Suriya Respublikasının yaranması

Yazar: Yadigar Sadıqlı

Foto: Meydan Tv

1945-ci ilin mayında Suriyanı müstəqillik və fransızların ölkədən çıxması uğrunda kütləvi hərəkat bürüdü…

Osmanlı imperiyası Birinci Dünya müharibəsinə qoşulduqdan sonra Böyük Britaniyanın Yaxın Şərqdəki emissarları ərəb liderlərini türklərə qarşı üsyana təhrik etməyə başladılar. 1916-cı il iyunun 10-da Məkkə şərifi Hüseyn bin Əli üsyan qaldırdı. İngilislər ona müharibədən sonra yaradılacaq böyük ərəb dövlətinin hökmdarlığını vəd etmişdilər.

Bu üsyan osmanlıların onsuz da asan olmayan vəziyyətini lap ağırlaşdırdı. Ərəblər ingilislərdən maddi və silah-sursat dəstəyi alaraq, onlarla birlikdə və koordinasiyalı şəkildə hərəkət edərək türk qoşunlarının kommunikasiyalarını pozdular, bir sıra şəhərləri ələ keçirdilər. Müharibənin son günlərində, 1918-ci il oktyabrın 1-də Dəməşq üsyançıların əlinə keçdi.

Hüseyn bin Əlinin xəbəri yox idi ki, ingilislər onun arxasından Əbdüləziz ibn Səuda da vədlər verirlər, üstəlik hələ üsyandan əvvəl, 1916-cı il mayın 16-da fransızlarla müqavilə (Sayks-Piko razılaşması) imzalayaraq Yaxın Şərqi öz maraq dairələrinə bölmüşdülər. Sənədə əsasən müasir İordaniya və İraq ingilislərin, Suriya və Livan isə fransızların maraq dairəsi hesab olunurdu. Bu bölgü şərifə verilən vədlərlə tam ziddiyyət təşkil edirdi. Hələ Fələstində “yəhudi milli ocağının yaradılması”ndan bəhs edəb Balfur deklarasiyası adlı sənəd də vardı.

Feysəl 1920-ci ilin martında özünü Suriya kralı elan etdi. Amma aprel ayında beynəlxalq San-Remo konfransda Böyük Suriya üzərində mandat Fransaya verildi (bu mandat 3 il sonra Millətlər Cəmiyyəti tərəfindən təsdiq olundu). Fransız qoşunlarının komandanı Anri Quronun ultimatumundan sonra Feysəl təslim oldu, silahı yerə qoymayan hərbi nazir Yusuf əl-Əzma isə iyulun 24-də Maysalun döyüşündə məğlub edildi. Bununla da yaranmasından 3,5 ay sonra Suriya krallığına son qoyuldu. Əvəzində ingilislər növbəti ildə Feysəli İraq kralı etdilər.

Fransızlar mandat altına aldıqları ərazini altı hissəyə böldülər: Dəməşq dövləti, Hələb dövləti, Ələvilər dövləti, Druzlar dövləti, Livan dövləti və Hələbin muxtar hissəsi olan İskəndərun sancağı. 1922-ci ildə Dəməşq, Hələb və Ələvilər dövlətlərini Suriya muxtar dövlətlər federasiyası adlı qurumda birləşdirdilər. 1924-cü ilin sonlarında Ələvilər dövləti yenə ayrıldı, Dəməşq və Hələbdən ibarət olan Suriya federasiyası 1925-ci il yanvarın 1-dən Suriya dövləti adlanmağa başaldı.


Osmanlı imperiyası ucqarlarda yaşayan xalqlara müəyyən özünüidarə hüququ verirdi. Bu da eyni ərazidə yaşayan fərqli insanlara, məsələn Suriyanı götürsək, sünnülərə, ələvilərə, druzlara və müxtəlif məzhəbli xristianlara öz adət-ənənələrinə uyğun şəkildə yaşamaq imkanı verirdi. Fransızlar özünüidarəni ləğv etdilər, bütün idarəçiliyi öz əllərinə aldılar, bu da suriyalıların etirazına səbəb oldu.

Fransa mandatının ilk günlərindən Suriya vətənpərvərlərinin müqaviməti müşahidə olunur. Mütəmadi baş verən belə kiçik çıxışlardan biri də 1925-ci ilin yayında druzların lideri Sultan əl-Atraşın rəhbərliyi ilə baş verdi. İyulun 22-də baş verən və hər tərəfdən 150-160 nəfərin iştirak etdiyi silahlı toqquşma druzların qələbəsi ilə nəticələndi. Bu kiçik qələbə heç kəsin gözləmədiyi halda bütün ölkəni ayağa qaldırdı və Böyük Suriya üsyanı adını alacaq hərəkat başladı.

