Süpürgə toxucusu: Qiyməti zəhmətinə dəymir

”Bir işi yaxşıdır ki, ziyan etmirsən”

Source:


”Bir işi yaxşıdır ki, ziyan etmirsən”


“Saatlı bazarında günə 3000-dən çox süpürgə satılır. Yeni texnologiyalar çıxıb, tozu da sovurur, nə olsun, əvvəlin insanları üçün süpürgəni heç nə əvəzləyə bilməz”.

28 yaşlı Saatlı sakini Natiq Səmədov belə deyir. İki övlad atası olan Natiqin sənəti süpürgə bağlamaqdır. Deyir, bu işi görən ən yaxşı sənətçilərdən sayılır. O, süpürgə bağlayır, sonra onu toxuyur. Qiymətinin zəhmətinə dəymədiyini deyir. Ancaq heç işləməməkdən yaxşı olduğunu düşünür. Süpürgə hazırlayır, satır, bununla ailəsini dolandırır.



Boz-qırmızı süpürgə

“Süpürgə işi əziyyətlidir, asan başa gəlmir. Şərt təkcə, bağlamaq deyil. Əkilməsindən, suvarılmasından, dərmanlanmasından biçininə qədər, hamısı zülmlüdür. Apreldə toxumunu səpir, avqustda biçirik. Bu vaxt ərzində lazımi qədər su verilməlidir. Yoxsa, süpürgənin rəngi boz olar. Əslində isə qırmızıya çalması lazımdır”.

Bir hektar əraziyə 10-15 kilo süpürgə toxumu səpilir. Biçinə qədər hər hektara 4-5 torba “slither” vurulur. Avqustda biçilir və həyətə gətirilir. Sonra qonşu xanımlar toplanıb süpürgə toxumlarını ayırırlar. Qalanlarını isə dəstələyib yığırlar.

Sərfəli bitkidir, toxumunu əkir, otunu heyvana veririk

Natiq Səmədov deyir ki, ilindən asılıdır. Elə olur, bazarda birini 1,5 manata, elə də olur ki, 1,7 manata satırlar. Ona görə heç biri böyük rəqəm deyil, sadəcə yoxdan yaxşıdır:

“İlboyu süpürgə bağlayıb bazara veririk. Yaxşı gedir, alınır, amma qiyməti çox ucuzdur. Toxumunu da sata bilirik, kilosunu 40-60 qəpikdən. Həmin o toxumu yemə qatıb heyvana da verə bilirik. Otlarını da heyvan yeyir. Sərfəli bitkidir, pis deyil. Heç nəyi çıxara getmir”.

1 hektardan 1500-1700 manat gəlir əldə etmək mümkündür

Natiq Səmədov deyir ki, 1 hektar yerdə əkilmiş bitkidən təxminən 2000 dənə süpürgə çıxır. Onun da qiyməti 3000-3400 manat edir:

“Elə zəhməti, suvarılması, dərmanı, biçilməsi deyərkən, gəlirin yarısı özümüzə güclə qalır. Bəli, 1 hektardan 1500-1700 manat gəlir əldə etmək mümkündür. Biz 2-3 hektardan çox əkmirik, çox əkmək mümkün deyil. Sonra o qədər süpürgəni bağlamaq, toxumaq var e. İnanın əlacı olan, belə zülmə qatlanmaz. Neyləyək, bizdə də belə gətirib, çətindir, birtəhər dolanırıq”.

İşləyənimiz az olduğu üçün kiçik ərazilərlə kifayətlənirik

Kənddə elə ailələr var ki, onların torpaqları daha çoxdur. Və onlar daha böyük ərazilərdə əkin-biçin edirlər. Natiq Səmədov təkcə öz əkdikləri süpürgələri deyil, kənardan gətirilənləri də bağlayıb, toxuyur. Deyir, kənddə süpürgə əkməyi daha çox türklər dəb salıb. İş o yerə gətirib ki, o da bağlamağı, toxumağı öyrənməli olub:

“Pis sənət deyil. Birini 2-2,5 manatdan satsan, yaxşıdır. Biz bir süpürgəni 1,5 manata deyirik, ağız büzürlər. Bir baxın, görün nə qədər əziyyətli işdir. Ona görə də ailə üzvləri çox və bacarıqlı olanlar 1-2 hektarla kifayətlənmirlər. Böyük ərazilərdə əkib-biçirlər. Biz də nə edək, işləyənimiz az olduğu üçün kiçik ərazilərlə kifayətlənirik”.

Süpürgədə zəiflik olmur, ziyan etmirsən

Nə qədər çətin, əziyyətli olsa da, Natiq Səmədov kənddə, rayonda işsizlərə baxanda, gördüyü işin pis olmadığını düşünür:

“Məsələn, elə onun tozu nəyə desəniz dəyər. O qədər də pis tozu olur ki… O tozun udulması qədər ziyanlı şey yoxdur. Amma bir şeyi yaxşıdır ki, süpürgədə zəiflik olmur. Ziyan etmirsən. Baxın, bu il çox su verə bilmədik. Görürsüz, rəngi bir az bozdur. Ancaq itki yoxdur. Keçən il əkdiyimiz əla idi, qıpqırmızı”.

Ana səhifəBölgəSüpürgə toxucusu: Qiyməti zəhmətinə dəymir