Sürət Hüseynov: Əldə olunan uğurlar diplomatik müstəvidə möhkəmlənməli idi

“11 Oktyabr gecə saatlarında Gəncəmizə növbəti raketin atılması isə qarşı tərəfin artıq növbəti dəfə müharibə elanıdır!”.

Source: Foto: arxiv


Keçmiş Baş nazir bəyanat yayıb

“Azərbaycanın apardığı antiterror əməliyyatında əldə edilən uğurlar siyasi-diplomatik müstəvidə möhkəmləndirilməli idi. Bu işin yetərli aparıla bilməməsi və atəşkəsin imzalanması isə məndə böyük təəssüf və narahatlıq doğurur!”

Bu fikirlər Azərbaycanın 1993-1994-cü illərdə Baş naziri olmuş Sürət Hüseynovun 11 oktyabrda yaydığı bəyanatda yer alıb.

Bəyanatda qeyd olunub ki, 1992-ci ildə yarımçıq qalan işi başa çatdırmaq üçün tarix Azərbaycana şans verib:

“Azərbaycanımızın ərazi bütövlüyünü bərpa etmək üçün münbit şərait yaranıb. Azərbaycanın münaqişə ərazisindən uzaq şəhərlərində sivil əhalisinin nişangaha çevrilməsi bizə əsas verir ki, dünya birliyinə birbaşa müraciət edib, Ermənistanın bizə elan edilməmiş müharibəyə başlamasını bildirək. Bu vəziyyətdən doğan beynəlxalq hüquq və vəzifələri üstələnərək cavab vermək haqqımızdan istifadə etmək niyyətimizi bəyan edək. KTMT üzvü olan ölkələrə müraciət edərək, ya Ermənistanı terrorçu əməllərindən çəkindirmələrini, ya da əks halda bizim Ermənistanla rəsmən müharibəyə başladığımız andan bu işə müdaxilə etməmələrini tələb edək”.

Sürət Hüseynov Ermənistanın atəşkəs qanunlarına heç zaman riayət etmədiyini xatırladaraq əlavə edib ki, qarşı tərəfin həmişə atəşkəslərdən yeni hücum kampaniyasına başlamaq fürsəti kimi istifadə etdiyi izah edilməlidir:

“Vurğulanmalıdır ki, Qarabağdakı qondarma qurumun beynəlxalq informasiya müstəvisində heç bir ölkə ilə rəsmi silah alış müqaviləsi yoxdur! Oraya silahlar Ermənistandan daşınır və bu, Ermənistanın bizə elan olunmamış müharibəyə başlamasının sübutudur! Bizim çıxış yolumuz Ermənistanın təcavüzünə adekvat cavab verməkdir! Ermənistanın Abşeron, Xızı, Gəncə, Mingəçevir, Tərtər, Bərdə və Ağcabədidə dinc əhalini öz ərazisindən və işğalda saxladığı bölgələrdən raket yağışına tutması Azərbaycan ərazisinə təcavüz, xalqına qəsd və dinc əhaliyə qaşı terror kimi dəyərləndirilməlidir! Ölkə başçısı hər bir vətəndaşının həyat və sağlamlığının qarantıdır, vətəndaşlarına sahib çıxmağa borcludur! 11 Oktyabr gecə saatlarında Gəncəmizə növbəti raketin atılması isə qarşı tərəfin artıq növbəti dəfə müharibə elanıdır! Buna cavab verməmək ölkə və vətəndaşlarına qarşı cinayətdir!”

Surət Hüseynov 1993-cü ildə Baş nazirinin müavini (1993), Prezidentin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, Azərbaycan ordusunun korpus komandiri olub.

O, 1993-cü ilin 4 iyun tarixində Gəncədə hərbi qiyam edərək AXC hakimiyyətini devirməkdə ittiham olunur. Bundan sonra Surət Hüseynov Milli Məclisin sədri Heydər Əliyevin təqdimatı ilə Baş nazir təyin edilib.

1994-cü ilin 4 oktyabr hadisələrindən 10 gün sonra, oktyabrın 14-də Milli Məclis Surət Hüseynovun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib.

Ancaq o, ölkəni tərk edib.

Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.

2004-cü il martın 17-də İlham Əliyevin əfv sərəncamı ilə həbsdən azad olunub.

Ana səhifəSiyasətSürət Hüseynov: Əldə olunan uğurlar diplomatik müstəvidə möhkəmlənməli idi