Üsyançılar vahid Suriya dövlətinin yaradılmasını və tanınmasını, Fransa ordusunun ölkədən çıxarılmasını və Suriya ordusunun yaradılmasını tələb edirdilər. Onlar hətta Böyük Fransa inqilabının “Azadlıq, bərabərlik və qardaşlıq” şüarını da mənimsəmişdilər. Druzlarla yanaşı, ələvilər, sünnülər, hətta xristianlar belə üsyanda iştirak edirdilər.

Üsyançılar və fransızlar arasında növbəti toqquşma avqustun 2-3-də Suriyanın cənubunda yerləşən əl-Məzraa şəhərciyi yaxınlığında baş verdi. Əl-Atraş 500 süvari ilə fransızların 3500 nəfərlik qrupunu darmadağın etdi. Bu qələbə üsyanın daha da alovlanmasına və Fransanın Druz dövləti üzərində nəzarəti itirməsinə səbəb oldu. Üsyançılar xeyli silah-sursat əldə etdilər.

Bir neçə belə məğlubiyyətdən sonra Fransa Suriyaya Mərakeş və Seneqaldan əlavə qüvvələr göndərdi. Fransa aviasiyası üsyan qaldıran yaşayış məntəqələrini amansızca bombaladı. Hər hansı bir ölkədən dəstəyi olmayan üsyançılar silah və sursat korluğu çəkirdilər. Nəticədə ilin sonuna qədər üsyan xeyli zəiflədi, amma 1927-ci ilə qədər davam etdi. Ölümə məhkum edilən əl-Atraş ölkədən qaçdı və yalnız 10 il sonra qayıtmaq icazəsi aldı.


1926-cı ildə Böyük Livan deyilən ərazi Fransa mandatı altında əlahiddə dövlət kimi konstitusiyası qəbul olundu və beləcə, Livan respublikasının əsası qoyuldu. 1930-cu ildə isə Suriya konstitusiyası qəbul olundu və Suriya respublikası elan edildi, amma bu hələ Fransa mandatının bitməsi demək deyildi.

Bir zaman Osmanlı imperiyasının Vaşinqtonda səfiri olmuş Məhəmməd Əli bəy əl-Abid 1932-ci ildə Suriyanın ilk prezidenti oldu. Fransızların əlində oyuncaq olan əl-Abidi 1936-cı il dekabrın 21-də millətçi Haşim əl-Ətasi əvəz etdi. Elə həmin il əl-Ətasinin iştirakı ilə daha əvvəl razılaşdırılan Fransa-Suriya müqaviləsi dekabrın 22-də imzalandı.

Müqaviləyə əsasən üç ildən gec olmayaraq Fransa mandatı ləğv edilir və Suriya müstəqil dövlət kimi Millətlər Cəmiyyətinə üzv olurdu. Druzlar və Ələvilər (1930-cu ildən Latakiya adlanırdı) dövləti, İskəndərun sancağı Suriyaya birləşə bilərdilər (Drzular və Ələvilər bundan dərhal istifadə etdilər). Ölkədəki Fransa qoşunlarının sayı azaldılmalı, Paris Suriyanın daxili işlərinə qarışmamalı idi. Müharibə olacağı təqdirdə Suriya Fransaya kömək etməli, öz hava məkanından istifadəyə icazə verməli idi.

Amma Fransa parlamenti müqaviləni ratifikasiya etmədi. Bir yandan müstəmləkəçilik vərdişləri, digər yandan da müstəqil Suriyanın nasist Almaniyasına meyl edə biləcəyi əndişəsi buna mane oldu. Üstəlik, Suriyaya vəd edilən İskəndərun sancağı 1939-cu ildə Hatay adı ilə Türkiyəyə birləşdirildi. Süriyanı etirazlar bürüdü, əl-Ətasi vəzifəsindən istefa verdi. Amma bununla bir şey dəyişmədi. Suriyalılar müstəqilliyi hələ bir neçə il gözləməli oldular.


Fransanın 1940-cı ildə Almaniyaya məğlub olmasından sonra Suriya marşal Petenin rəhbərlik etdiyi Vişi rejiminin nəzarətinə keçdi. Ölkəyə xeyli alman kəşfiyyatçısı gəldi və onlar buradan digər ərəb ölkələrinə təsir edərək Britaniya əleyhinə hərəkata təhrik edirdi. Məhz bunun sayəsinda 1941-ci ilin aprelində İraqda çevriliş baş verdi və Briyaniya əleyhdarı olan Rəşid Əli əl-Geylani baş nazir oldu. London buna cavab olaraq 2-31 may tarixlərində İraqda hərbi əməliyyat keçirdi və çevrilişdən əvvəlki status-kvonu bərpa etdi.

Almaniyanın Suriyada belə mövqelərə malik olması ingilisləri narahat edirdi. Buna görə də Çörçill “Döyüşən Fransa” təşkilatının rəhbəri Şarl de Qolla müraciət edərək Suriyada hərbi əməliyyatlara başlamağı və ölkəni nəzarətə almağı təklif etdi. De Qollun hərbi qüvvələrinin azlığını nəzərə alan ingilislər bunun üçün öz qoşunlarını da ayırdılar.

