Şura Əmiraslanova: Cənab hakim, siz də atasız…

”Orada balaca qara kişi vardı, ona şillə vurdum ki, oğluma niyə şər atırsan”

Source:
Qiyas Ibrahim foto Meydan TV
Qiyas Ibrahim foto Meydan TV


”Orada balaca qara kişi vardı, ona şillə vurdum ki, oğluma niyə şər atırsan”

Oktyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində ‘NİDA”-çı Qiyas İbrahimovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən iclasda Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Sehran Əkbərov ifadə verib. O, idarəyə Qiyas İbrahimov adlı şəxsin narkotik vasitə istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu deyib. Onlar Mərdanov qardaşları ünvanında Qiyas İbrahimova yaxınlaşaraq onlarla idarəyə getməsini istəyiblər: “İdarədə üzərinə baxış keçirildi. Üzərindən bükülü aşkarlandı, dedi, narkotik vasitədir. Daha sonra yaşadığı evə getdik, hal şahidlərinin də iştirakı ilə baxış keçirildi. Çarpayının döşəyinin altında sellofan bükülü aşkar edilərək götürüldü”.

Vəkil Elçin Sadıqov isə şahiddən Qiyas İbrahimova hüquq və vəzifələrinin izah olunub-olmamasını soruşub. Şahid olunduğunu deyib. Vəkilin “Şübhəli şəxsin hansı hüquqları var” sualına isə şahid cavab verib ki, bunu izah edə bilməz.

Vəkilin növbəti sualına cavab olaraq şahid bildirib ki, yaşayış yerinə əməliyyatçılar, vəkil, polislər və hal şahidləri olmaqla cəmi 15 nəfər gedib, lakin onların yalnız bəziləri evin içinə keçib. Vəkil Elçin Sadıqov soruşub: “Hamı içəri keçməyibsə, bəs içəri girməyənlər niyə imzalayıb baxış protokolunu?”

Sədrlik edən hakim Ənvər Seyidov sualın şahidə aid olmadığını bilDirib və sualı çıxarıb.

İclasda çıxış edən Qiyas İbrahimov isə deyib ki, evlərinə daxil olanda sol tərəfdə dayanan həmin şəxs olub: “Mən çalışırdım anama yaxınlaşıb onu sakitləşdirəm, bu qoymadı. Dedi sakit ol, iş axtarma başına. Dedilər, oyan-bu yan etsən, tapança da atarıq”.

Daha sonra Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı İmran Əliyev iclasda ifadə verib. O da Qiyas İbrahimovun üzərindən narkotik vasitə aşkar etdiklərini deyib: “Evində çarpayının döşəyinin altından isə sellofana bükülü aşkar edildi “.

Qiyas İbrahim (illüstrasiya)
Qiyas İbrahim (illüstrasiya)

Dövlət ittihamçısının sualına cavab olaraq şahid, Qiyas İbrahimova hər hansı fiziki və psixoloji zor tətbiq etmədiklərini deyib.

Vəkil Elçin Sadıqov şahiddən Qiyası hansı əlamətlərə görə tanıdıqlarını soruşub. Şahid cavab verib ki, “Saqqallı, arıq olması deyilib”. Vəkil bildirib: “Bəyəm hər saqqallı, arıq olanı tutacaqdınız?” Buna şahid “Yox. Onun əlamətləri barədə məlumat daxil olub. Məsələn, sizinlə bağlı məlumat daxil ola bilərdi ki, qəhvəyi şalvardadır, toppuşdur”.

Şahidin bu cavabı zalda gülüş doğurub. Sədrlik edən hakim şahidin dediyinə gülərək deyib: “Vəkil toppuşdur, bəs siz özünüzü necə təsvir edərdiniz?”

Şahid cavab verib ki, “Arıq, sarışın”.

Vəkil şahiddən əməliyyatda iştirak edən Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşının adını soruşub. Şahid isə bilmədiyini deyib.

Daha sonra Qiyas İbrahimovun anası Şura Əmiraslanova ifadə verib: “Axşam saat 7 olardı, 8-ə işləmişdi, evə bir az tez gəlmişdim, naxoş idim. Qiyasa yemək hazırlayırdım, bu zaman qapıdan kimsə içəri girdi, bizdə yataqxanadır, ona görə qapısı açıq olur. Soruşdular: “Qiyasın anası sizsiniz?” Dedim, hə. 15 nəfər soxuldu içəri. Dedilər, oğlun narkotik vasitə istifadə edir. Divara söykəndim, amma dura bilmədim, yıxıldım. Qiyas dedi: “Qorxma, siyasi baxışıma görədir”. Dedim, mən oğlumu dərsə 1 manatla yola salıram. Orada balaca qara kişi vardı, ona şillə vurdum ki, oğluma niyə şər atırsan. Sonra çarpayıya yaxınlaşdılar, qırmızı rəngdə kitaba oxşar bükülü çıxartdılar, dedim, o nədir, siz qoymusunuz. Mən indicə o çarpayıda yatmışam. Dedilər, yox, oğlun qoyub. Götürüb getdilər. Gedəndən sonra gördüm çarpayının üstünə nəsə tökülüb, baxdım gördüm tozdur. Mənim oğlum bir ayaqqabı və bir köynəklə gedir dərsə. Onun narkotikə heç bir aidiyyatı yoxdur. Saf uşaqdır. Ana uşağıdır. Heydər Əliyevin postamentinə şüar yazdığı üçün tutublar onu. Hörmətli hakim, siz atasınız, bir ana kimi mənim harayımı eşidin”.

Dövlət ittihamçısının suallarına cavab olaraq Şura Əmiraslanova bildirib ki, Daxili İşlər Nazirliyinə teleqram vurub, lakin teleqrama 20 gün sonra cavab verilib. O, heç bir dövlət orqanında üzlərinə baxılmadığını bildirib.


Məhkəmə proseis oktyabrın 11-də davam edəcək.

Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin Milli Bankın önündə yerləşən parkdakı abidəsinin ətrafına “Qul bayramınız mübarək” şüarı yazılandan sonra saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunurlar.

Hər iki gənc onlara Bakı şəhər Baş Polis İdarəsində və Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində işgəncə verildiyini bildiriblər və ittihamları qəbul etmirlər.

Ana səhifəXəbərlərŞura Əmiraslanova: Cənab hakim, siz də atasız…