada baş vermədi, bunun da dərin geosiyasi səbəbləri vardı. Böyük güclər, xüsusilə Rusiya, İran və Çin bir çox səbəblərdən buna heç cür imkan verə bilməzdilər və Əsəd hakimiyyətinin mövcudluğunu saxlaması üçün bu dövlətlər tərəfindən mümkün ola bilən hər şey edildi. Bu səbəblərdən illərlə uzanmış bu böhran çox böyüdü, həqiqi vətəndaş müharibəsinə çevrildi və hazırkı nəticələrə gətirdi.

Amma hakimiyyətini qismən qoruya bilmiş Əsəd də bu illər ərzində məqsədlərinə nail ola bilmədi, “terrorçular, quldurlar və muzdlular dəstəsi” adlandırdığı və ona müxalif olan çox müxtəlif qüvvələr konqlameratını Suriya ordusunun köməyi ilə də məhv edə bilmədi. Beləcə, atası Hafiz Əsədin etdiklərini bu dəfə təkrar etmək mümkün olmadı, Əsədin özünə və ailəsinə (o cümlədən Britaniya vətəndaşı olan xanımı Asma Əsədə) Avropa ölkələrinə gediş yasaq edildi, onların Qərbdəki hesabları donduruldu. Hazırda Dəməşq və onun ətrafını çox çətinliklə nəzarətdə saxlayan Əsəd və onun tərəfdarlarının növbəti uğursuzluq zamanı artıq yeganə ümidi, ələvilərin məskulaşdığı Aralıq dənizinin şərq sahillərində yerləşən Lazkiyə vilayətinə çəkilməkdədir.

Beləliklə, hazırkı Suriyadakı mövcud vəziyyət çox mürəkkəb və kifayət qədər qarışıqdir.

Ana səhifəXəbərlərSuriya və Azərbaycan: paralellər və fərqlər (I hissə)