Kod adı “Eksportyor” olan Suriya-Livan əməliyyatı 1941-ci il iyunun 8-də başladı. Qüvvələr nisbəti təxminən bərabər idi. Fransanın 35 min, hücum edənlərin isə 34 min (bunun yalnız 5 mini qollçular idi) qoşunu vardı. Vişi qoşunarının şiddətli müqavimətinə baxmayaraq, ingilislər və qollçular qalib gəldilər, iyulun 11-də hərbi əməliyyatlar dayandırıldı. Bundan sonra Suriya “Döyüşən Fransa”nın nəzarətinə keçdi.

De Qollun təyinatı ilə Tacəddin əl-Həsəni 1941-ci il sentyabrın 16-da Suriyanın prezidenti kimi fəaliyyətə başladı. “Döyüşən Fransa”nın lideri sentyabrın 27-də Suriyanın müstəqilliyini tanıdı və Avropada hərbi əməliyyatlar bitəndən sonra ölkədəki Fransa qoşunlarını çıxarmağa söz verdi. Əl-Həsəninin 1943-cü ildə ölümündən sonra keçirilən prezident seçkilərində millətçi baxışlara malik Şükrü Qüvvətli qalib gəldi.

Amma 1944-cü ilin yayında Parisdə hakimiyyətə gələn “Azad Fransa” (“Döyüşən Fransa” 1942-ci ilin iyulundan belə adlanırdı) qoşunları çıxarmaqla bağlı vədini yerinə yetirməyə tələsmirdi. Üstəlik, Müvəqqəti hökumətin başçısı Şarl de Qoll Suriyada aviabaza, Livanda isə hərbi-dəniz bazası yaratmaq istəyir. Bu da hər iki ölkədə etirazlara və az qala ingilislərlə fransızlar arasında toqquşmaya səbəb olacaq Levant böhranına səbəb oldu.

1945-ci ilin mayında Suriyanı müstəqillik və fransızların ölkədən çıxması uğrunda kütləvi hərəkat bürüdü. Bu zaman bir neçə Fransa vətəndaşı öldürüldü. General Oliva-Roje orduya nümayişçilərə atəş açmaq əmri verdi. Dəməşq, Homa və Homsda ərəblərlə fransız hərbçilər arasında toqquşmalar baş verdi. Fransızlar Dəməşqi artilleriya və aviasiya atəşinə tutdular, prezidenti həbs etmək istədilər, amma o, gizlənə bildi.

Şükrü Qüvvətli Uinston Çörçillə müraciət edərək Britaniyanın müdaxiləsini istədi. Əvvəl tərəddüd keçirən Çörçill toqquşmalar zamanı mindən çox suriyalının öldüyü xəbərini aldıqda Transiordaniyadakı 9-cu Britaniya ordusunun komandanı Bernar Pegetə Suriyaya girmək əmri verdi və de Qolla “Britaniya və Fransa qoşunları arasında toqquşmaların baş verməməsi üçün Fransa qoşunlarına dərhal atəşi dayandırmağı və kazarmalara qayıtmağı əmr etməyinizi xahiş edirəm” xəbərini göndərdi. De Qoll cavab vermədi.

İyunun 1-də Pegetin ordusu Suriyaya daxil oldu. Suriyadakı Fransa qoşunları əslində müttəfiqlərin Yaxın Şərq komandanlığının tərkibində Pegetin tabeliyində idilər. Buna baxmayaraq, Oliva-Roje əvvəlcə Parisdən başqa kimsənin əmrini yerinə yetirməyəcəyini söylədi, amma britaniyalıların ciddi kökləndiyini və saylarının çox olduğunu görüb onların tələbini yerinə yetirdi və fransızlar kazarmalara çəkildilər. İndi ingilislər onları suriyalıların qəzəbindən qorumaq üçün mühafizə altına aldılar.

Baş verənlər Parisdə böyük hiddətə səbəb oldu. Amma Fransanın Britaniyaya qarşı nə isə etməyə qadir deyildi. De Qoll Parisdəki ingilis səfirinə “Etiraf edirəm ki, sizinlə döyüşmək gücündə deyilik. Amma siz Fransaya xəyanət etdiniz, Qərbə xəyanət etdiniz” söyləməklə kifayətləndi.

Artıq iyulun sonlarında Fransa qoşunlarının çoxu Suriyadan çıxdı. Oktyabrın 24-də beynəlxalq birlik Suriyanın müstəqilliyini tanıdı. 1946-cı il aprelin 17-də fransız hərbçilərin son hissələri ölkəni tərk etdi. Həmin gün Suriyanın milli bayramı – müstəqillik günü kimi qeyd olunur.

Ana səhifəMənim FikrimcəSuriya Respublikasının yaranması