“Elnur Şükürov dedi ki, Əvəz Zeynallı məktubun verilməsi məsələsində kömək etməyimi xahiş edir”
“Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və onun onunla birlikdə mühakimə olunan “Səda TV” adlı “Youtube” kanalının idarəedicisi Elnur Şükürovun məhkəməsində daha bir icra başçısı dindirilib. Bu dəfə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə dindirilib. İki həftə öncə isə Sabunçu rayonunun icra başçısı Adil Vəliyev Əvəz Zeynallının məhkəməsində ifadə vermişdi.
Əziz Əzizov 2006-cı ildən icra başçısı vəzifəsində çalışır. O, 12 il Cəlilabadın icra başçısı olub. 2018-ci ilin fevralında Bakının Yasamal rayonuna eyni vəzifəyə göndərilib. 2019-cu ilin noyabrından isə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısıdır.
Təqsirləndirilən şəxslərdən Elnur Şükürov da əslən Cəlilabad rayonundandır. İcra başçısı deyir ki, onu rayonda dəfn mərasimləri, tədbirlərdə çəkilişlər aparanda görüb, jurnalist kimi tanımışdı. Onun sözlərinə görə, Əvəz Zeynallını isə sosial şəbəkələrdən tanıyıb.
Əziz Əzizov deyir ki, 2022-ci ilin mayında Suraxanı rayonunda tədbirlərdən birində Elnur Şükürov ona yaxınlaşıb, Əvəz Zeynallının adından xahiş edib.
Həmin ərəfədə Bakı Şəhər İcra Hakimiyyəti Suraxanı rayonu, Hövsan qəsəbəsində sağlamlıq kompleksinin tikintisi üçün “Yaşıl mənzərə” şirkətinə 1.62 ha torpaq sahəsi ayırıb. Şirkət də əmlakı özəlləşdirmək üçün Əmlak Komitəsinə müraciət edib. Komitənin işçiləri əraziyə baxış keçirəndə məlum olub ki, sərəncamda göstərilən ərazinin bir hissəsi – təxminən 57 sot torpaq sahəsi və onun içində olan 168 kvadrat metrlik yarımçıq tikili Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır.
İcra başçısının dediyinə görə, Elnur Şükürov da bu məsələ ilə əlaqədar ona müraciət edib. Çünki Əmlak Məsələləri Dövlət Xidmətindən “Yaşıl mənzərə”nin sahibinə deyiblər ki, ərazinin özəlləşdirilməsi üçün mütləq Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin razılıq məktubu olmalıdır.
“Elnur Şükürov dedi ki, Əvəz Zeynallı məktubun verilməsi məsələsində kömək etməyimi xahiş edir. Əvvəl dedim ki, mən kömək eləyə bilmərəm. Bir neçə dəfə zəng elədi. Yenə də Əvəz Zeynallının adından, onun xahişini çatdırdı. Deyirdi ki, şirkətin rəhbəri onun qohumudur. Axırda zəng eləyəndə dedim ki, Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Mais Məmmədova yaxınlaşsın. Mais Məmmədova da zəng eləyib dedim ki, sənədlərə baxın, düzdürsə, qanunsuz heç nə yoxdursa, kömək eləyin. Sonra Mais Məmmədov mənə zəng eləyib dedi ki, qanunsuzluq yoxdur, razılıq məktubu vermək olar”, – icra başçısının ifadəsində dedikləridir.
Əziz Əzizov əlavə edib ki, istənilən məktub verilməsə, Əvəz Zeynallı və Elnur Şükürovun icra hakimiyyəti və rayondakı digər qurumlar haqqında efirdə əsassız ittihamlar, təhqiramiz fikirlər səsləndirəcəklərindən çəkinib. O iddia edir ki, əvvəllər də barələrində əsassız tənqidlər, hətta təhqirlər çox olmuşdu:
“Hamı bilir ki, efir, mikrofon bunların əlindədir. Nə istəyirlər, onu deyirlər…”.
Əvəz Zeynallı icra başçısının yalan danışdığını bildirib. Onun sözlərinə görə, yalan elə onu hardan tanımasından başlayır:
“Yalan deyir ki, məni guya sosial şəbəkələrdən tanıyıb. Məni tələbə vaxtından tanıyır, bu. Gəlib burada yalanlar danışırlar, məhkəmə də belə adamlara vəkillik edir. Əgər Elnur Şükürov mənim adamdan səndən xahiş edirsə, niyə zəng eləyib, mənim özümdən soruşmurdun?”.
Elnur Şükürov isə etiraf edir ki, icra başçısından razılıq məktubuyla bağlı xahişi olub, amma danışıqlarda Əvəz Zeynallının adı çəkilməyib. O vurğulayıb ki, Əziz Əzizovu xüsusən Cəlilabada rəhbərlik etdiyi dövrdə çox tənqid edirdi:
“Düzdür, onu o vaxtlar çox tənqid etmişəm. Demişəm ki, 12 il Cəlilabada zülm eləyib. Sonradan münasibətlərimiz normallaşmışdı”.
Əziz Əzizov isə Cəlilabadda əhaliyə zülm eləməsi haqda deyilənləri özünə təhqir sayır. Deyir ki, bu barədə deyilənlər doğru deyil:
“Cəlilabadın 220 mindən çox əhalisi var. Mən kimə zülm eləmişəm? Mən kimin malını talamışam?”.
Əvəz Zeynallı və Elnur Şükürova verilən ittihamlardan biri də vəzifəli şəxslərin qərarlarına qanunsuz təsir göstərməklə bağlıdır. Cinayət işində Sumqayıtda, Sabunçuda, Suraxanıda obyekt tikmək istəyən vətəndaşlar üçün icra hakimiyyətlərindəki məsul şəxslərin qərarlarına təsir göstərməkdən söhbət gedir. İddia olunur ki, bu işlərin görülməsi müqabilində həmin vətəndaşlardan pul alınıb.
Bu səbəbdən Elnur Şükürov icra başçısına belə bir sual verib:
“Bizim sizin fəaliyyətinizə, qərarınıza təsir etmək imkanımız var idi?”
“Siz dövlət orqanısınız ki, mənim mənim fəaliyyətimə təsir edəsiniz?!”, – Əziz Əzizov cavab verib.
Əvəz Zeynallı və Elnur Şükürovun məhkəməsi oktyabrın 6-da davam edəcək.
Məhkəmə prosesi sentyabrın 22-də davam edəcək.
Adları çəkilən şəxslər 2022-ci ilin sentyabrından həbsdədir. Onlar külli miqdarda rüşvət alma, dələduzluq, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə kimi əməllərdə ittiham olunurlar. Lakin heç biri özünü təqsirli bilmir.
Əvəz Zeynallı siyasi sifarişlə, onu susdurmaq üçün şərlənib həbs olunduğunu bildirir. Elnur Şükürov isə Əvəz Zeynallının əleyhinə tələb olunan ifadəni vermədiyinə görə həbs edildiyini deyir.